Azərbaycanın sığorta bazarı maraqlı yenilklər ərəfəsindədir. İqtisadi situasiyanın dəyişməsi və rəqabətin güclənməsi fonunda müştəri uğrunda mübarizə aparan sığorta şirkətləri həm də xərclərini azaltmağa çalışırlar. FED.az xəbər verir ki, vəziyyət, indiyədək az qala müqəddəs sayılan şirkət-agent münasibətlərinə də yenidən baxmaq həddinədək çatıb. Bazarın əsas iştirakçılarından olan «Azsığorta» şirkəti deyəsən, vəziyyətdən çıxış yolunu tapıb. Şirkət ilk baxışdan riskli görünə bilən addımlarla bazardakı ənənəvi münasibtlərə son qoymaq, hər halda öz fəaliyyətində bunları tətbiq etmək niyətindədir. «Azsığorta»nın hazırkı durumu, agentlərlə münasibətləri və 2018-ci ilə olan planları ilə bağlı FED.az-ın suallarına şirkətin iİdarə Heyətinin sədri Anar Talıbov cavab verir.
- Anar müəllim, 2018-ci ildə «Azsığorta» öz fəaliyyətində hansı yeniliklər etmək niyyətindədir?
- Bu il üçün əsas planlarımız rəqəmsallaşma üzərində qurulub. Eləcə də daxili optimizasiya işləri aparacağıq, biznes proseslərimizi təkmilləşdirəcəyik və əsas fokusu müştəri məmnuniyyətinə yönəldəcəyik.
- Bəs satış siyasətinizdə dəyişiklik edəcəksinizmi? Mən sığorta agentləri ilə münasibətləri nəzərdə tuturam.
- Bəli, satış siyasətimizi də dəyişmişik. Artıq bazarda mövcud olan sığorta satışlarında agentlər vasitəsilə endirimlər-filan, biz bunlardan çəkilmişik. Yəni birbaşa müştəri ilə işləməyə üstünlük veririk. Onlayn satışlarımızın genişləndirilməsi üzərində işləyirik. Çalışırıq ki, müştəri ilə birbaşa təmas quraq, müştəri bizi rahat tapa bilsin. Bizimlə əlaqə saxlaya bilsin. Yəni agentlərlə deyil, birbaşa bizimlə əlaqə saxlaya bilsin.
- Agentlərdən imtina edirsiniz?
- Xeyr, bu o demək deyil ki, biz agentlərdən tam imtina etmişik. Biz agentlərlə, yəni vasitəçilərlə də işləyirik. Sadəcə bizim fokusumuz müştəri ilə birbaşa işləməkdir.
- Onda belə çıxır ki, agentlərin sayını azaldacaqsınız
- Bəli, artıq azaltmışıq.
- Nə qədər?
- Çox azaltmışıq, dəqiq rəqəm deyə bilmərəm, amma sayı böyükdür. Bilirsiniz necə azaltmışıq? Heç kimi işdən çıxarmamışıq, heç kimə demədik ki, «çıxın gedin». Sadəcə siyasətimizi dəyişdik. Əvvəlkindən fərqli olaraq agentlə agent kimi işləyirik. Yəni o bizim işçimizdirsə, əmək haqqı alır, yəni məvaciblə işləyir. Yox, əgər o agent kimi işləmək istəyirsə, onda sığorta vasitəçisi lisenziyası alıb yaxınlaşır, onunla müqavilə bağlayırıq və qanunvericilikdə nəzərdə tutulan komissiya haqqını ödəməklə işləyirik.
- Yəni əlavə komissiya ödənilməsi məsələsi bitdi?
- Bəli, heç nə, əlavə heç nə ödənilməyəcək. Elə ona görə də agentlərin bir hissəsi bizi tərk elədi və üz tutdular, daha çox komissiya və əlavə ödəniş edən şirkətlərə. Amma biz bunları gözləyirdik, nəzərə almışıq. Hazırda ümumiyyətlə sığorta bazarına da nəzər yetirsək, eləcə də digər sığortaçılarla görüşlərimiz də göstərir ki, bu məsələ (agentlərə artıq vəsait ödənilməsindən imtina – FED.az) artıq aktuallaşıb. Çünki bu vəziyyət artıq sığorta şirkətlərini ziyana aparmış olur. Sığorta şirkətləri də bunu dərk ediblər və bizimlə birlikdə artıq bir çox şirkətlər də bu formatda işləyirlər. Onların arasında «Paşa Sığorta»nın, «Azərbaycan Sənaye Sığorta»nın və digərlərinin adını çəkmək olar.
- Belə aydın olur ki, belə addıma müttəfiqsiz getmək olmazdı. Çünki sizi tərk edən agent digər şirkətlərə üz tutacaqdı.
- Demək olmaz ki, biz bunu razılaşdırıb etmişik, xeyr, elə olmayıb. Sadəcə öz maliyyə durumunu hesablaya bilən şirkətlər bizim kimi siyasəti dəyişiblər. Söhbət təkcə maliyyə durumundan deyil, sığortanın gələcəyindən gedir. Çünki artıq kommisiya ödəməklə istehlakçılara, yəni müştərilərə ödənilən ödənişlərdə kəsirlər olur, yəni artıq komissiya ödəyəndə müştərilərin pulundan kəsməlisən. Yəni öhdəlikləri yerinə yetirməkdə problem yaranır və bunlar hamısı cəm şəklində bazarın korlanmasına və sığorta şirkətlərinin, ümumiyyətlə sığortanın nüfuzunun düşməsinə və digər hallara gətirib çıxarır.
- Bəs agentlərlə əlaqəni azaldanda sizin şirkətin öz infrastrukturu imkan verəcəkmi müştərilərə özünüz çıxasınız? Çünki elə agentlər vardı ki, hətta ucqar nöqtələrdə də sizin məhsulları sata bilirdi. Əməkdaşlığı dayandırandan sonra siz, məsələn, həmin yerdə bu işi necə quracaqsınız?
- Bilirsiniz, ola blər ki, bu gün həmin yerə bizim əlimiz çatmayacaq, amma biz çalışırıq. Bundan başqa, inkişaf hər yerdə, hər sahədə gedir, ölkəmiz də inkişaf edir. Artıq internet hər yerə çatır, hər yerdə var. Və bizim də məqsədimiz odur ki, müştərilər sığortanı artıq onlayn alsınlar.
- Bəs brokerlərlə əməkdaşlıq davam edirmi? Yoxsa əməkdaşlığı dayandıranlar da var?
- Sözsüz ki, onlarla da əməkdaşlıq azalıb. Onların bizə ötürdüyü bizneslərin özü azalıb. Çünki hələ hamı bu formatda işləmir. Agertlər kimdən daha çox pul qazana bilirlərsə, onunla əməkdaşlıq edirlər. Çünki məhsul da qiymət də eynidir, söhbət icbari sığortanın satışından gedir. Çünki bu saat bazarın əsas lokomotivi avtomobillərin icbari sığortasıdır. Ona görə də əvvəlcədən də proqnozlaşdırdığımız kimi, yığımlarda müəyyən azalmalar var. Amma biz hesab edirik ki, bir sıra şirkətlər də bu yola keçəcəklər. Və bu yola keçəndə agentlər də məcbur olub, qəbul edilmiş qaydalarla işləyəcəklər.
- Sizin bütün bunları etməkdə məqsədiniz nədir? Təkcə komissiyada qənaət etmək?
- Bilirsiniz məqsədimiz nədir? Açıq desək, bu gün bazarda şərtləri agentlər diqtə edir, artıq bundan qurtarmaq lazımdır. Yəni bu bazarda şərtləri sığorta şirkətləri diqtə etməlidir. Çünki öhdəlik daşıyan, bazarda müştərilərlə üzbəüz qalan bizik, sığorta şirkətləridir.
- Hazırda «Azsığorta»da portfelinizin bölgüsü necədir? İcbari və kasko növlərini müqayisə etsək ciddi dəyişiklik varmı?
- Ümumiyyətlə, kasko portfeli bazar üzrə böyük deyil. Xüsusilə avtomobil kreditləri dayanandan sonra kasko sığortalar kəskin azaldı. Biz bu istiqamətdə də işləyirik. Çalışırıq bazara yeni məhsullar çıxaraq. Yəqin bilirsiniz «Zaman broker» şirkətinin də yeni məhsulu var («Kasko butik» - FED.az), biz də orada iştirak edirik. Orada həmin məhsulun iş prinsipinə görə, sığorta müqaviləsinin arxasında 1 deyil, 6 sığorta şirkəti dayanır. Onlardan biri də bizik. Bundan başqa, biz özümüz də 2018-ci il üçün könüllü növlər üzrə yeni məhsullar hazırlayırıq.
- Bu məhsullar hansı növlərə aid olacaq?
- Bunlar əsasən əmlak və avtomobil sığortası ilə bağlıdır. Çünki biz bu məhsulları əhali üçün hazırlayırıq, əhali üçün isə ən aktual olan sığorta növləri bunlardır.
- Yəni siz artıq əhali sektoruna daha çox diqqət yetirəcəksiniz, nəinki korporativ sektora, eləmi?
- Ümumiyyətlə, məqsədimiz əhali ili işləməkdir. Çünki sığortanın məqsədi də sosial yönümlülükdür. Yəni biz təminat verməliyik, vətəndaşlar isə təminatlı və arxayın olmalıdırlar. Vətəndaşlar hər bir halda dövlətdən yardım istəməli deyillər, artıq vətəndaşların şüurunda da dəyişiklik olmalıdır ki, artıq belə alətlər varsa, onlardan istifadə edib özüm özümü qorumalıyam.
- Vətəndaşlar, yəni fərdi şəxslər üçün, tibbi sığortaya başlamaq niyyətiniz varmı?
- Siz bilirsiniz ki, dövlətimiz tərəfindən icbari tibbi sığorta agentliyi yaradılıb və onlar artıq iki pilot layihəni uğurla həyata keçirirlər. O baxımdan çox güman ki, biz layihənin tamamlanmasından sonra vəziyyətə baxacağıq. Baxacağıq ki, biz bura hansı tərəfdən kömək edə bilərik.
- Yəni demək istəyirsiniz ki, baxacaqsınız ki, icbari tibbi sığortanın əhatə etmədiyi hansı xidmətlər qalır?
- Söhbət onların təminatından gedir, bəlkə icbari tibbi sığortanın tətbiqindən sonra əhalinin heç könüllü tibbi sığortaya ehtiyacı qalmayacaq. Və ya, ola bilər ki, vəziyyəti qiymətləndirərək, tibbi sığortada öz indiki xidmətlərimizdən daha keyfiyyətli xidmətlər təklif edək. O baxımdan bütün bunların aydınlaşması üçün hələ gözləyirik.
Sığorta şirkətinin rəhbəri: «Agentlərə artıq pul ödəmək fikrimiz yoxdur» – MÜSAHİBƏ
08:46
16 Yan 2018