Azərbaycanın sığorta bazarında yeni, olduqca prinsipial mübahisə başlayıb.
FED.az xəbər verir ki, söhbət bu həftənin əvvəlində Sumqayıtda baş verən avtomobil qəzası və bu qəzaya görə sığorta ödənişinin verilməsi ilə bağlıdır.
Belə ki, iyulun 1-də axşam saatlarında Həmid İbrahimovun idarə etdiyi 50-DE-150 nömrəli «Chevrolet Camaro» avtomobili Sumqayıtda işıqforun qırmızı işığında keçərək qəza törədib - «Opel» markalı başqa bir avtomobillə toqquşub.
Qəzada günah «Chevrolet Camaro» sürücüsündə olduğuna (qırmızıda keçib) görə, «Opel» avtomobili «Camaro»nun icbari sığortası hesabına təmir ediləcək. H.İbrahimovun sözlərinə görə, «Opel»ə böyük zərər dəyməyib – təqribən 300 manat. «Chevrolet Camaro»nun icbari sığortası «Azsığorta» şirkətində olduğu üçün bu ödənişdə problem olmayacaq.
«Chevrolet Camaro»ya dəyən zərər qat-qat böyükdür – 17 min manat.
Əsas mübahisə də «Chevrolet Camaro»nun özünün kimin hesabına təmir olunacağı barədədir. Məsələ bundadır ki, adı çəkilən avtomobil ölkənin ən modern sığorta xidməti təchizatçısı kimi tanınan «Zaman» sığorta brokerində sığortalanıb. Tərəflər arasında aprelin 18-də bağlanan müqaviləyə görə, 550 manat ödənişlə «Kasko Butik» sığortası əldə edilib. İndi isə qəza zamanı avtomobilə dəyən zərərə görə, 5555 manat ödəniş tələb edilir.
Amma «Zaman» sığorta brokeri hadisənin qəsdən törədildiyni əsas gətirərək ödənişdən imtina edib. Alınan imtina cavabından sonra hadisə ilə bağlı qızğın mübahisələr başlayıb.
Məsələ ona görə geniş əks-səda doğurub ki, burada tərəflər kimi, bir tərəfdən ölkəin ən modern sığorta xidməti təchizatçısı kimi tanınan və məşhur sığortaçı Xəyal Məmmədxanlının İnkişaf üzrə Baş Direktoru olduğu «Zaman» sığorta brokeri, digər tərəfdən isə çoxsaylı sığorta mübahisələri üzrə ekspert İlkin İbrahimov çıxış edirlər.
Nəticədə hadisəyə görə ödənişin verilməsi ətrafnda mübahisə sığorta işinin fəlsəfəsinə və qanunvericilikdəki ən xürda məqamlarına qədər uzanır.
Tərəflər nə deyir?
«Chevrolet Camaro»nun şikayətçi olduğu «Zaman» sığorta brokerinin İnkişaf üzrə Baş Direktoru Xəyal Məmmədzadə FED.az-a bildirib ki, həmin hadisəyə görə imtina qərarını şəxsən özü imzalayıb: «Səbəbi odur ki, sürücü hadisəni qəsdən törədib, yəni svetaforun qırmızı işığından qəsdən keçib. Ölkə qanunvericiliyinə görə isə, sığorta hadisəsinə səbəb olan qəsdən törədilmiş hərəkət imtina üçün əsasdır». Hadisənin qəsdən törədilməsinin necə müəyyən edilməsinə gəlincə X.Məmmədxanlı bildirir ki, sürücü özü izahatında da bilirir ki, yolu keçəndə svetaforda qırmızı işığın olduğunu görürmüş: «Bu hadisə ehtiyatsızlıqdan olmayıb. Sürücü yol polisinə verdiyi izahatında da yazıb ki, «mən svetaforun qadağan edilmiş nişanında (yəni qırmızı işıqda) yol ayrıcına girmişəm». Yənı sarı işıq yananda keçsəydi bunu necəsə başa düşmək olardı. Olub belə hallar ki, sarı işıqda keçib və hadisə olub. Onda ödəniş edirik. Amma qırmızı işıqda bilərəkən keçəndə olmaz».
«Chevrolet Camaro»nun maraqlarını müdafiə edən ekspertlərdən biri, sığorta mütəxəssisi Ceyhun Əsgərov FED.az-a bildirir ki, əgər sürücü avtomobilini kasko sığorta ilə sığortalayıbsa və qırmızı işıqda qəsdən keçməyibsə qəza zamanı tam ödəniş almalıdır.
Ceyhun Əsgərovun sözlərinə görə, qırmızı işıqdan keçən və qəza törədən şəxs o zaman sığorta ödənişi ala bilməz ki, o ya içkili və ya uyuşdurucu qəbul etmiş olsun: «Əgər bu hallar yoxdursa kasko sığorta qəzalı avtomobilə tam ödəniş etməlidir».
«Chevrolet Camaro»nun sürücüsü, qəza törətmiş Həmid İbrahimov isə bildirir ki, əgər o qəzanı qəsdən törətmiş olsaydı avtomobili icbari sığorta olunan «AzSığorta» ona qarşı subarqasiya qaldırardı (yəni bu şirkət «Opel»in təmiri üçün etdiyi ödənişi «Chevrolet Camaro»nun sahibindən geri istəyərdi – belə praktikalar var – FED.az). Lakin qəzanın qəsdən törədilməsi faktı qeydə alınmadığı üçün belə bir hal da olmayıb. Həmçinin yol polisi də cinayət işi açmayıb ki, bu da qəzanın qəsdən törədilməyini sübut edir deyə Həmid İbrahimov bildirib.
Xəyal Məmmədxanlı isə hadisənin qəsdlə törədildiyni Cinayət Məcəlləsinin müvafiq maddələri - 26.2 və 26.3 ilə əsaslandırır. Həmin maddələrdə deyilir:
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
Xəyal Məmmədxanlı hadisənin ictimai əhəmiyyətini də qeyd edir: «Dünya sığorta elmində bir aksioma var, ingilis dilində belə deyilir: “insurance CANNOT (MUST NOT) be against public policy”, yəni sığorta ictimai fikrə,rəyə zidd olmamalıdır. Çünki,əks halda sabah nə baş verəcək? Hamı rahatlıqla qırmızıda keçəcək, avtoxuliqanlıq edəcək, əks hərəkət edəcək, bizim ailə üzvlərindən kimisə öldürəcək. Siz də çıxıb deyəcəksiniz ki, düz edib, pulunu ödəyin?. Nəhayət, bir vətəndaş kimi mövqeyimi deyirəm: ümumiyyətlə, yuxarıda sadaladığım əməlləri törədənlər nəinki sığorta almamalı, hətta cinayət məsuliyyətinə cəlb edilməlidir».
X.Məmmədxanlı FED.az-a açıqlamasında fikrini belə əsaslandırır: «Kimsə sığortalanıbsa o demək deyil ki, qəsdən istənilən pozuntuya yol versin və sonra sığorta ödənişi tələb eləsin. Bu ona bənzəyir ki, oğurluğa gedən şəxs ayağını sındıranda sığorta şirkətindən ödəniş tələb etsin. Və ya hansısa şəxs bütün əmlakını sığortalayıb, sonra onu kazinoda uduzub, sığorta ödənişi istəsin. Sığorta ödənişi zamanı hadisənin ictimai əhəmiyyəti də nəzərə alınmalıdır».
Sürücünün maraqlarını müdafiə edən hüquqşünas İlkin İbrahimov isə qəzanın qəsdən törədilməsi ilə bağlı deyilənləri əsassız sayır: «Çünki maşina dəyən zərər 15 min manatdan artıq olduğu halda, istədiyi sığorta ödənişi cəmi 5 min manatdır. Hadisəni qəsdən törədən belə etməzdi».
Ümumiyyətlə, hüquqşünas bildirir ki, qırmızı işıqda keçməyə görə ödəniş verilməyəcəkdisə, bu məqam sığorta müqaviləsində istisna hal kimi hökmən qeyd edilməlidir.
Qanunvericiliyə istinada gəlincə, İ.İbrahimov bildirir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar ehtiyatsızlıqdan törədilir - İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Yeri gəlmişkən, X.Məmmədxanlı FED.az-a bildirib ki, onun araşdırmalarına görə, sözügedən sürücü həmin avtomobildə mütəmadi olaraq qırmızı işıqda keçirmiş: «Həmin şəxsin qırmızıda keçməsi ilə bağlı 3 protokolu və ödənilməyən cərimələri var, bu faktın özü sürücünün yol hərəkət qaydalarına necə yanaşdığını göstərir».
Hadisə ilə bağlı fikirlərni bölüşən hüquqşünas, sığorta hadisələri üzrə ekspert Tural Şükürov qanunvericiliyin sürücünün tərəfində olduğunu bildirir. Onun sözlərinə görə, hadisənin qəsdən törədilməsi o deməkdir ki, adam bu hərəkəti törətməyi arzulayıb, bununla bağlı əvvəlcədən motivi, niyyəti və ya planı olub. «Tutaq ki, bu evən çıxanda desin ki, mən qırmızıda keçib kiməsə ziyan vuracam və sair. Bunu cinayət hüququndan xəbəriolan istənilən şəxs təsiqləyə bilər. Burada isə belə hal yoxdur».
T.Şükürov deyir ki, hadisə qəsdən törədilsəydi, polis də bununla bağlı qəsdən əmlakın zərər vurulan hərəkət kimi cinayət işi açardı, amma göründüyü kimi inzibati cəza təbiq edilib. Ölkənin tanınmış sığorta şirkətlərinin birində uzun müddət hadisələrin tənzimlənməsi şöbəsinin rəhbəri işləmiş Tural Şükürov bildirir ki, sürücü qırmızı işıqda keçərkən ehtiyatçızlığa yol verir və düşünür ki, baş verə biləcək hadisənin qarşısını ala biləcək: «Sürücü qırmızı işıqda keçərkən hesab edir ki, qəzadan yayına biləcək. Məhz buna görə onun törətdiyi hadisə qəsdən deyil, ehtiyatsızıq sayılır: «Əks halda bu avto xuliqanlıq sayılardı».
T.Şükürov bildirir ki, illər əvvəl belə hadisə ilə rastlaşıb: «Bir neçə il əvvəl belə bir hal olmuşdu. Sürücü avtoxuliqanlıq edərək başqa avtomobilə zərər vurmuşdu və onun icbari sığortası bizim şirkətdə idi. Yol polisi bunu inzibati pozuntu sayaraq belə 327.1-ci maddəni tətbiq etmiş, buna uyğun rəsmiləşdirmişdi Amma biz məsələni araşdırdıq. Məlum oldu ki, həmin sürücü, yeni il gecəsi restoranda dostları ilə məclisdə mərcləşiblər və söz verib ki, buradan çıxıb gedib maşını təkərləri qaldıraraq sürəcək, bunun üçün əl tormozunu çəkəcək və s. Biz bununla bağlı şahidlər tapdıq, həmin söhbətin olduğunu bizə restoranda oturan digər şəxslər və ofisiantlar da təsdiqlədilər. Nəticədə məhkəmədə polisin protokolunu ləğv etdirdik və ödənişdən imtina verdik. Yəni bu hərəkətin ehtiyatsızlıq üzündən deyil, qəsdən törədildiyini sübut etmək asan əsələ deyil və bunun üçün ciddi dəlillər olmalıdır. Amma sözügedən hadisədə (yəni «Camaro» hadisəsində – FED.az) belə hal yoxdur. Məncə iş məhkəməyə getsə, sürücü qalib gələcək».
Doğrudan da məsələnin ciddiliyini və tərəflərin öz mövqelərini prinsial şəkildə müdafiə etməsini nəzərə alanda
istisna deyil ki, hadisə nəinki məhkəməyə çıxarılacaq, hətta məhkəmə çəkişməsində axırınca instansiyaya qədər uzanacaq.