Azərbaycanda avtomobillərin icbari sığortalanması sahəsində bir sıra yeniliklər nəzərdə tutulur. Bunların tətbiqi həm icbari sığortanın daha etibarlı olmasına, həm də bu prosesin bütün iştirakçılarının görünməsinə imkan verəcək. Bu barədə FED.az-a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
Bürodan bildirilib ki, hazırda avtomobillərin icbari sığortası müqavilələrinin buraxılışı və qeydiyyatı sahəsində Büro öz daxili sistemlərinin texniki təkmilləşdirilməsi ilə bağlı müəyyən çalışmalar həyata keçirir.
Müqaviləni gətirən sığorta agenti də «görünəcək»
Görülən işlərin nəticəsi olaraq ilk növbədə bu sahədə fəaliyyət göstərən sığorta vasitəçilərinin (agentlərin - FED) Büronun mərkəzi sistemində identifikasiyasına nail olunması gözlənilir. Belə ki, sığorta şirkətləri icbari avtoməsuliyyət sığortası müqavilələrini mərkəzi informasiya sistemində qeyd etməklə yanaşı, həmin müqavilələrin bağlanılmasında rolu olmuş sığorta vasitəçilərini də real zaman rejimində sistemdə qeydiyyata alacaqlar. Amma bu yalnız o sığorta agentlərinə aid olacaq ki, onlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyalaşdırılmış olsunlar. Başqa sözlə, lisenziyası olmayan sığorta vasitəçilərinin sistemdə qeydiyyatı və əməliyyatlar etməsi mümkün olmayacaq. Nəticədə avtomobillərin icbari sığortası xidmətlərini yalnız lisenziyalı sığorta vasitəçiləri həyata keçirəcəklər: «Sığorta vasitəçiləri sığorta satışlarını eynilə əvvəlki qaydada müstəqil şəkildə aparacaqlar, sadəcə buraxılmış hər bir icbari avtoməsuliyyət sığortası müqaviləsini müşayiət edən sığorta vasitəçisi İSB-nin mərkəzi informasiya sistemində qeydiyyata düşəcək, bu isə vasitəçilik təsisatının daha şəffaf və məsuliyyətli fəaliyyəti baxımından müsbət təsirə malik olacaq».
Müqavilələr də, sığorta haqları da şirkətlərə aid olacaq
İSB-dən bildirilib ki, bu yenilik heç də icbari sığorta xidmətlərinin İSB tərəfindən göstəriləcəyi anlamına gəlməməlidir – İSB öz mandatına uyğun olaraq icbari avtoməsuliyyət sığortası üzrə sadəcə mərkəzi informasiya sistemi rolunda çıxış edir və sözügedən yeniliyin tətbiqindən sonra da məhz bu funksiyasını icra etməkdə davam edəcək. İcbari sığorta müqavilələri yenə də əvvəlki kimi sığorta şirkətləri və onların vasitəçiləri (agentləri və brokerləri) tərəfindən bağlanılacaq, lakin bu Büronun mərkəzi informasiya sistemi vasitəsilə baş verəcək və hər bir bağlanılmış müqavilənin arxasında olan vasitəçi və ya satış nümayəndəsi sistemdə bəlli olacaq. Müvafiq olaraq, bağlanılmış müqavilələr üzrə sığorta haqları da, əvvəlki kimi, birbaşa olaraq sığorta şirkətlərinə daxil olacaq və Büronun burada heç bir rolu olmayacaq. Bir sözlə, sığorta şirkətləri tərəfindən həm müqavilə buraxılışı, həm də sığorta haqlarının toplanması prosesi eynilə əvvəlki qaydada baş verməkdə davam edəcək.
«Bu sağlamlaşdırıcı tədbirdir»
İSB-dən bildirilib ki, qeyd edildiyi kimi, tətbiq ediləcək yeniliklər daha çox texniki və sağlamlaşdırıcı xarakter daşıyır, belə ki, sığorta vasitəçilərinin mərkəzi sistemdə identifikasiyası bağladıqları müqavilələr üzrə onların uçotunun aparılmasına şərait yaradacaq, bu isə öz növbəsində sığorta vasitəçilərini öz fəaliyyətlərində daha məsuliyyətli və hesabatlı olmağa sövq edəcək. Digər tərəfdən, müvafiq dövlət informasiya ehtiyatları ilə inteqrasiyalar Büronun informasiya sistemində olan məlumatların dürüstlülük dərəcəsini artırmış olacaq. «Sözügedən layihə icbari avtoməsuliyyət sığortası sahəsində nizam-intizamın yüksəldilməsi, eləcə də vasitəçilik fəaliyyətinin şəffaflığının artırılması istiqamətində Büronun Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirdiyi layihələrdən biridir»-deyə bürodan bildirilib.