Sığorta mübahisələri danışıqlarla həll ediləcək, sığorta şirkətləri bankların «qarmağından» çıxacaq, bəzi sığorta növləri isə icbariləşəcək. Sığorta sektorunda gözlənilən yeniliklər və planlarla bağlı FED.az-ın suallarını Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli cavablandırır.
- Mustafa müəllim, bir qədər əvvəl Azərbaycanın sığorta sektorunda mübahisələrin məhkəməyə qədər, yəni mediasiya ilə həlli təklif edilib. Bu yenilik sığorta bazarına nə üçün lazımdır?
- Məhkəməyə qədər mübahisələrin həlli üçün çalışırıq ki, "Mediasiya İnstitutu"nu Azərbaycana gətirək. Bu mübahisə tərəfləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə nail olmaq məqsədi daşıyır. Bununla biz nəyə nail olacağıq? Bugün Azərbaycanın sığorta bazarında narazılıqların kökündə dayanan problemlərdən biri mübahisələrin həllinin uzun-uzadı davam etməsi və nəticədə hər iki tərəfin çox vaxt və resurslar itirməsinə səbəb olmasıdır. Çalışırq ki, müddətin qısaldılmasına nail olaq və prosesə adətlilik gətirək. Düşünürük ki, dünya sığorta bazarında geniş şəkildə istifadə edilən bu institutun Azərbaycanda yaranması sektoun inkişafına xidmət edəcək.
- Bəs, Azərbaycanda bu barədə qanun varmı?
- Mediasiya haqqında qanunun ilin sonuna qədər qəbul olunması gözlənilir. Bu institutun yaranması strateji yol xəritələrində də nəzərdə tutulub. Bəzi məhkəmələrdə artıq pilot layihələr həyata keçirilir. Burada məhkəməyə qədər mübahisələrin həllinə baxılır. Biz bu təcrübənin sığorta bazarına da tətbiq edilməsini və bütövlükdə sektorun bundan faydalanmasının istəyirik.
- Hazırda sığorta şirkətlərinin nizamnamə kapitalı ilə bağlı tələblər 5 və 10 milyon manat arasındadır. Sizcə şirkətlərin öz üzərlərinə götürdüyü riskləri idarə edə bilməsi üçün bu həddin artırılmasına ehtiyac varmı?
- Hazırda bu məsələ gündəmdə deyil. Kapital tələbləri yeni açılan şirkətlər üçün 10 milyon, əvvəl açılanlara isə 5 milyon manat civarındadır. Mövcud reallıqları nəzərə alsaq, düşünürəm ki, bu məsələ hələ ki müzakirə mövzusu deyil.
Eləcə də bax:Azərbaycanın valyuta ehtiyatlarına nə almaq olar? - SİYAHI
- Sığorta şirkətləri yığımlarının 60 faizini banklara depozit şəklində yerləşdirirlər. Sizcə, bu vəsaitlərin diversifikasiyası lazım deyilmi?
- Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və sığorta şirkətləri arasında sığorta şirkətlərinin investisiya qaydaları müzakirə olunur. Bu qaydalara əsasən, biz çalışırq ki, sığorta şirkətlərinin investisiya alətlərinin sayı artsın. Hazırda sığorta şirkətləri qiymətli kağızlar bazarının ən fəal iştirakçılarına çevrilirlər və bu tendensiya güclənir. Sığorta şirkətləri yaranmış vəziyyəti qiymətləndirərək, alternativ investisiya alətlərinə müraciət etməyə səy göstərirlər və bazarda bu alətlərin artması ancaq bizim xeyrimizədir.
- Siz bu yaxınlarda belə bir təkliflə çıxış etmişdiniz ki, icbari sığorta növlərinin artırılmasının tərəfdarısınız. Sığorta növlərinin icbari qaydaya keçirilməsi nə üçün lazımdır?
- Məlumatı bir qədər dəqiqləşdirmək istərdim. İcbari sığorta növlərinin sayının artırılmasını təklif etmirik, sadəcə bəzi sığorta növləri var ki, icbari sığorta olsa da, bazarda imitasiyası bir qədər zəifdir. Xüsusilə qeyd edim ki, əmlak sığortası icbaridir, ancaq bazar iştirakı çox zəifdir. Konkret rəqəmlə desək, hazırda əmlak sığortasının bazar payı 10-15%-dir. Halbuki, əmlak bazarının həcmi 200-300 milyon dəyərində hesablanır. Biz çalışırq ki, daşınmaz əmlak sığortası iştirakının səviyyəsini artıraq. Bunun üçün müəyyən alətlər hazırlanır. Amma xarici təcrübəni nəzərə alaraq, bəzi sığorta növlərinin icbariləşdirilməsi də ola bilər. Çünki könüllü sığorta növlərinin inkişafı məhz icbariləşmədən keçir. Yəni bir müddət sığorta növü icbariləşsə, inkişafdan sonra icbariləşməni aradan qaldırmaq olar.
- Bir məsələni də dəqiqləşdirək. Əmlak sığortasının icbariləşmə ilə bağlı tənzimləmə qaydaları, yoxsa cəzanın sərtləşdirilməsindən söhbət gedir?
- Bu sığorta növü icbaridir. Ancaq onun tətbiqi mexanizmi yoxdur. Avtomobil sığortası ilə müqayisə etsək, bu sığorta növü də icbaridir, ancaq onun geniş tətbiq mexanizmi var. Elektron protokollar tərtib olunur, texniki baxışda tələb edilir, amma əmlakda bu, yoxdur. Biz çalışacağıq ki, müəyyən cəza alətləri düşünülsün.
- Məsələn, hansı cəza alətlərindən söhbət gedir?
- Hazırda biz ASA olaraq bununla bağlı təkliflər hazırlayırıq, bunlardan biri cərimə mexanizminin işlənib hazırlanmasıdır.
Mustafa Abbasbəyli: «Sığorta mübahisələri hamını yorur» - MÜSAHİBƏ
09:57
12 Mart 2018