Hansı alətlər bazara daha effektiv təsir edə bilər?
Bu tendensiyanı aradan qaldırmaq və bazarı inkişaf etdirmək üçün həm bütün sığorta şirkətləri, eyni zamanda requlyator orqan bütün qüvvəsini səfərbər etməlidir. Bu tədbirlər sırasında aşagıdakıları həyata keçirmək mümkündür;
Orta məktəblərdə və digər tədris müəssisələrində sığortanın faydasının və sığorta məhsullarının kütləvi təbliğatının təşkili,
Ali məktəblərdə sığortanın bir fənn olaraq tədrisinin genişləndirilməsi və sığortanın kütləvi təbligatının təşkili,
Aktiv tələbə və gənclər təşkilatlarının dəstəyi ilə sığortanın kütləvi təbligatının təşkili,
Yerli bələdiyyə və icra orqanlarının dəstəyi ilə əhalinin sığorta barəsində kütləvi maarifləndirilməsi,
Televiziya və radio kanallarında uzunmüddətli maarifləndirici proqramların yaradılması,
Sosial media və internet portallarında sığortanın aktiv təbliğatının təşkili və bu kimi müxtəlif tədbirlərin müntəzəm şəkildə təşkil olunması yeni bazarların yaradılmasına və yeni müştəri bazasının formalaşmasına təkan verə bilər.
Bazarın inkişafı üçün sığorta mədəniyyətinin olması vacibdir
Bəzi hallarda “sığorta mədəniyyəti” dedikdə vətəndaşların çoxu bunu sığorta şirkətinin sığortalıya göstərdiyi xidmətin səviyyəsi ilə ölçürlər. Bəli, bu sığorta mədəniyyətinin tərkib hissəsi olsa da, daha vacib məsələlər var ki, sığorta mədəniyyəti kimi qəbul olunmalıdır. Sığorta mədəniyyəti ilk növbədə ölkə daxilində vətəndaşların sığorta xidmətlərinə laqeyd olmayan münasibətidir. Başqa sözlə desək, vətəndaşların sığorta xidmətlərinə könüllü olaraq müraciət etməsidir, vətəndaşların digər vacib olan illik xərclərini planlaşdırdığı kimi, illik sığorta xərclərinin də planlaşdırması və sığortanın faydasını başa düşərək müxtəlif sığorta məhsullarını könüllü olaraq əldə etməsidir. Sığorta mədəniyyətinin səviyyəsini hər bir ölkədə adambaşına toplanan sığorta haqqlarının (penetration) həcmi ilə də ölçmək olar. Bəzi ölkələrlə müqayisədə bu rəqəm ölkəmizdə fantastik dərəcədə aşağıdır.
Dünyanın 10 ən böyük sıgorta bazarı
Ölkənin adı | Sığorta bazarının həcmi (mlrd. USD) 2016 |
Ölkə ÜDM-sinin həcmi (mlrd. USD) 2016 |
Sığorta bazarının ÜDM-də payı (%-lə) 2016 |
Əhalinin sayı (mln. nəfər) 2016 |
Adambaşına düşən sığorta haqqının həcmi, USD 2016 |
1. ABŞ | 1320,0 | 18 036,6 | 7,32 | 324,1 | 4070 |
2. Yaponiya | 450,0 | 4 939,3 | 9,11 | 126,3 | 3560 |
3. Çin | 387,0 | 11 199,1 | 3,46 | 1 382,3 | 280 |
4. Böyük Britaniya | 320,0 | 2 618,9 | 12,22 | 65,1 | 4920 |
5. Fransa | 231,0 | 2 465,4 | 9,37 | 64,7 | 3570 |
6. Almaniya | 213,0 | 3 466,7 | 6,14 | 80,7 | 2640 |
7. İtaliya | 165,0 | 1 849,9 | 8,92 | 59,8 | 2760 |
8. Cənübi Koreya | 154,0 | 1 411,2 | 10,91 | 50,5 | 3050 |
9. Kanada | 115,0 | 1 529,7 | 7,52 | 36,3 | 3170 |
10.Hollandiya | 81,0 | 770,8 | 10,51 | 16,9 | 4790 |
Bu, o deməkdir ki, sığorta bazarının inkişaf etdiyi ölkələrdə, vətəndaşlar həm icbari sığorta növlərini böyük həvəslə alırlar, eyni zamanda könüllü sığorta məhsullarına da böyük maraq göstərirlər. Bunun nəticəsində hər bir vətəndaşın müxtəlif sığorta növləri üzrə daimi əsasda 8-10 və daha çox sığorta müqaviləsi qüvvədə ola bilir.
Hesab edirəm ki, sığorta şirkətləri bu barədə çox ciddi şəkildə düşünməlidirlər və öz biznes strategiyalarında yeni bazarların yaradılması üzrə tədbirlərə xüsusi önəm verməlidirlər. Bu addım yerli bazarın iştirakçıları üçün gecikmiş olsa da, bazarın inkişafı üçün həyata keçirələcək istənilən tədbir hər bir vaxt bəhrəsini verə bilər.
Pərviz Quliyev, MBA
Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,
Azərbaycan Bank Tədris Mərkəzinin eksperti