Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə, bank, sığorta və qiymətli kağızlar sektorunda bəzi güzəştlərə icazə verilib.
FED.az xəbər verir ki, bununla bağlı açıqlanan Tədbirlər Planında xüsusilə sığorta sahəsi ilə bağlı maraqlı yeniliklər var.
Məsələnin diqqət çəkən məqamı ondan ibarətdir ki, təklif və tələb olunan yeniliklər təkcə koronavirus dövründə deyil, ondan sonrakı dövrdə də qüvvəsində olacaq.
Tədbirlər Planında deyilir ki, xüsusi karantin rejimi şəraitində iqtisadi aktivliyin azalması sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına səbəb olub. Nəticədə sığorta haqlarının həcmində azalma baş verib. Sığorta olunanlarla sığortaçılar (müştərilərlə sığorta şirkətləri) arasında fiziki təmasın minimuma enməsi sığorta tələblərinin idarə olunmasını çətinləşdirib. Eyni zamanda, satışların azalmasına baxmayaraq sığorta ödənişləri davam edir və bu hal sığorta şirkətlərində likvidlik idarəetməsini mürəkkəbləşdirib. Bnu sadə şəkildə desək, sığorta şirkətlərin müştəriləri kəskin azalıb, yeni müqavilələr bağlanılmır və ya çox az bağlanılır, nəticədə sığorta şirkətlərinin gəlirləri azalıb, amma onlar əvvəlki müqavilələr üzrə baş verən hadisələrə görə ödənişlər etməlidirlər. Nəticədə ödəniş etmək üçün vəsait qıtlığı yaşayırlar.
Bütün bunları nəzərə alaraq sığorta sahəsində aşağıdakı tədbirlər görüləcək:
Birinci növbədə koronavirusdan və karantindən zərər çəkən təşkilatlar və müştərilərin könüllü müqavilələr üzrə sığorta haqqı ödəməsinə 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət veriləcək.
Digər yeniliklər Sığorta müqavilələri elektron yazılacaq və hadisə ilə bağlı müraciətlər elektron şəkildə qəbul ediləcək.
Hadisə ilə bağlı müştərilərin sığorta şirkətlərinə müraciətləri müraciətlərinin elektron poçt (mail) və elektron formada (məsələn, saytdakı onlayn müraciət vasitəsilə qəbul ediləcək. Amma bu zaman hadisə ilə bağlı video və foto görüntülər də əlavə ediləcək.
Bunun üçün sığorta şirkətləri prosesləri yeni vəziyyətə uyun aparmaq üçün lazımı idarəetmə və texnoloji tədbirlər görməlidir.
Maraqlı yeniliklərdən biri - könüllü sığorta müqaviləsini elektron formada bağlamaq mümkün olmalıdır, sığorta şirkəti bunun üçün lazımi şərait yaratmalıdır (Mülki Məcəllənin 899, 903.7-ci maddələrinin və «Sığorta fəaliyyəti haqqında» Qanunun tələbləri nəzərə alınmaqla);
Sığorta şirkətlərinin internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumat və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlar dəqiq göstərilməlidir.
Eləcə də müştərilərin rahatlığı və onların hüquqlarının qorunması məqsədi ilə sığorta şirkətlərində Qaynar Xətt fasiləsiz işlək olmalıdır. Eləcə də müştərilərin video zənglər vasitəsilə qəbulu təşkil edilməlidir.
Sığorta şirkətlərinə nəzarət yumşaldılacaq
Tədbirlər Planına əsasən, sığortaçılara müvəqqəti requlyativ tətillərin verilməsi nəzərdə tutulur. Bu nədir? Yəni şirkətlərə qarşı nəzarət tələbləri yumşaldılacaq və onlara icazə veriləək ki, bu ilin axırınadək bəzi normativlərə əməl etməsinlər.
Məsələn xüsusi karantin rejimindən birbaşa təsirlənən (zərərə düşən) sığortalılar (yəni müştərilər) üzrə 01 mart 2020-ci il tarixdən sonra yaranmış və 90 günü aşmış debitor borclarının (yəni sığorta haqqı borclarının) sığorta ehtiyatı və sığortaçının öz vəsaitlərinin hesablanmasında 01 yanvar 2021-ci ilədək nəzərə alınması. Sadə şəkildə desək, bu o deməkir ki, həmin müştərilərin öz borclarını ödəmiş olduğu sayılacaq və sığorta şirkətlərinin hesabatında bu pullar alıqnmış kimi sayılacaq ki, şirkətin hesabatına mənfi təsir etməsin.
Maraqlı yeniliklərdən biri – sığorta şirkətlərində səyyar yoxlamalar ləğv ediləcək. Belə ki, Plana görə, sığortaçılarda (sığorta şireətlərində) səyyar yoxlamaları 30 sentyabr 2020- ci ilədək təxirə salınacaq. Yoxlama o zaman olacaq ki, təxirəsalınmaz reaksiya tələb edilən hallar baş versin.
Sığorta şirkətlərinə maliyyə dəstəyi
Planın bir hissəsi sığortaçılara likvidliyin idarə edilməsində dəstəyin göstərilməsi və maliyyə dayanıqlığının qorunmasına aiddir. Yəni maliyyə dəstəyi. Amma bu birbaşa dəstək şəklində olmayacaq, sadəcə sığorta şirkətlərinin müxtəlif təyinatlı ödənişləri təxirə salınacaq.
Məsələn, şirkətlərin İcbari Sığorta Bürosuna (İSB) təqvim haqqlarının ödənişinə 30 sentyabr 2020-ci ilədək möhlət veriləcək. Bunun üçün AMB İSB-yə tövsiyə verəcək.
Söhbət hansı məbləğdən gedir?
Söhbətin hansı məbləğdən getdiyini bildirmək üçün xatırladaq ki, təqvim haqları – sığorta şirkətlərinin icbari sığortalardan yığdıqları sığorta haqlarının bir hissəsinin İSB-yə ödənilən hissəsidir. “İcbari sığortalar haqqında” qanuna edilən və 2020-ci ilin əvvəlindən qüvvəyə minən dəyişikliklərə görə, daxil olan sığorta haqlarının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqavilələri üzrə 10%-i, digər icbari sığorta müqavilələri üzrə isə 5%-i təqvim haqqı kimi İSB-yə ödənilir.
Bu məbləğ nə qədərdir? Yanvar-fevral aylarında sığorta şirkətləri avtomobilin icbari sığortasından 13,5 milyon manat, digər icbari sığortalardan isə 53,8 milyon manat sığorta haqqı toplayıblar.
Bu hesabla şirkətlər iki ayda İSB-yə ümumilikdə təqribən 4 milyon manat ödəniş etməli idilər.
Bu tədbirlərin mənfi təsirini ən çox sığorta şirkətlərinin sahibləri hiss edəcək. Belə ki, AMB kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə sığorta şirkətlərinə tövsiyə edib ki, 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərini 30 sentyabr 2020-ci ilədək təxirə salsınlar, 2020-ci il üzrə isə aralıq dividendlər ödənilməsin.