Azərbaycanın sığorta şirkətləri kiçik mühərrikli avtomobillərin sığortalanmasından imtina etməyə çalışırlar.
FED.az xəbər verir ki, son aylar bazarda ayrı-ayrı sığorta şirkətləri tərəfindən tətbiq edilən qaydalar bunu deməyə əsas verir.
Eləcə də bax: “AzSığorta” şirkəti geriləməkdə davam edir - YIĞIMLAR AZALIR
Artıq sığorta şirkətləri mühərrikinin həcmi 2 litrdən aşağı olan avtomobillərə görə sığorta agentlərinə komissiya haqqı verməkdən imtina edirlər. Bəzi şirkətlər hətta 2,5 litrdən aşağı mühərriklərə də komissiya ödəmirlər.
Qeyd edək ki, adətən agent komissiüasının həcmi sığorta haqqının 15%-i ətrafında olur.
Sığorta bazarından FED.az-a bildirilib ki, «Günay sığorta» şirkəti Bakı şəhərində ümumiyyətlə, 2,5 litrə qədər avtomobilləri sığorta etmək istəmir. Bununla yanaşı, şirkət rayon qeydiyyatında olan avtomobillərin sığortasına problem yaratmır.
Bazarın liderlərindən biri olan «Paşa Sığorta»da bu qayda (2 litrə qədər) artıq bir neçə aydır tətbiq edilir. Hətta şirkət sığorta agentlərinə mühərriki 2 litrdən aşağı olan avtomobillər üzrə müqavilə gətirəcəkləri təqdirdə onlarla əməkdaşlığı dayandıracağını elan edib.
Bir qədər əvvəl bazarda yüksək komissiya haqları ilə fərqlənən «Xalq sığorta» da 2 litrə qədər avtomobillərin sığortasında komissiya ödənilməyəcəyini elan edib.
«Atəşgah» sığorta isə belə avtomobillərə görə cəmi 5% agent komissiyası ödəyir.
Şirkətlər bu qərarlarını sığorta bazarında zərərliyin artması ilə izah edirlər. Qəzaların sayının çoxalması, hadisələrin artması və ehtiyat hissələrinin bahalaşması nəticəsində icbari sığorta növü şirkətlər üçün əsl baş ağrısına çevrilib.
FED.az-ın tərtib etdiyi renkinqdən də məlum olur ki, bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortasında zərərlilik 70% ətrafındadır. Bakıda isə bu göstərici 120-130%-i keçir. Başqa sözlə, paytaxtdakı avomobillərə edidən ödənişlər, toplanan sığorta haqlarını üstələyir.
Bu vəziyyət agentlər üçün də ciddi çətinliyə səbəb olub. Hazırda, xüsusilə Bakıda avtomobil bazarının 60-70%-i mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillər olduğuna görə, tətbiq edilən məhdudiyyətlər onların fəaliyyətini məhdudlaşdırıb və gəlirlərini kəskin azaldıb.