Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə sahəsi qarşısında çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilmişdir.
2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün maliyyə sahəsi üzrə strateji hədəflər və strateji prioritetlər üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflərin sırasında sığorta bazarının inkişafı üçün bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mübadiləsi sisteminin inkişafı, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması və s. istiqamətlərdə tədbirlərin görülməsi yer alır.
Sığorta bazarının yaxın (2020-ci ilədək) və orta dövr (2025-ci ilədək) üçün əsas inkişaf vəzifələrinin aşağıdakı istiqamətlər üzrə təmin edilməsi gözlənilir:
- Bazarın genişlənməsi
- Sığorta şirkətlərinin təkmilləşdirilməsi
- İdarəetmənin və icra fəaliyyətinin təkmilləşdirilməsi (strateji və taktiki planlaşdırma və idarəetmə, insan resursları, müasir İT və proqram təminatı, risklərin idarəedilməsi və s.)
- Biznesin müasir təşkili və idarəedilməsi (biznesin aparılmasının müasir texnologiyaları və praktikası, müştəriyönümlülük, xidmət keyfiyyəti, marketinq (bazar) araşdırmaları və s.)
- Maliyyə/investisiya fəaliyyəti (aktivlərin sağlamlaşdırılması, sığorta portfelinin mənfəətliliyi, investisiya portfelinin təhlili, investisiya alətlərinin təkmilləşdirilməsi və s.)
- Şirkətin kapitalının və dayanıqlığının gücləndirilməsi (nizamnamə kapitalının və məcmu kapitalın mütəmadi olaraq artırılması, iri risklərin paylaşdırılması və s.)
- Qanunvericiliyə uyğun fəaliyyət (qanunvericilik tələblərinə əməl olunması, müasir elektron uçot və hesabat sistemi, şəffaflıq və ədalətlilik və s.)
- Sığorta vasitəçiləri üzrə fəaliyyətin təkmilləşdirilməsi
- Sığorta bazarında tarif siyasəti
Sığorta biznesinin uzunmüddətli və dayanıqlı aparılması üçün şirkətlər qısamüddətli dövrə hesablanmış “yüksəkmənfəətlilik” prinsipindən daşınmalı, daha sabit və davamlı inkişafı təmin edən uzunmüddətli “kifayətedici mənfəətlilik” prinsipinə keçməlidirlər.
- Sığorta şirkətləri arasında işgüzar əməkdaşlığın genişləndirilməsi
- İctimai sığorta birliklərinin fəaliyyətinin artırılması
- İcbari Tibbi Sığortanın tətbiqi
- Tənzimləyici və nəzarət orqanlarının dəstəyi
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta bazarının inkişafına mane olan halların tənzimlənməsi və bazar üzrə hesabatların təhlili nəticəsində aşkar olunan qanunazidd hallara qarşı nəzarət və islahedici tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı sığorta bazarının da davamlı inkişafını şərtləndirir. Yaxın dövrdə (2020-ci ilədək) aparılan işlərin nəticəsi kimi gözlənilə bilər ki, sığorta bazarı aşağıdakı devizlərin təminatçısına çevrilsin:
- Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin sığorta təmiantı olmalıdır;
- Azərbaycanda hər bir insanın icbari tibbi sığorta təminatı olmalıdır;
- Azərbaycanda hər bir insanın həyatı sığortalı olmalıdır;
FED.az Təhlil Qrupu