Azərbaycanda bəzi sığorta şirkətləri sığorta hadisələri zamanı ödənişdən yayınmaq üçün hadisə ilə bağlı sənədləri qəsdən it-bata salırlar. Bu barədə FED.az-a sığorta hüquq pozmalari üzrə ekspert, hüquqşünas İlkin İbrahimov bildirib. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində sənədlər məsuliyyətsizlik və ya bilərəkdən itirilir. Nəticədə şirkətlərlə vətəndaş arasında mübahisələr başlayır və ödəniş edilmir.
İlkin İbrahimov ölkənin məşhur sığorta şrkətlərindən biri olan “Standart Insurance”i də ödənişdən yayınmaq üçün sənədləri qəsdən itirməkdə günahlandırıb.
Hüquqşünas FED.az-a açıqlamasında bildirib ki, ümumilikdə sığorta hadisəsi baş verəndə və sənədlər toplanıb təqdim ediləndə vətəndaşın savadsızlığı qarşı tərəfin (sığorta şirkətinin) əməkdaşlarının diqqət etdiyi məqamlardandır. Hazırda tək sığorta şirkətləri deyil, demək olar ki, bütün orqanlarada belə halla rastlaşmaq olar.
Nədir məsuliyyətsizlik?
Ekspertin sözlərinə görə, elə sığorta şirkətləri var ki, müştəri xidmətlərində oturan əməkdaşları yaxın dost tanışın tapşırığı ilə, hətta rəhbər şəxslərin yaxın tanışlarından ibarətdir. Sistemin düzgün qurulmaması, bacarıqsız, səriştəsiz şəxslərin işə biganə və etinasız yanaşması, çox işlər fonunda ona tapşırılan əmrləri gözardı etməsi məsuliyyəti şərtləndirən əməllərdəndir.
Bilərəkdən itirilmiş sənədlər nədir?
İlkin İbrahimov bildirir ki, bilərəkdən itirilmiş sənədlər konkret olaraq rəhbər tərəfindən onun tabeliyindəki işlərə bağlı vətəndaşın savadsızlığından istifadə edib bəzi sənədlərin bilərəkdən itirilməsi gələcəkdə mübahisə doğuran zaman təqdim olunmamasının planlaşdırılmasıdır. Başqa sözlə, sənəd ona görə itirilir ki, sonradan vətəndaş ödənişi tələb etmək üçün əsas tapmasın.
Hüquqşünas belə halla rastlaşmaaq üçün vətəndaşlara məsləhət görür ki, «söz uçar, yazı qalar» fikri ilə hərəkət etsinlər: «yəni bütün addımları yazılı formada etmək və bu yazılı formanın nüsxəsinin surətini çıxararaq vəzifəli və məsul şəxsə imzalatdıraraq özünüzdə sübut kimi saxlamağınız məsləhətdir».
Hüquqşünas, hər bir halda edilən hərəkətlərin yazılı formada reallaşdırılmasının səmərəsi ilə bağlı belə bir real hadisə də danışdı:
“27 fevral 2017-ci il tarixdə saat 18:40 radələrində Nəsimi Rayonu C.Məmmədquluzadə küçsəsi ilə Bakıxanov küçələrinin kəsişməsində Hyundai markalı 10-AA-825 nömrəli avtomobil ilə yol qəza hadisəsi baş verir. Hadisə yerinə DYP nümayəndələri gəlir və məlum olur ki, həmin hadisə üzrə zərərvuran tərəf 10-AA-825 nömrəli avtomobilin sürücüsü Cəfərov Natiq Kamal oğludur. Bu barədə ona KYP 703617 saylı protokol tərtib olunur.
O da məlum olur ki, həmin maşının icbari sığortası “Standart Insurance” sığorta şirkətindədir. Bununla bağlı onlara lazımi məlumat verilir və onlar da öz növbəsində hadisə yerinə gəlir, hadisəni araşdıran orqana müvafiq sorğu verirlər. (01.03.2017-ci il tarixli 41317 saylı sorğu). Bundan sonra BDYP İdarəsi 3 mart 2017-ci il tarixdə onlara rəsmi cavab verir. Bununla da hadisə zamanı zərərvuran və zərərçəkən müəyyən olunur. Hadisə ilə bağlı DYP-yə sorğu verilsə də vətəndaşdan qəsdən ərizə alınmır və onu get-gələ salırlar.
Hadisədən 3 ay sonra vətəndaş hüquqşünasa müraciət edir və nümayəndə danışıqları yazışma şəklində aparmağa qərar verir. Sığorta tələbi barədə ərizəyə cavab olaraq sığorta şirkəti bildirir ki, vətəndaş sığorta tələbinin olması barədə müraciət etməyib. Bundan sonra avtomobilin qüsur aktının surəti sığorta şirkətinin əməkdaşı tərəfindən imzalanaraq götürülür. Bir müddət sonra vətəndaş mübahisə ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə zamanı sığorta şirkətinin hüquqşünası bildirir ki, onlara qüsur aktı təqdim edilməyib. Amma bu zaman müştərinin nümayəndəsi qüsur aktının əslini “qəbul etdim” imzalanmış sənədi məhkəmədə göstərir. Sığorta şirkəti deməyə söz tapmır.”
Qeyd olunan hadisədə sənədin müvafiq sığorta şirkəti tərəfindən itirilməsi ilə bağlı faktı dəqiqləşdirib səbəblərini öyrənmək üçün “Standard Insurance” ilə əlaqə saxladıq. Sığorta şirkətindən bizə dedilər ki, sənədlərlə bağlı heç bir problemləri olmayıb və bu kimi hallarla heç vaxt rastlaşmayıblar.
Hüquqşünas tövsiyyə edir ki, hər zaman hər yerdə yazılı sənədin bir nüsxəsinə “qəbul etdim” yazdırıb, çünki bu sizə çox lazım olacaq.
«Bizim sənədi qəsdən itiriblər» - SIĞORTA ŞİRKƏTİNDƏN ŞİKAYƏT
11:51
15 Noy 2017