Müsahibimiz sığorta sahəsində peşəkar mütəxəssis Kamran Babayevdir
Gələn ildən ölkəmizdə tətbiq olunacaq “Aqrar Sığorta” bu sahədə fəaliyyət göstərən sahibkarların hansı problemlərinin həllini asanlaşdırcaq?
– İlk olaraq onu bildirmək istəyirəm ki, kənd təsərrüfatı sahəsi bizim ölkə üçün çox önəmli bir sahədir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizdə əsas prioritetlərdəndir və qeyri-neft sektoru dedikdə əlbəttə ki ilk olaraq hər birimizin ağlına kənd təsərrüfatı gəlir. Dünya praktikası göstərir ki, inkişaf etmiş kənd təsərrüfatı sektoru dövlət iqtisadiyyatının təməl nöqtələrindən biridir. Lakin kənd təsərrüfatı sektoru riskli bir sektordur, çünki gözlənilməz hadisələr nəticəsində itki çox ola bilər. Məhz bu səbəbdən kənd təsərrüfatının inkişafı sığortasız mümkün deyil. Ölkəmizdə də bu sığorta növünü inkişaf etdirmək üçün yeni model tətbiq ediləcək. Bu modelin əsas hissəsi sığorta haqqında Dövlətin dəstəyidir. Bu model işlək vəziyyətə gətirilənə kimi kənd təsərrüfatını sığortasının inkişafı qeyri-mümkündür. Sığorta yığımlarının statistikasına baxsaq, bu ilin 6 aylıq göstəricilərinə görə keçən ilin eyni dövrü ilə müqayisədə nəinki artım, hətta kifayət qədər azalma var. Kənd təsərrüfatı sığortası bazarı kiçilib. Bunun səbəbi sahibkarların bu sığorta növündən imtina etmələridir. Amma yeni model tətbiq edildikdən sonra, kənd təsərrüfatı sığortası inkişaf edəcək, bazar böyüməyə başlayacaq.
Azərbaycanda “Aqrar Sığorta”-nin tətbiqini aktuallaşdıran səbəblər hansıdır?
– Qeyd etdiyim kimi, aqrar sektor ölkəmizdə prioritet sektorlardan biridir. Bu sektorun inkişafı üçün mütləq şəkildə həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlb edici olan sığorta modeli olmalıdır. Sığorta olmazsa, kənd təsərrüfatı sektoru inkişaf etməz. Bu sahədə sığortanı inkişaf etdirmək üçün sığorta haqqında Dövlətin dəstəyini özündə əks etdirən sığorta modeli tətbiq edilməlidir. Gözümüzün önündə bu yolu keçmiş digər ölkələr var. Onların keçdiyi yola baxıb, onların etdiyi səhvləri təkrarlamamaq üçün bizim üçün bu böyük fürsətdir.
Aqrar sahədə çalışan sahibkarların sığorta savadlılığını artırmaq üçün dövlət və sığorta şirkətləri tərəfindən hansı tədbirlər görülməlidir?
– Sığorta mədəniyyətinin formalaşmaması, sığorta məlumatsızlığı bizim sığorta bazarının böyük problemidir. Əlbəttə ki, bununla bərabər daha bir problem vətəndaşların sığorta şirkətlərinə güvənməməsidir. Bunları aradan qaldırmaq üçün son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən çox işlər görülüb. Sığorta haqqında məlumatlandırma istiqamətində irəlləyiş var. Amma vətəndaşların sığorta şirkətlərinə inamsızlığı hələ də davam edir. Bu problemin üzərindən yalnız sığorta şirktləri özləri gəlməlidirlər. Sığorta bir vəddir. Sığorta şirkətləri vəd satırlar və üzərilərinə öhdəlik götürürlər. Öhdəliklər vaxtında və tam icra edilərsə, müştərilər yavaş-yavaş sığorta şirkətlərinə inanmağa başlayarlar. Bu bir gündə düzələn deyil. İnsanlarda formalaşan bir fikir var. Onların sığorta haqqında fikirlərini yenidən formalaşdırmaq zaman tələb edir. Bu isə birbaşa sığorta bazarının böyüməsinə gətirib çıxaracaq, sığorta şirkətlərinin müştəriləri artacaq. Bu istiqamətdə uzunmüddətli düşünmək lazımdır, qısamüddətli yox.
Hazırda Azərbaycanda insanların sığorta şirkətlərinə inamını daha da artırmaq üçün dövlət tərəfindən sığorta şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin daha da sərtləşdirilməsinə ehtiyac var?
– Düşünürəm ki, var. Amma onu da deyim ki, sığorta qanunvericiliyinin təkmilləşdirilməsinə də ciddi ehtiyac var. Sığorta qanunvericiliyi təkmilləşdirilərsə, daha da sadələşdirilərsə, sığorta şirkətlərinin fəaliyyətinə daha çox nəzarət etmək imkanları olacaq.
Hazırda ölkəmizdə sahibkarların sığortada imtina etməsinin əsas hansı səbəbləri mövcuddur?
– Əsas səbəb sığorta mədəniyyətinin formalaşmamasıdır. Əgər sahibkar 2-3 il sığortalanırsa və heç bir hadisə baş verməyirsə, sığortanın faydasız olduğunu və bu müddət ərzində boş yerə sığortaya pul ödədiyini düşünür və sığortadan imtina edir. Bu birbaşa sığorta haqqında məlumatsızlıqdan irəli gəlir. Əgər kənd təsərrüfatı sığortasından danışırıqsa, burada da səbəb eynidir. Əlavə olaraq, sahibkarlar yeni sığorta modelinin tətbiqini gözləyirlər.
Azərbaycanda bəzi sığortaların haqları çox yüksək olduğuna sahibkarlar üçün bu sığortalar cəlbedici hesab olunmur. Bu sığorta növlərinin əlçatan olması üçün dövlət və sığorta şirkətləri hansı tədirləri həyata keçirilməlidir ?
– Ən çox tələb olan sığorta növlərində əksinədir, sığorta şirkətləri dempinq edirlər ki, müştəri qazansınlar. Tələb az olan, inkişaf etməyən sığorta növlərində rəqabət yoxdur, sığorta şirkətlərinin təcrübəsi yoxdur və bu səbəbdən özlərini gələcək zərərlərdən qorumaq üçün ehtiyatlı risk siyasəti aparırlar və nəticədə sığorta haqları yüksək olur. Sığorta haqları həmçinin birbaşa təkrarsığorta haqlarından da asılıdır. Sığorta haqları statistikaya və proqnoza əsasən hesablanır. Həmçinin sığorta haqlarını rəqabətli bazar tənzimləyir. Sığorta bazarı hələ inkişaf etməyib. İnkişaf etmiş sığorta bazarında müştərilər özləri seçim edirlər və sığortanın qiyməti seçim üçün yeganə faktor deyil. Müştəri daha çox sığorta haqqı ödəyib, yüksək keyfiyyətli xidmət verən sığorta şirkətində sığortalana bilər və tam tərsinə, daha az sığorta haqqı ödəməklə, nisbətən az opsiyalar və aşağı xidmət ala bilər.
Gələn ildən ölkəmizdə aqrar sığorta sahəsində tətbiq ediləcək “Tarsim” modelinin mahiyyəti və əsas üstünlükləri nədən ibarət olacaq ?
– Bu modelin əsas üstünlükləri sığorta haqqında Dövlətin dəstəyi və bu sığorta növünün sistemli aparılması olacaq. Bu model bütün tərəflər üçün faydalı və sərfəlidir – həm fermerlər üçün, həm sığorta şirkətləri üçün. Nəticədə bu sığorta növü inkişaf edəcək, bununla bərabər kənd təsərrüfatı sektoru inkişaf edəcək və ölkəmiz üçün çox önəmli bir inkişaf olacaq.
Azərbaycanda sığorta sahəsində hansı boşluqlar var və bu boşluqların aradan qaldırılmasında dövlətdən və sığorta şirkətləri hansı tədbirləri həyata keçirilməlidir?
– Görüləsi çox işlər var. Amma ümumi desək, sığorta şirkətləri göstərdikləri xidmətin keyfiyyətini artırmalıdırlar. Üzərilərinə götürdükləri öhdəlikləri tam və vaxtında icra etməlidirlər. Həmçinin sığorta qanunvericiliyi təkmilləşdirilməlidir.
Ölkəmizdə hansı siğorta növlərinin tətbiqi üçün böyük potensial var ancaq bu sığorta şirkətləri tərəfindən tətbiq edilmir?
– Hazırda iki növü qeyd etmək istəyərdim: daşınmaz əmlakın icbari sığortası və kənd təsərrüfatı sığortası. Hal-hazırda mənzillərin, evlərin çox cüzi bir hissəsi sığortalanıb. Həmçinin avtomobillərin könüllü sığortası da inkişaf etməyib. Bu sığorta növlərini inkişaf etdirmək lazımdır. Gələcəkdə isə digər sığorta növlərinin inkişafından danışmaq olar. Həmçinin bütün dünyada artıq aktual olan Cyber sığorta haqqında da artıq düşünməyin vaxtıdır.