Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin FED.az biznes-maliyyə portalına MÜSAHİBƏSİ
Elmar müəllim, 2022-ci ildə ASA sığorta şirkətlərinin mənafeyinin müdafəsi istiqamətində hanı işləri görüb?
Bildirmək istəyirəm ki, ötən il ASA sığorta təhsilinin sistemli təşkil olunması ilə bağlı ölkənin aparıcı universitetləri ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıqlar sayəsində 2023-cü ildən ölkəmizdə ali təhsil səviyyəsində sistemli sığorta tədrisini yenidən bərpa etmək mümkün olacaq. Bilirsiniz ki, 10-12 il əvvəl ölkəmizdə fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarında ayrıca sığorta fakültələri fəaliyyət göstərsə də, daha sonra onların fəaliyyəti dayandırılmışdı. Məhz buna görə biz ASA olaraq universitetlərdə sistemli sığorta təhsilinin bərpası məqsədilə addımlar atdıq. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti ilə gəldiyimiz razılığa əsasən, sistemli sığorta təhsilini ilk olaraq magistratura və doktorantura səviyyəsində bərpa edəcəyik. Bununla sektor yeni və peşəkar sığortaçılar qazanacaq, eləcə də yerli sığorta mütəxəssisləri paralel olaraq pedoqoji fəaliyyətə cəlb ediləcək.
İlin ən önəmli və əlamətdar hadisələrindən biri Türk Dünyası Sığorta Birliyinin qurulması olub. Beş türkdilli dövlətin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunan bu birlik regional sığorta siyasətinin formalaşmasında və türkdilli ölkələrin sığorta bazarlarının paralel inkişafında mühüm rol oynayacaq. Həmtəsisçilərdən biri olaraq Birliyin “Yol xəritəsi”ni də hazırlamışıq, Nizamnaməsini isə hazırlamaqdayıq. Başlıca ortaq məramımız Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının nəzdinə daxil olmasıdır. 2023-cü il Birliyin ilk və uğurlu fəaliyyət ili olacaq deyə düşünürük.
Bundan başqa, 2022-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında dünya təcrübəsinə uyğun olaraq bir sıra yeniliklər tətbiq olunub. Oktyabrın 1-dən yeni risk əmsalları, noyabrın 1-dən isə zərərlərin birbaşa tənzimlənməsi mexanizmi işə düşdü. Bununla da sığortada həm ədalətli yanaşma forması, həm də istehlakçı rahatlığı təmin olundu, sektorda yeni bir era başladı. Çox sevirnirik ki, bu vacib əhəmiyyətli yeniliklərin tətbiqi mərhələsindəki proseslərdə Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yaxından iştirak etdik.
Qeyd etmək istəyirəm ki, ASA olaraq sığorta bazarının inkişafı üçün müxtəlif qurumlarla əməkdaşlıq əlaqələrini 2022-ci ildə də davam etdirdik. Bu istiqamətdə istər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə, istər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qurduğumuz əlaqələr sektor təmsilçisi olaraq vacib uğurlarımızdan oldu. Qurulan əməkdaşlıqların 2023-cü ildə də davam etdirilməsinə, o cümlədən yeni əlaqələrin qurulmasına artıq başlamışıq.
ASA-nın ötən ildə üzv təşkilatladan topladığı məcmu üzvlük haqqı məbləğini bilmək istərdik. Üzvlük haqqına dair xərclərin diversifikasiyası necə olub?
Ötən il quruma özv olan sığorta şirkətləri tərəfindən ümumilikdə 224 000 manat üzvlük haqqı ödənilib. Bu vəsaitin 145 600 manatı yəni 65%-i ASA əməkdaşlarının əmək haqqı xərclərinə yönəldilib.
Məcmu xərclərdə 33 600 manat (15%) ASA-nın inzibati binasının icarə xərcləri təşkil edib. Qalan 44 800 manatı (20%) isə ofisin saxlanılması və fəaliyyətin təmin olunması üçün zərururi olan xərclərə ayrılıb.
Elmar müəllim, üzvlük haqqı məbləğini ödəməkdən yayınan sığorta şirkətinin adını qeyd edə bilərsiniz?
Bildiyiniz kimi, bütün ətraf ölkələrdəki şirkətlərin sığortaçılar birliklərinə üzvlükləri məcburi olsa da, bu, ölkəmizdə könüllülük əsasında həyata keçirilir. Lakin buna baxmayaraq bu gün ölkəmizdə fəaliyyət göstərən bütün sığorta şirkətləri Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdürlər. Üzvlər arasında müəyyənləşdirilmiş üzvlük haqları da hər bir sığorta şirkəti tərəfindən vaxtlı-vaxtında ödənilməkdədir. Bu vaxta qədər hər hansı yayınma halı qeydə alınmayıb. Aldığımız məlumatlara görə də hər bir sığorta şirkəti Assosiasiyaya üzvlüyündən məmnundur, çünki ASA sığorta şirkətlərinin konkret problemlərinin həlli istiqamətində aidiyyatı dövlət qurumları ilə əlaqələrinin qurulmasında, onların fəaliyyətinin stimullaşdırılmasında aktiv rol oynayır.
Ötən ildə ASA tərəfindən ölkədə sığorta sahəsində maarifləndirmə işləri ilə bağlı hansı layihələr həyata keçirilib?
Azərbaycan Sığortaçılar Assosiasiyası istər sığortaçıların bilik və bacarıqlarının artırılması, istərsə də əhalidə sığorta savadlılığının yüksəldilməsi və sığorta maarifləndirməsi, o cümlədən qarşısıalınma tədbirlərinin həyata keçirilməsi istiqamətində aktiv iş aparır. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzi mövcud vəziyyətdə sığortaçıların bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi olaraq təlimlər, hazırlıq kursları, seminar və sessiyalar təşkil edir. Müvafiq tədris layihələrinə sektorda fəaliyyət göstərən peşəkar sığortaçılar təlimçi olaraq cəlb edilirlər. Bu istiqamətdə həyata keçirilən təlim-tədris layihələri nəticəsində təkcə 2022-ci ildə 50-yə yaxın sığortaçı təlimlərə cəlb olunmuş, 50-dən çox sığortaçı üçün isə attestasiya təşkil edilmişdir.
Ölkəmizdə sığortaçılarla yanaşı, əhali arasında da sığorta maarifləndirməsi işləri aktiv olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış memoranduma əsasən, artıq üçüncü ildir ki, ölkə səviyyəsində genişmiqyaslı sığorta maarifləndirməsi və qarşısıalınma tədbirləri sistemli və ardıcıl şəkildə icra olunur. Azəraycan Respublikasının “İcbari sığortalar haqqında” qanununa əsasən hər bir sığorta şirkəti üçün sığorta maarifləndirməsinin və qarşısıalınma tədbirlərinin aparılması zəruridir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu da aparılan bu maarifləndirmə və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə bilavasitə nəzarət edir və dəstək olur. Burada başlıca məqsəd sığorta xidmətlərinin təşviqi, sığortaya əlçatanlığın təmin olunması, maarifləndirmə və qarşısıalınma tətbiqlərinin təbliğidir ki, bunlar da öz növbəsində sektorun inkişafına bilavasitə təkan verən amillərdir.