2025-ci ilin ilk 9 ayında Azərbaycanın sığorta bazarında ödənişlərin həcmində ciddi artım qeydə alınıb.
FED.az xəbər verir ki, bəzi şirkətlər ödənişlərini daha kəskin artırırıb.
Ödənişlərin artım tempinə görə mütləq lider "Meqa Həyat Sığorta" ASC olub. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərini 3,1 milyon manat artıraraq 703 min manatdan 3 milyon 850 min manata çatdırıb. Bu, 5,5 dəfə artım deməkdir.
Dinamik artım nümayiş etdirən digər şirkətlər "Atəşgah" Sığorta Şirkəti ASC və "Qala Sığorta" ASC olub. "Atəşgah" ödənişlərini 12,1 milyon manat və ya 70% artıraraq 29,5 milyon manata, "Qala Sığorta" isə 8 milyon manat və ya 69% artıraraq 19,4 milyon manata yüksəldib.
Ödənişlərin həcminə görə bazarın lideri olan "Paşa Həyat Sığorta" ASC da portfelini əhəmiyyətli dərəcədə böyüdüb. Şirkət ödənişlərini 110 milyon manat (34,7%) artıraraq 427,1 milyon manata çatdırıb. Mütləq məbləğdə artıma görə "Paşa Həyat" bütün rəqiblərini böyük fərqlə qabaqlayır.
Siyahıda 30%-dən çox artım göstərən digər şirkətlər "AtaSığorta" ASC (1 milyon 5 min manat və ya 32,4%) və "Aqrar Sığorta" ASC-dir (1 milyon 198 min manat və ya 31,8%).
Artım templəri 10% ilə 30% arasında dəyişən şirkətlər isə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC (10 milyon 612 min manat və ya 28,8%), "Azərbaycan Sənaye Sığorta" ASC (1 milyon 812 min manat və ya 25,2%), "AzSığorta" ASC (208 min manat və ya 18,0%) və "Meqa Sığorta" ASC-dir (1 milyon 347 min manat və ya 12,8%).














