“Hər an baş verə biləcək xoşəgəlməz və gözlənilməz hadisələr nəticəsində əlavə maddi itkiyə məruz qalmamaq üçün daşınmaz əmlakın icbari sığortası üzrə şəhadətnamələrin əldə edilməsi qanunvericilik ilə mütləqdir.”
Bunu FED.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “AtaSığorta” şirkətinin departament direktoru Nigar İbrahimova deyib. O, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmamış vətəndaş və sahibkarların hansı məhdudiyyətlərlə qarşılaşacaqlarına da aydınlıq gətirib:
“Qanunvericiliyə əsasən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə müqaviləsi olmayan əmlak sahiblərinə cərimələr nəzərdə tutulub. Yaxın vaxtlarda bu cərimə mexanizminin işlənib tətbiq edilməsi daşınmaz əmlakın sığortalanması istiqamətində fəallığı bir qədər də artıracaq”.
Ekspert, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ötən ilin son aylarında bağlanmış, lakin bu günlərdə müddəti bitməkdə olan müqavilələrlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, müqavilələrin yenilənməsi istiqamətində proses davam edir:
“Doğrudur, qeyd olunan istiqamətdə aktivlik bir o qədər də yüksək səviyyədə olmasa belə, proses davam edir. Təəssüf ki, bir qism vətəndaşlar sığortaya hələ də artıq xərc kimi baxır. Lakin belə hesab edirəm ki, sığorta hadisəsinin hər an baş verə bilmə ehtimalının mövcudluğunu daim diqqətdə saxlamaq lazımdır.”
ASA-nın “Ekspert qrupu”nun üzvü N.İbrahimova açıqlamasında “Daşınmaz əmlakın icbari sığortası” ilə qarşılanan risklər, tarif və təminatları diqqətə çatdırıb:
“Daşınmaz əmlakın icbari sığortası” yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri kimi risklərə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta haqqı və təminat məbləği aşağıdakı kimi müəyyən edilir:
Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta təminatı 25 min manat;
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manat;
Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta təminatı isə 15 min manatdır.