FED.az-ın milli sığorta bazarı haqqında suallarını təcrübəli sığorta mütəxəssisi Şükür Hüseynov cavablandırır:
Eləcə də bax: Palata sığorta bazarının göstəricilərini - AÇIQLADI - RƏQƏMLƏR
- Sığorta bazarının peşəkar iştirakçaları sırasında sığorta vasitəçilərinin, sadə desək agentlərin adı çox hallanır. Xalq arasında, sosial şəbəkələrdə, KİV-lərdə sığorta agentlərilə bağlı kifayət qədər qalmaqallı məlumatlar dolaşır. Sizcə, bu gün sığorta agentlərinin peşəkarlıq səviyyəsini qənaətbəxş saymaq olarmı? Bizim agentlərdə çatışmayan cəhət nədir?
- Qeyri-təvazökarlıq olmasın, hazırda sığorta bazarında fəaliyyət göstərən sığorta vasitəçilərinin böyük bir qismi bu və ya digər məkanda və vaxtlarda mənim təlimlərimdən keçmişdir. Ən çox çatışmayan cəhətə gəldikdə isə, məncə bu, sığorta vasitəçilərinin əksəriyyətinin özünəinamının olmamasıdır. Özünə inamı olmayan satıcı heç müştərini də inandıra bilməz. Bilirsiniz, müştəridə satıcı haqqında fikir ilk təmasda yaranır.
Əgər sığorta satıcısı yerində deyilsə, mütləq müştəridə şüuraltı mənfi fikir formalaşır və o, sığortaçının nümayəndəsini “qəbul” etmir. Bu isə sığorta fəaliyyəti üçün fəlakətdir. Burada böyük Tolstoyun bir deyimi yada düşür: “Şagirdlər müəllimlərin səhvi kimi heç bir şeyi möhkəm yadda saxlamırlar”.
Sığorta məhsulunu təqdimetmə mərhələsində satış nümayəndəsi sanki bir müəllim rolunda olur və onun bu mərhələdəki səhvlərinin sığortalıların yaddaşında böyük iz buraxdığını heç bir zaman unutmaq olmaz. Odur ki, satış bazarına hazırlıqlı çıxmaq lazımdır. Sığorta vasitəçiləri sığorta qanunvericiliyi, satdıqları məhsullar haqqında tam bilgili olmalı, onların rəqiblərindəkindən fərqli üstünlüklərini əzbərdən bilməli, sığortalının bütün suallarını cavablandırmağı bacarmalıdırlar. Bütün bunlara çatmaq üçünsə, səbrli, diqqətli, pozitiv danışma qabiliyyətli, səmimi davranışlı, ünsiyyət və inandırma qabiliyyətli olmaq da öz yerində. Yuxarıda sadalananlar hamısı elə “özünəinamın” mayasında dayanır.
- Siz uzun müddət sığorta sektorunda rəhbər vəzifədə çalışmısınız. Sizcə, sığortada rəhbər işçidən hansı ən vacib keyfiyyətlər tələb olunur?
- Qeyd etməliyəm ki, XXI əsrin rəhbər işçilərinə olan tələbləri çox vaxt kosmonavtlara qoyulan tələblərlə müqayisə edirlər. Belə ki, kosmonavt kimi rəhbər işçi də həm fiziki, həm də əqli olaraq yaxşı təlim keçməlidir, elmi və davranış planında təhsilli olmalıdır, dəqiq və eyni zamanda yaradıcı düşünmə qabiliyyətinə malik olmalıdır, mütərəqqi təsəvvürlü, risklərə hazır və streslərə dözümlü olmalıdır və s. Əlbəttə ki, bütün yuxarıda sadalanan keyfiyyətlərə malik rəhbər işçi nəticə etibarı ilə daha vacib olan düzgün qərarvermə qabiliyyəti qazanmış olur. Sığortaçının rəhbər işçisi də əməkdaşla əmək müqaviləsini bağlayanda və ona xitam verəndə də, sığortaçının kadr, anderraytinq, maliyyə, investisiya və s. siyasətini müəyyənləşdirəndə də obyektiv və düzgün qərarqəbuletmə qabiliyyətinə malik olmalıdır. Sığorta nədir? Sığorta fəaliyyəti bütövlükdə hüquqi və iqtisadi münasibətlərə əsaslanan mükəmməl bir mexanizmi, münasibətlər sistemini özündə ehtiva edir. Əgər belədirsə, həmin mexanizmi idarə edən şəxsin də hüquqi və iqtisadi bilgiləri yetərincə olmalıdır. Digər tərəfdən, o, həm mövcud vəziyyətə uyğun rasional yanaşma sərgiləməli, həmkarlarının rəyini nəzərə almalı, eyni zamanda fərdi yanaşma üsulundan da istifadə etməlidir. O, kollektivdə subut olunmamış, öncədən formalaşmış bəzən subyektiv rəyi deyil, sağlam düşüncənin dediklərini və öz ürəyinin pıçıldadıqlarını etməlidir. Çünki ürəyin diktə etdikləri adamı heç vaxt aldatmaz. Biz insanlarla işləyirik.
- Bütövlükdə milli sığortanın inkişafı üçün siz ən böyük çatışmazlıq kimi nəyi qeyd edərdiniz? Bəzi müəlliflər ölkədə sığortanın zəif inkişafını bu sahədə təbliğatın zəif olması ilə əlaqələndirirlər. Bu nə dərəcədə doğrudur?
- Bütün xidmət sahələrində olduğu kimi sığortada da reklam və təbliğatın rolu danılmazdır. Lakin bu, heç də sığortanın, özəlliklə də könüllü sığortanın zəif inkişafının əsas səbəbi deyildir. Sığorta bazarının arzu olunan səviyyədə olmaması bir sıra digər mühüm amillərlə bağlıdır. Biz ilk növbədə günahı özümüzdə axtarmalı və göstərdiyimiz xidmətlərin keyfiyyətinin aşağı olmasını danmamalıyıq. Burada normal rəqabət şəraitinin olmaması və inhisarçı fəaliyyətin “öldürücü” təsirini də qeyd etməyə bilmərik. Hüquqi şəxs sığortalıların vergi, rüsum və digər rəsmi və qeyri-rəsmi ödəmələrlə son dərəcə yüklənməsi sığortanı onların nəzərində arxa plana atır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması xüsusi olaraq vurğulanmalıdır. Sığorta haqlarının həcmində işin aparılması və idarəetmə xərclərinin həcmi heç bir meyara sığışmır. Bütün bunlar isə nəticə etibarı ilə sığortaçıların effektli və rentabelli fəaliyyəti önündə ciddi maneəyə çevrilir. Sığortaçılar sığorta müqavilələri üzrə öz vəzifələrini lazımınca yerinə yetirə bilmirlər və bütün bunlar təbiidir ki, sığortaçılara və bütövlükdə sığortaya inamın azalmasına gətirib çıxarır.
- Biznes mədəniyyəti və ya korporativ mədəniyyət deyilən bir anlayış vardır. Biz qətiyyətlə deyə bilərikmi ki, bizdə sığorta biznesi mədəniyyəti tələb olunan səviyyədədir?
- Sığorta mədəniyyəti korporativ və ya biznes mədəniyyətinin, biznes mədəniyyəti isə bütövlükdə ümumi insani mədəniyyətin tərkib hissəsidir. “Korporativ mədəniyyət” bir termin olaraq XX əsrdə yaranmışdır. Korporativ mədəniyyət – təşkilat üzvləri tərəfindən yerinə yetirilən kompleks davranış nümunələrinin sistemidir. Bu, kollektiv üzvlərinin yazılmış və yazılmamış qaydalara söykənən ümumi davranış çərçivələrini müəyyən edir. Təşkilatın qəbul edilmiş idarəetmə sistemi, müştəri xidmətləri, münaqişələrin həlli üsulları, kommunikasiya sistemi, nümunəvi vergi ödəyicisi olmaq, kargüzarlıq mədəniyyəti, qəbul edilmiş simvallar, şüarlar, ənənələr və qadağalar sistemi, bunlardan doğan daxili davranış qaydaları və xidmət ənənələri korporativ mədəniyyətin əsas komponentləridir. Bütün bunları sözsüz ki, sığorta mədəniyyətinə də aid etmək olar. Bundan başqa, sığorta biznesində cılız, bayağı, ucuz münasibətlərə söykənən heç bir şey olmamalıdır. Bu, son dərəcə elit bir fəaliyyət sahəsidir və bu sahədə çalışanlar da öz yüksək mədəniyyətləri ilə fərqlənməlidirlər. Başqa sözlə, onlar səmimi insani keyfiyyətlərinə, peşəkarlıq səviyyələrinə, psixoloji durumlarına görə sığorta sektoruna adekvat şəxslər olmalıdırlar. Əks təqdirdə, onların bu sahədə davamlı və uğurlu fəaliyyət göstərəcəkləri şübhə doğurardı.
- Son dövrlər həm elektron, həm də kağız mətbuatında sığorta ilə bağlı xeyli qrammatik və leksik səhvlərə yol verilir. Bu barədə nə deyə bilərsiniz?
- Mətbuat səhfələrində, o cümlədən iqtisadi yönümlü saytlarda sığorta ilə bağlı saysız-hesabsız səhvlərin, o cümlədən terminlərlə bağlı səhvlərin yer alması təəssüf doğurur. Onlardan kiçik bir qismini qeyd etmək yerinə düşərdi. Məsələn, bəzi saytlarda “şərikli sığorta” anlayışı sığorta məhsulu kimi təqdim olunur. Halbuki bu, sığorta məhsulu deyil, müvafiq müqavilə tələblərindən doğan hüquqi və iqtisadi münasibətlər mexanizmidir. “Sığortaçı” anlayışı sığorta mütəxəssisi kimi təqdim edilir. Əslində isə, sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşıyan, sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. “Sığorta fəaliyyəti haqqında” qüvvədə olan son Qanunda “produktor” termininin yer almadığı halda, onun bir anlayış kimi mətbuatda verilməsi və ya təşviq edilməsi nə dərəcədə doğrudur?!. Müəlliflərdən biri yazır: “Sığorta şirkəti cəmi 1%-ə full KASKO sığortanı təqdim edir”. Əslində müəllif qrup halında sığortanı nəzərdə tutmuşdur. Digər tərəfdən, KASKO sığorta deyil, sığorta növüdür və avtokasko bu növdə sığortalılara təklif olunan bir neçə sığorta məhsulundan yalnız biridir. Hüquqi şəxs kimi sığortaçı adlarının tam və ya qismən əcnəbi dildə yazılması və qeydiyyata alınması, hələ üstəlik əksər sığortaçıların internet saytlarının ingilis dilində tərtib olunması və s. və i. sadəcə səhv yox, ciddi pozuntudur. Təəssüf doğuran odur ki, bu cür xətalara əksər hallarda kənar ixtisas sahibləri tərəfindən deyil, maliyyə və ya konkret olaraq sığorta bölümünə cavabdeh olan jurnalistlər tərəfindən yol verilir.
- Nəhayət sonuncu sual: milli sığorta bazarının gələcəyini necə görürsünüz?
- Arzu edərdim ki, bu bazarda hər il müsbətə doğru sabit inkişafın şahidi olaq. Mövcud qanunvericilik bazasının bazar tələblərinə cavab verməsi və sosial və iqtisadi islahatlara adekvat və çevik şəkildə uyğunlaşdırılması və s. normaldır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illlər üçün Tədbirlər Planı” da vardır. Fikrimcə, nəzarət orqanı səviyyəsində bazarın inkişafı və sağlamlaşdırılması istiqamətində işlərin səmərəliliyi daha da artırılmalıdır. Çünki milli sığorta bazarının rəqəmsallaşdırılması, riskin idarə edilməsi sistemində və məhkəmə təcrübəsində, sığortaçının rentabelli fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasında - o cümlədən, sığortaçıların investisiya strukturunun dəyişdirilməsi, icbari sığortada tarif limitlərinin bazar tələblərinə uyğunlaşdırılması və s. sahələrdə həllini gözləyən məsələlər vardır.
Lakin mən məsələyə bir qədər başqa aspektdən yanaşmaq istərdim. Hazırkı qloballaşma və iqtisadi inteqrasiyanın gedişatında biz iki şəraitin yetişəcəyini gözləyə bilərik: 1. Bütün inkişaf etməkdə olan dünya ölkələri yeni qanunlarla işləyəcək və irəli gedəcək. Həyatın bütün sahələrində, o cümlədən sığorta sektorunda ən nümunəvi qaydalardan, beynəlxalq normativ və standartlardan yayınmaq mümkünsüz olacaq. Bu halda indiki bürokratik əngəllər də avtomatik aradan qalxacaqdır. 2. Dövlətlər yeni dünya düzənini alındıra bilməyəcəklər və nəticədə iqtisadi münasibətlərdə hazırkı xaos, hərcmərclik və qarşılıqlı etimadsızlıq uzun müddət davam edəcəkdir. Təbii ki, biz 2—cini arzulamırıq. İnanırıq ki, dünyanın təhlükəsiliyinə cavabdeh olan beynəlxalq qurumlar, habelə böyük dövlətlər və onların sağlam düşüncəli başçıları 2-ci şəraitin davam etməsinə yol verməyəcəklər. Sığorta sənayesi dünya sığorta bazarına kifayət qədər inteqrasiya edilmişdir və bu, birmənalı olaraq beynəlxalq səciyyəli bir biznes sahəsidir. Yerli sığortaçıların dünya təkrarsığorta bazarına çıxışı (hərçənd ki, hazırda təkrarsığortaya ötürülən risklərin və sığorta haqlarının həcmi böyük olsa da, təkrarsığorta üzrə sığorta haqqı daxilolmaları arzu olunan səviyyədə deyildir), qlobal katastrofik sığorta hadisələrinin tənzimlənməsi, hərtərəfli investisiya siyasəti, beynəlxalq statuslu maliyyə qurumlarının sığortaçıda iştirakı və s. ilə əlaqədar məsələləri vardır. Deməli, onun uğurlu gələcəyi də bir tərəfdən Qanunların işləməsindən, çevik iqtisadi siyasətdən asılı olduğu kimi, digər tərəfdən də bütövlükdə dünyadakı güvənli sabit durumdan asılı olacaqdır.