Gözlənildiyi kimi, 2019-cu ildə Azərbaycanın həyat sığortası bazarında ciddi geriləmə baş verdi. FED.az hələ bir il əvvəl ölkə qanunvericiliyindəki dəyişiklikləri əsas gətirərək həyat sığortasının bəzi məhsullarına marağın azalacağını bildirmişdi.
Nəticədə bazardakı bütün həyat sığortası şirkətlərinin yığımlarında həyatın yaşam sığortası növü üzrə 87,8 milyon manatlıq geriləmə qeydə alınıb. Azalmanın ən çox müşahidə edildiyi şirkət - bazarın aparıcı oyunçularından olan “Atəşgah Həyat”dır.
Şirkətin Sədr müavini Orxan Şirinli həyatın yaşam sığortası sahəsirndə yaranan vəziyyət, onun təsirləri və problemi həll etmək üçün atılan addımlar barədə FED.az-ın suallarını cavablandırıb.
- Orxan müəllim, 2019-cu ildə «Atəşgah Həyat»ın yığımlarında 35% azalma baş verib. Zəhmət olmasa əvvəlcə bunun səbəbini açıqlayardınız, azalma nə ilə bağlıdır?
- Sığorta haqlarında azalma 2019-cu ildən vergi qanunvericiliyində baş verən dəyişikliklə bağlıdır. İlk öncə vergi dərəcələrində bir dəyişiklik oldu. Belə ki, qeyri-neft sektorunda vergi dərəcələri azaldıldı, xüsusilə aylıq gəliri 8 000 AZN qədər olanlarda. İkinci məqam odur ki, 2019-cu ilə qədər sığortalı aylıq gəlirin istədiyi hissəni həyatın yığım sığortasına yönləndirə bilərdisə, hazırda bu 50% ilə məhdudlaşdırılıb. Yuxarıda sadaladığımız bu iki vacib faktor bu sığorta növü üzrə sığorta bazarında ciddi azalmalara gətirib çıxartdı. Belə ki, sığorta bazarı üzrə həyatın yaşam sığortasında azalma 2018-ci il ilə müqayisədə 35% civarında olmuşdur.
- Qanunvericilikdəki dəyişikliklərdən və bu sığortanın gəlirliyi azalandan sonra həyatın yaşam sığortasına maraq göstərənlər varmı?
- 2019-cu ilin ilk rübünə nəzər saldıqda bazar üzrə azalma faizi 2018-ci il ilə müqayisədə 42% həddində idi. Bu əsasən ilkin mərhələdə sığortalılarda olan məlumatsızlıqdan irəli gəlirdi. Amma tədricən məlumatlandırma tədbirlərinin sayı çoxaldıqca və maliyyə bazarında həyat sığortasının hələ də gəlirli bir investisiya aləti olduğuna görə, sonrakı dövrlərdə vəziyyət düzəldi və ilin yekununda yuxarıda da qeyd olunduğu kimi azalma fərqi (2018-ci il ilə müqayisədə) 35%-ə endi
- Yığımların kəskin azalması «Atəşgah Həyat»ın mənfəətinə necə təsir edib?
- Yuxarıda qeyd etdiyim kimi, azalma birbaşa olaraq “Həyatın Yaşam Sığortasında” olduğu üçün mənfəətə təsiri nəzərə çarpacaq şəkildə deyil. Çünki, bu sığorta növündə sığorta şirkətləri üçün marja minimum həddindədir. Amma əksinə, məsələn “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta üzrə bazarda sığorta haqlarında artım 36% civarında oldu. Bu artımda “Atəşgah Həyat” SŞ-nin də payı oldu. Bu isə əksinə şirkətin mənfəətinə müsbət təsir göstərdi.
- Şirkətdə hər hansı optimallaşdırma işləri həyata keçirilibmi?
- Təbii ki, proseslərin avtomatlaşdırılması daimi şəkildə aparılır. Son dövrlərdə sənədlərin dövriyyəsinin tam avtomatlaşdırılması, icbari növlər üzrə yeni dəyişikliyə uyğun olaraq İT sistemlərin sazlanması imkan verir ki, daha az xərclə daha keyfiyyətli xidmət göstərək. Müştərilərə daha tez və çevik xidmət göstərmək üçün şirkət daxilində daima yeniliklər müzakirə edilir və bu yenə də İT platformasında öz əksini tapır.
- Orxan müəllim, şirkət bu sığortaya alternativ olaraq yeni məhsullar təqdim edirmi?
- Şirkətin strategiyasına uyğun olaraq, çalışırıq bir və ya bir neçə məhsul üzərində dayanmayaq, alternativ məhsullar üzərində çalışaq. Hal-hazırda müştərilərin tələbatları öyrənilərək həmin məhsullar üzərində işlər aparılır. Əlbəttə ki, uğurlu nəticə əldə etdikdən sonra daha geniş kütləyə təqdim edəcəyik.
- Bu il necə, yığımların azalacağını gözləyirsinizmi, çünki qanunvericilik dəyişməyib? 2020-ci illə bağlı proqnozlarınız və planınız necədir?
- Xeyr, əksinə 2020-ci ildə “Atəşgah Həyat” SŞ-nin yığımlarının artacağını proqnozlaşdırırıq. Son dövrlərdə aparılan geniş təbliğat-təşviqat işləri, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta növünün elektron hökümət portalı ilə inteqrasiyası imkan verir ki, bu il daha geniş sığortalı kütləsini əhatə edək. Bu da öz növbəsində yığımların 15% civarında artmasına gətirib çıxardacaq.