Xəbər verdiyimiz kimi, Azərbaycanda sığorta mübahisələinin mediasiya, yəni danışıqlar həllinə başlanır. Bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətləri, iri sığortalılar və mediasya şirkəti arasında razılığa gəlinib. FED.az sığorta eksperti Xəyal Məmmədxanlının bununla bağlı müsahibəsini təqdim edir
Xəyal bəy, son günlər sığorta sektorunda yeni termin gündəmdədir. Mediasiya nədir?
Qədim dövrlərdə insanların mübahisəsi olanda qazının yanına gedib, problemlərinin həlli yolunu soruşardılar. Qazı nə məsləhət görsə, onu da edərdilər. Beləcə məsələ həll olunardı. Və sığorta sistemindəki mediasiya da eynilə belədir. Burada bir mediator olur və o, sözün yaxşı mənasında aradüzəldən, münasibətləri tənzimləyən rolunda çıxış edir. Strateji Yol Xəritəsində də bir çox mübahisələrin məhkəməyə qədər həlli yollarının araşdırılması ilə bağlı bir plan var. Bu gün bir sıra məsələlərdə iş gedir məhkəməyə və nəticədə orada yüklənmələr çox olur. Bəzi hallarda 200-300 manatlıq iş daha baha başa gəlir, mübahisənin həlli aylar çəkir. Ona görə də bir ara sahibkarlar arasında mediasiya haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Mediasiya bu sahədə yaranmış mübahisələrin həlli yolu kimi görülür. Tutaq ki, sığorta şirkəti ilə vətəndaş arasında müqavilə bağlanılır. Birdən aralarında mübahisə yaranır. Sığorta şirkəti qarşı tərəfə pulu ödəyib ödəməyəcəyini bilmir. Şirkət pulu ödəməyəcəyəm, vətəndaş isə ödəməli olduğunu deyir. Və beləcə mübahisə yaranır. Bu zaman arada münasibətləri tənzimləyəcək, işi məhkəmədən kənar həll edəcək kimsə olmalıdır. Onlar isə mediatorlardır. Ona görə də mediator deyilən xüsusi ixtisas sahiblərinə bu gün ehtiyac var.
Kimlər mediator ola bilər?
Həm hüquqi, həm də fiziki şəxs mediator ola bilər. Mediatorlar həmin sahədə ixtisaslaşmış müəyyən biliyə, təcrübəyə malik, obyektiv, qərəzsiz şəxslərdir. Həm sığorta şirkətinə, həm də vətəndaşa bitərəf olmalıdırlar. Mübahisə yaranan zaman hər iki tərəf bir mediatora müraciət edərək onların probleminin həlli yolunu araşdırmasını istəyirlər. Əgər mediator desə ki, sığorta şirkəti vətəndaşa pul ödəməlidir, bu zaman iş məhkəməyə getmədən sığorta şirkəti pulu verir. Çünki sığorta şirkəti mediatora inanır, onun bu sahədəki biliyinə, təcrübəsinə güvənir. Və tərəflər arasında “barışıq sazişi” əldə olunduğundan məsələ də gedib məhkəməyə çıxmır. Yəni, qısaca olaraq mediasiya nədir sualına cavab versək, sığortaçı və sığortalılar arasında yaranan mübahisəni həll edən prosesdir.
Ödənişlərlə ilə bağlı mübahisələrin məhkəməyə qədər yeni üsulla həlli sığorta bazarına necə təsir edəcək?
Bu gün sığorta şirkətləri ilə vətəndaşlar arasında müxtəlif istiqamətli problemlər olur. Bu problemlərin məhkəməyə gedib çıxması məsələnin daha da uzanmasına səbəb olur. Mediasiya haqqında layihə qəbul olunarsa, mübahisələrin bir qismi məhkəməyə getməmiş həll olunacaq. Təbii ki, bu, sığorta bazarına da müsbət təsir göstərəcək. Ən əsası vətəndaş uzunmüddətli hər hansı bir idarənin önündə gözləməyəcək. Bəzən vətəndaşlar məhkəməyə getmək istəmədikləri üçün hüquqları pozulur. Yəni vətəndaş düşünür ki, 250 manatdan ötrü məhkəməyə müraciət edib, 2 il sığorta şirkəti ilə “didişməyə” dəyməz. Və beləcə vətəndaş həm pulunu ala bilmir, həm də hüququ pozulur. Amma mediasiya prosesi olarsa, aradakı problem bir saat ərzində həll olunacaq. Mediatorlar isə böyük ehtimalla müqavilə bağlanan zaman təyin ediləcəklər. Yəni vətəndaşla sığorta şirkəti müqavilə bağlayarkən orada qeyd olunacaq ki, əgər mübahisəmiz olarsa, bizim işimizə hansı mediator baxacaq.
Mediatorun xərclərini kim qarşılayacaq?
Bu məsələ “Mediasiya haqqında” qanun layihəsinin 26-cı maddəsində qeyd edilib. Mediatora ödənilən məbləğlə bağlı layihədə konkret tarif müəyyən edilməyib. Bu məbləğ mediasiya prosesi başlanana qədər tərəflərlə mediator arasındakı razılıq əsasında müəyyən olunur. Maddəyə əsasən mediasiyanın keçirilməsi ilə bağlı xərclər başqa qayda nəzərdə tutulmayıbsa, tərəflər arasında bərabər bölüşdürülür. Bu xərclərə mediatorun qonorarı, mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Ümumilikdə isə qanun hələlik layihə şəklindədir, bir sıra məsələlərin də öz əksini tapmasına ehtiyac var.
Eləcə də bax: Məhkəməyə getmədən, məsələni 1 günə həll edin – YENİ ÜSUL