Azərbaycanda sığorta şirkətləri maliyyə hesabatlarını ya yerli, ya da beynəlxalq standartlara uyğun formada – IFRS 17 standartı (Beynəlxalq Maliyyə Hesabatı Standartları) əsasında hazırlayırlar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanan IFRS 17 standartı sığorta şirkətləri üçün müasir yanaşma təqdim edir, şirkətdə daha şəffaf, stabil və risk əsaslı bir mühit yaradır, sığorta şirkətinin cari durumunu dəyərləndirir. Həmçinin gələcək riskləri nəzərə almaqla şirkətin maliyyə durumunu daha da möhkəmləndirir, ödəmə qabiliyyətini gücləndirir.
Qeyd olunmalıdır ki, IFRS 17 standartı daha çox sığorta şirkətinin səhmdarına, xarici investora təqdim edilən şəffaf şəkildə hazırlanan beynəlxalq maliyyə hesabatı formasıdır. Ümumilikdə bu standart maliyyə şəffaflığını və hesabatlılığını təmin etməyə yönəlik qlobal yanaşmadır.
Onu da qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri öz maliyyə hesabatlarını Azərbaycan Mərkəzi Bankına yerli standart əsasında hazırlayaraq təqdim edirlər.
Bəs IFRS 17 Standartı ilə işləyən şirkətlər hansılardır?
FED.az biznes və maliyyə xəbərləri portalınin araşdırmasına görə, ölkənin ən iri sığorta şirkəti olan “PAŞA Sığorta” Azərbaycanda bu standartı tam tətbiq edən ilk sığorta şirkətidir. Bu şirkətin maliyyə menecerləri, mühasibatlığı maliyyə hesabatlarını tam şəkildə şəffaf olaraq IFRS 17 standartına uyğun olaraq tərtib edirlər.
IFRS 17 və yerli standartları birləşdirən şirkətlər:
Araşdırma göstərir ki, bir sıra sığorta şirkətləri öz maliyyə hesabatlarını həm yerli standartla, həm də IFRS 17 ilə hazırlayır. Bu şirkətlər sırasına, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Sığorta”, “Qala Həyat”, “Meqa Həyat”, “Azərbaycan Sənaye Sığorta”, “AzRe təkrarsığorta”, “Meqa Sığorta”, “Xalq Sığorta” və “Xalq Həyat” sığorta şirkətləri daxildir. “Xalq Həyat” sığorta şirkəti IFRS 17 standartına inteqrasiya dövründədir. Şirkətdən bildirilir ki, növbəti ildən etibarən bu standartın tam tətbiqinə başlanıla bilər.
Qeyd olunmalıdır ki, bu yanaşma şirkətlərə həm yerli qanunvericiliyə riayət etməyə, həm də beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq xarici investorların diqqətini cəlb etməyə imkan verir.
Hesabatını yalnız yerli standartla hazırlayan şirkətlər hansılardır?
Bəzi şirkətlər hələlik yalnız yerli maliyyə hesabatı standartlarına əsaslanaraq hesabatlarını tərtib edirlər. Bura “A-Group” və "AtaSığorta" şirkəti aiddir.
Məlumat verməkdən yayınan və imtina edən şirkət hansıdır?
Bazarda kiçilməkdə olan “AzSığorta” şirkəti isə sorğuları cavablandırmaqdan imtina edib. Qeyd edək ki, sorğu “AzSığorta” şirkətinin PR işlərini aparan “Synergy Partnership” şirkəti vastəsi ilə göndərilib. “Synergy Partnership” şirkətinin əməkdaşı sorğunun “AzSığorta” tərəfindən cavablandırılmadığını qeyd edib.
IFRS 17 standartının tətbiqinin əhəmiyyəti nədir?
Məlumat üçün bildirək ki, Azərbaycanın sığorta sektorunda IFRS 17 standartının tətbiqi şirkətlərin maliyyə hesabatlılığını və şəffaflığını artırır. Bununla belə, bəzi şirkətlərin hələ də yerli standartlara üstünlük verməsi bu sahədə müasir beynəlxalq tələblərin tam tətbiq olunmadığını göstərir.
Son proseslər göstərir ki, yaxın gələcəkdə daha çox şirkətin beynəlxalq standartlara keçidi gözlənilir, bu da Azərbaycanın sığorta sektorunun dünya bazarları ilə inteqrasiyasını daha da gücləndirə bilər.
Bu məqalə Azərbaycanda sığorta şirkətlərinin hesabat tərtibatını və bu tərtibatların şirkətlərin maliyyə şəffaflığına necə təsir etdiyini geniş şəkildə əks etdirir.
FED.az sözegedən standartı tətbiq edən sığorta şirkətlərinin siyahısını təqdim edir:
№ |
Sığorta şirkətləri |
Şirkət hansı maliyyə hesabat standartı ilə çalışır? |
1 |
Paşa Sığorta |
IFRS 17 (tam tətbiq) |
2 |
Paşa Həyat Sığorta |
IFRS 17 və yerli |
3 |
Xalq Həyat Sığorta |
Yerli / IFRS17-yə inteqrasiya prosesindədir |
4 |
Azre Təkrara Sığorta |
IFRS 17 və yerli |
5 |
Xalq Sığorta |
Yerli |
6 |
Qala Sığorta |
IFRS 17 və yerli |
7 |
Qala Həyat Sığorta |
IFRS 17 və yerli |
8 |
Atəşgah Həyat |
IFRS 17 və yerli |
9 |
Azərbaycan Sənaye Sığorta |
IFRS 17 və yerli |
10 |
Meqa Sığorta |
IFRS 17 və yerli |
11 |
Atəşgah Sığorta |
IFRS 17 və yerli |
12 |
AzSığorta |
Sorğunu cavablandırmaqdan imtina edib |
13 |
Meqa Həyat |
IFRS 17 ver yerli |
14 |
A group |
Yerli |
15 |
İpək Yolu Sığorta |
IFRS 17 ver yerli |
16 |
Ata Sığorta |
Yerli |
Elnur Hüseynquluyev
FED.AZ biznes maliyyə portalı
Direktor və Baş redaktor