Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Qala Sığorta” şirkətinin bu ilin 10 ayı üzrə yığım göstəricisində (son bir illə müqayisədə) azalma olub. Statistikaya nəzər saldıqda məlum olur ki, ümumiyyətlə azalma tendensiyası cari ilin sentyabr ayından başlayıb.
Qeyd edək ki, praktiki olaraq adətən yeni müqavilələrin bağlanılmaması, satış strategiyasının düzgün qurulmaması və bunun nəticəsində satış komandasının qeyri-çevik davranışları sığorta şirkətinin yığmlarının azalmasına gətirib çıxaran amillərdən hesab olunur.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “Qala Sığorta” bu ilin 10 ayında ərzində 34,707 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3,173 mln. manat və ya 8,4% azdır.
Hesabat dövründə şirkətin sığorta ödənişlərində artım müşahidə olunub. Belə ki, baş vermiş sığorta hadisələri üzrə zərərçəkmiş müştərilərə ödənilən vəsaitlərin həcmi 505 min manat və ya 11,3% artaraq 4,982 mln. manata çatıb.
Sığorta ödənişlərindəki artım şirkətin öhdəliklərinin vaxtında icrasından xəbər verir. Ödənişlərin həcminin çox olması müştərilərdə şirkətə qarşı inam və etibarı daha da artırır.
Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.