Azərbaycanın aparıcı sığorta şirkətlərinin – “Atəşgah Həyat” və “Atəşgah Sığorta”nın daxil olduğu “Atəşgah” Sığorta Qrupu 2025-ci il üzrə strateji maliyyə hədəflərini açıqlayıb.
FED.AZ xəbər verir ki, hədəflərlə bağlı məlumatlar “Atəşgah” Sığorta Qrupunun Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı keçirdiyi tədbirdə təqdim edilib.
Bildirilib ki, 2025-ci ilin sonunadək “Atəşgah” Sığorta Qrupunun maliyyə hədəflərində sığorta yığımlarının həcmi 218 milyon manat, gəlirləri isə 21,5 milyon manat proqnozlaşdırılıb.
Bundan başqa, cari ilin sonunadək Qrupun bazar payı üzrə hədəfi TOP 2-də qərarlaşmaq, eləcə də Azərbaycan Mərkəzi Bankının reytinqinə əsasən müştəri şikayətləri indeksinin daha aşağı səviyyəyə endirməkdir.
(*) Qeyd edək ki, Azərbaycan sığorta bazarında aktivliyi ilə seçilən "Atəşgah Sığorta" şirkəti 25 ildən artıqdır ki fəaliyyət göstərir. müştərilərinə 30-dan çox könüllü və icbari sığorta növləri üzrə geniş spektrli sığorta xidmətlər təqdim edir. Şirkət gələcəkdə də innovativ yanaşmalar və yüksək ixtisaslı komandası ilə sığorta sektorunun inkişafına öz töhfəsini verməyə davam edəcək.
Cari ilin ilk 5 ayında şirkət 25,764 milyon manat sığorta haqqı (2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,892 milyon manat və ya 17,8% artım) toplayıb. Bu dövrdə şirkətin sığorta hadisələri üzrə ödədiyi vəsaitlərin həcmi 16,623 milyon manat (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,969 min manat və ya 92,1% artım) təşkil edib
(*) Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilib. Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq müstəsna olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçib.
Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir. “Atəşgah Həyat” SŞ sığorta xidmətlərini həm fiziki, həm də hüquqi şəxslərə təqdim edir.
“Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində Azərbaycanda ilk olaraq istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müddətsiz lisenziya almışdır.
“Atəşgah Həyat” SŞ-də 100 nəfərdən artıq əməkdaş çalışır. Müştərilərə keyfiyyətli peşəkar xidmətlərin göstərilməsi məqsədilə şirkət əməkdaşları üçün daim təlimlərin keçirilməsini təmin edir.
Şirkətin müştəriləri sırasında BP, Statoil, Azeri M.I. Drilling kimi iri şirkətlər, Azercell, Bakcell, Azerfon kimi GSM operatorlar və digərləri vardır.
“Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq, “Atəşgah Həyat” SŞ öz xidmətlərini Bakıda fəaliyyət göstərən on üç ofis, habelə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Mingəçevir, İsmayıllı, Salyan, İmişli və Bərdə şəhərlərində fəaliyyət göstərən ofislər vasitəsilə təqdim edir.
“Atəşgah Həyat” SŞ sığorta xidmətlərini tərəfdaşlar şəbəkəsi vasitəsilə də təqdim edir. Şirkətin etibarlı tərəfdaşları sırasında Access Bank, Bank of Baku, YapıKredi Bank və bir çox digər maliyyə qurumları da vardır.
2025-ci ilin yanvar-may aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 49,604 mln. manat sığorta haqqı (2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,124 mln manat və ya 25,6% artım) toplayıb.
Şirkətin ödənişləri isə 22,176 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,893 milyon manat və ya 4,2% artım deməkdir.
Xatırladaq ki, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin əldə etdiyi göstəricilər onun müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə icra etmə bacarığını aydın şəkildə nümayiş etdirir. ISO 9001:2015 standartlarına uyğun fəaliyyət göstərən şirkət, xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində davamlı inkişaf strategiyasını uğurla həyata keçirir.