Müsahibimiz Azərbaycanın tanınmış peşəkar sığorta eksperti Aqşin Əlizadədir.
Aqşin müəllim, Azərbaycanda məcmu kapital tələbinə cavab verməyən sığorta şirkətlərini hansı risklər gözləyir?
Sığortaçılar investorlarının və sığortalılarının külli miqdarda aktivlərini idarə edən bir maliyyə institutlarıdır. Bu qədər vəsaitin toplandığı və idarə olunduğu bir maliyyə təşkilatlarına xüsusi nəzarət və maliyyə sabitliyi tələblərinin müəyyən edilməsi başa düşüləndir. Bu məqsədlə sığorta qanunvericiliyində məcmu kapital, sığorta ehtiyyatları və tələb olunan capital məbləği kimi maliyyə normativləri müəyyən edilmişdir.
Məcmu kapital sığortaçının öz vəsaitinin diversifikasiya normalarına cavab verən və likvid hesab edilən hissəsidir. Tələb olunan kapital isə sığortaçının öz öhdəliklərini yerinə yetirməsi üçün tələb olunan (sığorta ehtiyatlarından əlavə kapital marjası) məbləğdir.
Qanunvericiliyə əsasən sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalına bərabər və ya ondan çox olmalıdır.
Belə hallar olduqda nəzarətedici qurum tərəfindən hansı tədbirlər görülməli, ilkin olaraq hansı addımlar atılmalıdır?
Əgər sığortaçının məcmu kapitalı onun hesablanmış tələb olunan kapitalından aşağı həddə düşərsə maliyyə nəzarəti orqanı bu tələbin bərpası üçün sığortaçıya icrası məcburi olan göstəriş – Təqdimat verməlidir. Bu kapital nisbəti 30%-dən də aşağı həddə enmişdirsə o halda sığorta nəzarəti orqanı sığortaçının məcburi ləğvi barədə qərar qəbul edə bilər.
Maliyyə sabitliyi tələblərinə cavab verməyən sığortaçı maliyyə nəzarəti orqanı tərəfindən sanksiyalara, o cümlədən, müflisləşmə prosesinə başlanması ilə bağlı qərarın qəbul olunması riski ilə qarşılaşa bilər.
Sığortaçılarda maliyyə sabitliyi tələbləri müstəqillik illərində müəyyən intibah dövrü keçmişdir. 1999-cu ildə qəbul olunmuş və artıq qüvvədən düşmüş “Sığorta haqqında” qanunda bu tələblər bir az daha sadə formada idi. Belə ki, sığortçıda kapital tələbi yalnız nizamnamə kapitalının məbləğinə aid edilirdi.
Beləliklə, 2007-ci ildə Dünya Bankının texniki dəstəyi ilə “Sığorta fəaliyyəti haqqında” qanun qəbul olundu. Burada artıq sığorta ehtiyyatlarına tələblər artırıldı. Bundan əlavə tələb olunan kapital normativi hazırlandı. Daha sonra sığortaçının öz vəsaitinin investisiyalar üzrə diversifikasiya normaları hazırlandı. Artıq bununla da sığortaçının bütün investisiyaları tam deyil, yalnız onun likvid hissəsi məcmu kapital hesab edildi.
Bəs bu yanaşma hazırda sığortaçıların maliyyə sabitliyinin təmin edilməsi üçün kifayət edirmi? Əgər kifayət edirsə o zaman nə üçün sığortaçı iflasları ilə qarşılaşırıq?
Bəli düşünürəm ki, mövcud tələblər sığortaçıların maliyyə sabitliyinin tam təmin edilməsinə imkan yaradır. Burada sığortaçıların öz maliyyə sabitliyinin itirilməsinin səbəbləri müxtəlif ola bilər. Məsələn əsas səbəblərdən biri də sığortaçının bu normativlərə riayət etməməsi və onu kobud şəkildə pozması ola bilər.
Bu halda çıxış yolunu nədə görürsünüz?
Bu problem bütün dünyada baş verə bilər. Hazırda dünyada sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinin ən effektiv yolu risk əsaslı nəzarət və risk əsaslı kapitallaşma sistemidir. Bu sistem nəzarət resurslarınının daha səmərəli idarə edilməsinə imkan yaradır və resursların daha çox rutin yoxlamalara deyil, problemli maliyyə təşkilatlarına yönəldilməsi tələb edir. Risk əsaslı nəzarət sistemi öncədən xəbərdar edici testlər vasitəsi ilə problemli maliyyə təşkilatların müəyyən edilməsini və o təşkilatlar üzərində fokuslanaraq nəzarətin gücləndirilməsini önə çıxarır. Burada ən önəmli məsələ sığortaçıda baş verən tendensiyalara əsaslanaraq problemi öncədən müəyyən etməkdir. Daha sonra müəyyən edilmiş mənfi tendensiyaların səbəbləri öyrənilməli və onun aradan qaldırılması üçün həmin sığortaçıya məcburi icra göstərişləri verilməlidir. Problemli sığortaçı bu göstərişlərə dəfələrlə əməl etmədikdə, sığorta nəzarət orqanı vəziyyəti dəyişmək üçün orada idarəetməni öz üzərinə götürə və orada müvəqqəti inzibatçı təyin edə bilər.
Problemli sığorta şirkətinə - İNZİBATÇI TƏYİN EDİLMƏLİDİR – MÜSAHİBƏ
15:57
21 Fev 2019