Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü, Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Fed.az saytına eksklüziv müsahibəsi
- Pərviz müəllim, sığorta şirkətlərinin Korporativ İdarəetmə sisteminin effektivliyi günün tələblərinə cavab veririmi ?
- Daxili audit və daxili nəzarət üzrə təcrübəmdən istifadə edərək, əsas yanaşmamı daxili nəzarət sistemi prizmasından etmək istəyərdim. İlk növbədə qeyd etmək istəyirəm ki, sığorta sektoru və bank sektoru digər sahələrdən və sektorlardan fərqli olaraq, Azərbaycanda requlyator orqan tərəfindən daha çox dəstəklənirlər və institusional inkişaf baxımından daha qabaqcıldırlar. Yəni, requlyatorun korporativ idarəetməyə olan tələbi və eyni zamanda sığorta və bank qanunvericiliyinin tələbləri bu sahələrdə korporativ idarəetmənin daha aparıcı olması ilə izah olunur.
- Bu sahədə effektivliyi necə artırmaq olar?
- Sığorta və bank sektorlarında daxili nəzarət sistemini özündə cəmləşdirən funksiyaların yaradılması, eyni zamanda həmin funksiyaların effektiv işləməsi birbaşa səhmdarların bu məsələyə necə münasibət bəsləməsi ilə bağlıdır.
Şirkətin daxili nəzarət sisteminin daha mükəmməl olması üçün beynəlxalq təcrübələrdə bu sistemin daxildən möhkəmlənməsinə daha çox üstünlük verirlər. Bu isə korporativ idarəetrmə sisteminin inkişafı ilə birbaşa əlaqədardır. Daxili nəzarət sisteminin bir neçə pillədən ibarət bir sistem kimi nəzərdən keçirdiyimizdə, bu sistemin əsas iştirakçıları kimi, risklərin idarə edilməsi funksiyasını və daxili audit funksiyasını xüsusilə qeyd etmək lazımdır.
- “Daxili audit”in və “risklərin idarə edilməsi” funksiyalarının rolu nədən ibarətdir?
- Daxili nəzarətin korporativ idarəetmə sisteminin ayrılmaz hissəsi olduğunu bilərək, bu funksiyaların hər birinin ayrı-ayrılıqda rolunun nədən ibarət olduğuna aydınliq gətirmək istəyirəm. “Risklərin idarə olunması” funksiyası şirkətin İdarə Heyətinə tabe olaraq, əsasən aşağıdakı fəaliyyəti həyata keçirir ki, bunlar da şirkətin fəaliyyətində mövcud olan və ehtimal olunan riskləri müəyyən etmək, müəyyən olunmuş riskləri təhlil etmək, onların dərəcəsini ölçmək, eləcə də, hər bir müəyyən olunmuş riskin dərəcəsindən asılı olaraq, riskləri idarə etmək üçün nəzarət mexanizmləri yaratmaqdır.
Daxili audit funksiyası isə öz növbəsində şirkətin səhmdarlarına hesabatlı olaraq, yaradılmış nəzarət mexanizmlərinin adekvatlığını qiymətləndirən bir funksiyadır. Yəni, yaradılmış nəzarət mexanizmlərinin biznesin həcminə, əməliyyatların sayına, mövcud şəraitə uyğunluğunu qiymətləndirir və buna uyğun rəy verir.
- Qanunvericilik nə tələb edir?
- Nəzərə almalıyıq ki, bank qanunvericiliyində həm risklərin idarə edilməsi, həm də daxili audit funksiyalarının yaradılmasına və bankın korporativ təşkilati strukturunda icbari şəkildə olmasına qarşı tələb var. Bununla yanaşı nəzərə almalıyıq ki, bank qanunvericiliyində həm risk komitəsinin, həm də audit komitəsinin yaradılmasına qarşı tələb var. Buradan belə nəticəyə gəlmək olar ki, bu iki funksiya bir-birini tamamlayır və daxili nəzarət sistemində hər ikisinin olması daha rasional və effektivdir.
- Bu məsələ sığora qanunvericiliyi ilə necə tənzimlənir?
- Sığorta sektoruna gəldikdə isə daha fərqli bir mənzərənin şahidi oluruq. Sıgorta qanunvericiliyinə görə sığorta şirkətləri öz korporativ idarəetmə sistemində daxili audit funksiyasını və onun işinə ümumi nəzarəti həyata keçirən təftiş komissiyasını yaratmalıdırlar. Lakin, risklərin idarə edilməsi funksiyasının yaradılmasına qarşı heç bir tələb yoxdur. Belə bir nəticəyə gəlmək olur ki, nəzarət mexanizmlərini yaradan funksiya yoxdur, ancaq nəzarət mexanizmlərinin adekvatlığını qiymətləndirən funksiya aktivdir. Məntiqi sual ortaya çıxır ki, əgər nəzarət mexanizmi yaradılırmırsa, onun necə işləməsini qiymətləndirən funksiya nəyə lazımdır?.... Deməli, buradan belə bir rəy söyləmək mümkündür ki, sığorta şirkətlərində daxili nəzarət sistemi hər iki funksiya olmadan effektiv ola bilməz. Hal-hazırda nəzərə alsaq ki, sığorta şirkətlərində daxili audit requlyatorun tələbinə uyğun yaradılırsa, risklərin idarə edilməsi funksiyasını daha proqressiv menecmenti olan şirkətlər yaradırlar.
- Problemin həlli yolunu nədə görürsünüz?
- Hesab edirəm ki, sığorta şirkətləri və eyni zamanda requlyator tərəfindən bu məsələyə ciddi reaksiya verilməlidir, eyni zamanda sığorta qanunvericiliyinə müvafiq dəyişikliklər aparılmalıdır. “Risklərin idarə edilməsi” funksiyasının və “Risk komitəsi”nin korporativ idarəetmə sistemində yaradılması icbari tələb kimi qoyulmalıdır və tənzimləyici orqan tərəfindən risklərin idarəedilməsi funksiyasına uyğun müvafiq standartlar hazırlanmalıdır. Bu məqsədlə aparıcı ölkələrin təcrübələrindən yararalanmaq olar. Misal olaraq, Avropa Birliyi ölkləri üçün yaradılmış SOLVENSY-II standartlarından faydalanmaq olar.
Bir daha qeyd etmək istəyirəm ki, tam olmayan korporativ idarəetmə sistemi heç vaxt effektiv ola bilməz, bu barədə qərar qəbul etmək heç vaxt gec deyil.
- Müsahibəyə görə təşəkkür edirik.