Banner

Sığorta

Karantində sığorta hadisələri də azalıb – ŞİRKƏTLƏRDƏN AÇIQLAMA

Karantində sığorta hadisələri də azalıb – ŞİRKƏTLƏRDƏN AÇIQLAMA | FED.az
11:13 3 Aprel 2020

Ötən aydan koronavirus pandemiyasının qarşısını alınması məqsədilə ölkə ərazisində genişmiqyaslı məhdudiyyətlərin tətbiq edilməsi müsbət nəticələr də verib - mart ayında sığorta hadisələrinin sayında azalma olub.  FED.az-a sığorta şirkətlərindən bildiriblər ki, nəqliyyatın intensivliyi kimi, qəzaların da sayı azalıb.

“Ata Sığorta”nın sədri Orxan Məmmədov FED.az-a bildirib ki, fevral ayı ilə müqayisədə martda şirkətə daha çox hadisə barədə müraciət daxil olub: “Fevral ayında cəmi 603 hadisə barəsində müraciət daxil olub. 407 hadisə Bakı-Sumqayıt ərazisində, 196 hadisə ölkənin rayonlarında baş veribdir.

Mart ayında cəmi 737 hadisə barəsində müraciət daxil olub. 490 hadisə Bakı-Sumqayıt ərazisində, 247 hadisə ölkənin rayonlarında baş verib. Fevral ayında 6 yüngül xəsarətə, 16 az ağır-ağır xəsarətə və 5 ölümə görə ödəniş olunub. Maddi zərərin orta həcmi 1060 AZN olub.

Mart ayında 3 yüngül xəsarətə, 8 az ağır-ağır xəsarətə və 8 ölümə görə ödəniş olunub. Maddi zərərlərin orta həcmi 1010 AZN olub. Hadisələrin tipi YNH nəticəsində toqquşmadan və əksəriyyəti pik saatlarında baş verir”.

Bununla yanaşı, şirkət rəhbəri bildirib ki, mart ayının sonunda hadisələrin kəskin azalması baş verib. Bu özünü yəqin ki, aprel göstəricilərində də büruzə verəcək.

"Günay  Sığorta»dan isə FED.az-a bildirilib ki, yanvar–fevral ayları üzrə intensivlik nisbəti ilə mart ayında hadisələrinin sayı 8-10% azalıb.

“Kasko Butik” sığorta şirkətinin rəhbəri Xəyal Məmmədxanlı FED.az-a bildirib ki, fevral ayı ilə müqayisədə mart ayında 9% azalma var: “Nəzərə almaq lazımdır ki, karantin martın sonlarına doğru oldu. Əgər gedişat belə davam etsə, çox güman apreldə daha da azalacaq. Çünki maşınlar yollara çıxmır, hadisələr də demək olar ki, az-az olur. Əsas hadisələr martın 22-23-nə qədər olub. Bundan sonra sığorta hadisəsi ümumiyyətlə, azalıb”.

Sığorta hadisələrinin xarakteri də dəyişib

"Günay  Sığorta»dan isə FED.az-a verilən məlumata görə, son ay ərzində ümumi respublika üzrə karantin şərtlərini və yollarda avtomobillərin hərəkətinin məhdud sayda istismarlarını nəzərə alsaq, sığorta hadisələrinin xarakterində dəyişikliklər baş verib: «Məsələn, öncə yaranan çox sayda tıxaclar nəticəsində avtomobillərin zəncirvari toqquşmaları və ya ara məsafələrini düzgün saxlamadıqları üçün xırda toqquşmalar baş verirdi. Hazırda bu cür hallar azalıb və əsasən “Yol ver” nişanını pozan və idarəetməni itirən YNH-i törədən sürücülərin hadisələri artıb».

Hüquqşünas Elsəvər Tanrıverdiyev FED.az-a deyib ki, karantin rejimi dövründə daha az avtomobil hərəkəti olduğuna görə, sığorta hadisəsinin də daha az olma ehtimalı yüksəkdir:  « Ən çox hadisə iştirakçıları insanlardır. Karantin rejimi olduğuna görə, insanlar bayıra çıxmırlar. Bu zaman da risk faktoru ortadan qalxır».

Hüquqşünas İlkin İbrahimov da FED.az-a sığorta hadisələrinin sayının azalmasını karantin rejimi ilə əlaqələndirib. O bildirib ki, mövcud vəziyyətdə vətəndaşlar evdə qalması sığorta şirkətlərinin ödənişləri üçün münbit şərait yaradıb: “Vətəndaşlar evdə qaldığı üçün yanğın, yol nəqliyyat hadisələri daha az olur. Azərbaycan üçün xarakterik sığorta məsulları əsasən icbari və könüllü sığortalardır. Burada daşınan və daşınmaz əmlak, eləcə  də avtomobil sığortaları nəzərdə tutulur. Həyat sığortasında koronavirus istisna olunur. Bundan əlavə, istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı icbari sığorta növü də var. İşin dayanması istehsalatda baş verən bədbəxt hadisələrin ödənişi ilə bağlı riski də azaldır. Ona görə də mart ayında sığorta ödənişlərinin aşağı olacağı gözlənilən idi”.

Bəs bu vəziyyətdə ödənişlər necə verilir?

Məlumdur ki, hazırda məhdud sayda iş yerlərinin fəaliyyətinə icazə var. Tutaq ki, sığorta hadisəsi baş verir bu zaman şirkət qəza yerinə gəlməlidir, müştəri sığorta şirkətinə getməlidir və.s. Maraqlıdır, sığorta şirkətləri ödənişi necə etməyin, eləcə də avtomobilə necə baxmağın yolunu tapıblarmı?

Hüquqşünas bildirib ki, avtomobilə baxış dedikdə, əsasən zərərin müəyyən olunması məsələsi zəruri hesab olunur: “Zərərin müəyyən olunması üçün hadisə yerindən çəkilən şəkillərdən bir rəqəmin çıxarılması mümkündür. Amma hadisənin təfərrüatı ilə bağlı polisin arayışı kifayət edir. Əgər 1000 manata qədər zərər dəyibsə, polisin arayışına ehtiyac olmadan tərəflər öz arasında razılaşa bilər. Yəni tərəflər kimin günahkar, kimin zərərçəkən olduğunu müəyyən edə bilirlər. Amma dəymiş zərər 1000 manatdan yuxarı olduqda polisin arayışı lazım olur ki, zərər vuran kimdir, zərərçəkən kim. Yəni sığorta şirkətləri fotoşəkillərlə və polis arayışı ilə zərərə təminat verir”.

Ödəniş hissəsinə gəlincə, ekspert ödəmənin online edilə biləcəyini də vurğulayıb: “Mövcud situasiyada sənədlər online göndərilib eyni qayda da qərara qəbul edilə bilər. Avtomobillərə texniki servis göstərən müəssisələr işləsə, qiymətləndirməni onlar da edə bilər. Yəni qəzaya düşmüş avtomobilin zərərinin qiymətləndirilməsi problem deyil. Onsuz da sığorta mütəxəssisi dəymiş zərəri qiymətləndirmir, bu, təmir müəssisəsinin işidir. Ola bilər ki, avtomobil açılan zaman əlavə detallar da zərər görmüş olsun. Bu da ayrıca qiymətləndirilir. Çünki qəza olanda çöldən görünəni qiymətləndirə bilirlər. Avtomobil açılan zaman qiymətləndirmə dəyişilmiş olur. Buna görə zərərçəkmiş şəxslərə məsləhət edərdim ki, sığorta şirkətlərinin tövsiyə etdiyi texniki servis mərkəzlərinə getsinlər. Çünki qiymətləndirməni onlar yazdığına görə, hər hansı bir problem olmur, əlavəni də özləri təmir edirlər”.

Bəzi şirkələrdə sığorta ödənişləri «online» proqram təminatı üzərindən həyata keçirilir. Məsul əməkdaşlar, icazə çərçivəsində sığorta hadisələrinə çıxış edir, digər əməkaşlar isə elə evdən telefonla və ya digər elektron mail/şəbəkə proqramları vasitələri ilə müştərilərlə əlaqə saxlayırlar və sığorta ödənişinin alınması üçün müvafiq sənədləri qəbul edirlər. Hadisəyə aid olan digər sənədlər elektron portal vasitələri ilə dövlət orqanlarından bizə təqdim edilir.  Sənədlər toplusu təqdim ediləndən sonra bir daha sığorta işi “tənzimləyicilər/mütəxəssislər” tərəfindən yoxlanılır və sığorta ödənişinə dair qərar qəbul edilir».

İ.İbrahimov FED.az-a bildirib ki, bəzi sığorta şirkətləri karatın rejimindən süi-istifadə edir: “Məndə olan məlumata görə, sığorta şirkətlərinin əksəriyyəti sığorta ödənişləri departamentin fəaliyyətini məhdudlaşdırmışdı. Qəza komissarı hadisə yerinə çıxış edir tənzimləyir, amma sığorta ödənişlərini saxlayırdılar. Əsas kimi də göstərirdilər ki, onlar dövlətin evdə qalmaq çağrışına əməl edirlər. Lakin martın 29-da Nazirlər Kabinetinin bir göstərişi oldu. Qərarın 9-cu hissəsində qeyd edilmişdi ki, sığorta şirkətləri işləyə bilər, ödəniş məsələləri vaxtında həll olunmalıdır. Yəni fəaliyyətinə icazə verilən iş yerləri olaraq sığorta şirkətləri konkret qeyd edilmişdi. Bundan sonra bəzi sığorta şirkətləri online şəkildə sığorta ödənişlərin tənzimlənməsinə başladılar. Onlar digər sığorta şirkətlərinə də tövsiyə edirlər ki, “vatssap” və e-mail üzərindən zərərçəkənlərdən oline sənədləri qəbul etsinlər. Ötən ilin noyabr ayından həm də forma 4-ün elektron şəkildə təqdim olunması təmin olunub. Qəza komissarı hadisə yerinə çıxan kimi, onlar vətəndaşdan şəxsiyyət vəsiqələrini və cari hesab nömrələrini tələb edirlər. Bu sənədlər də oline gələn kimi, dərhal sistemə vururlar. Çox güman ki, rəhbərlik arasında da online təsdiqlənmə metodundan istifadə olunur. Buna görə də təsdiqlənmə daha sürətli gedir».

Digər xəbərlər

Banner