Azərbaycanda müştərilərin sığorta şirkətlərindən əsassız imtina cavabı almasına görə, şirkətlərin özü ilə yanaşı imtina cavabına imza atan vəzifəli şəxslər də cərimələnməlidir. Bu barədə FED.az-a sığorta mütəxəssisi, sığorta hüqüqpozmalarını araşdıran İlkin İbrahimov bildirib.
Ekspert bu məsələni yaxın vaxtlarda görüş keçirəcəyi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qarşısında qaldırmaq niyyətindədir.
İ.İbrahimov bildirib ki, sığorta sektorundakı hüquqpozmalarla bağlı qaldırdığı məsələlərlə əlaqədar olaraq yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmiləri ilə görüş keçirəcək. Görüşdə sığopta sektoru ilə bağlı bəzi məsələlər qaldırılacaq.
Şirkətin səhmdarı İH-dən hesab soruşacaq
Görüşdə qaldırılacaq birinci məsələ sığorta şirkətinin müştərilərə əsassız imtina verməsi zamanı şirkətin özü ilə yanaşı, imtina cavabına imza atan vəzifəli şəxsin də cərimələnməsi olacaq: «İlk məsələ bu olacaq - sığortaçıların yazılı imtinalarının qanunamüvafiq olmadıqda, həm sığorta şirkətinin özü və ona imza edənin İizibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunması». Ekspert bildirir ki, bu cərimənin tətbiqinin vaxtı çatıb, çünki son vaxtlar şirkətlər tərəfindən əsassız və qanunsuz imtinaların sayı artmaqdadır: «İnzibati Xətalar Məcəlləsinin 468-ci maddəsində deyilir ki, müştəriyə verilən yanlış məlumata görə, hüquqi şəxslər 8-10 min manat, məsul şəxslər isə 1500-2000 manat arasında cərimələnməlidir. Amma indiyədək bu qanun tətbiq edilmir».
Ekspert bildirir ki, əsassız imtinaya görə, şirkətlə yanaşı vəzifəli şəxsin də cərimələnməsi cəzanın ağırlığını artırmaqla yanaşı, şirkətin səhmdarlarının diqqətini də bu məsələyə yönəldəcək: «Onlar şirkətin idarə heyətindən belə cərimələrin artmasının səbəbini soruşacaq və onlara qarşı tədbir görəcəklər. Nəticədə məsul şəxs, məsələn, İH sədri hər gətirilən sənədə imza atmayacaq, yəni burada məsuliyyət təkcə şirkətin deyil, həm də adamın üzərinə qoyulur».
Vaxt müştəriyə deyil, şirkətə işləyir
Görüşdə qaldırılacaq ikinci məsələ əmlakın qiymətləndirilməsi zamanı mübahisə yarandıqda müstəqil ekspertlərin təyini ilə bağlı olacaq.
İ.İbrahimovun sözlərinə görə, əmlakın qiyətləndirilməsi mövzusu sığorta mübahisələrində tez-tez ortaya çıxır. Bir qayda olaraq sığorta şirkətləri əmlakın dəyərini azaltmağa (hadisə baş verəndə daha az ödəniş edilməsi üçün), müştərilər isə artırmağa (daha çox ödəniş almaq üçün) cəhd edirlər.
Hazırda bu vəziyyət sığorta şirkətlərinin xeyrinədir: «indi məsələ belədir - sığorta şirkəti müştəriləri yalnız özünün seçdiyi qiymətləndiriciyə yönəldir. Həmin qiymətlənliricilər də sığorta şirkətinə sərf eləyən qiymət çıxarırlar. Müştərilər ondan fərqli qiymətləndirici tapanda sığorta şirkəti onunla işləməkdən imtina edir. Qanuna görə isə qiymətləndiricinin seçiminə hər iki tərəf razı olmalıdır. Ona görə də mübahisə məhkəməyə gedib çıxır – məsələ uzanır. Vaxtın uzanması isə müştəriyə sərf eləmədiyinə görə, sonda o şirkətlə razılaşmalı olur». Ekspert bildirir ki, indiyədək Maliyyə Bazarlarına Nəzarət Palatası bu prosesə o qədər də müdaxilə etmirdi, amma indi bu müdaxilənin vaxtı çatıb və Palata özü qiymətləndirici təyin etməlidir: «Palata müştərilər üçün problem yaradan bu sahədə qayda-qanun yaratmaq üçün belə mübahisələrdə özü qiymətləndirici təyin etməlidir».
Sığortaçı, yoxsa «sığortalı?Görüşdə qaldırılacaq 3-cü məsələ isə «İcbari sığortalar haqqında» qanununda "zərərin sığortaçının seçimi əsasında təyin edilməsi " ifadəsinin səhv getməsi barədə olacaq. Hüquqşünas hesab edir ki, həmin ifadə səhvdir və sığorta şrkətlərinə böyük üstünlüklər verir. Əslində burada «sığortaçı» sözü, «sığortalı» sözü ilə əvəz edilməlidir. Yəni zərər şirkətin deyil, müştərinin seçimi əsasında təyin edilməlidir.