İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ciil üzrə maliyyə hesabatını açıqlayıb. Agentlikdən FED.az-a veriən məlumata görə, hesabatı audit sektorunun «böyük dördlüyünə» daxil olan «PwC Azerbaijan» MMC hazırlayıb.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanan sənəd agentliyin saytında yerləşdirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Hesabatı - 2018
Qeyd edək ki, hesabata əsasən agentlik ili zərərlə başa vurub. Amma bunun səbəbi dövlət büdcəsindən daxil olan vəsaitlərin Agentliyin gəliri kimi tanınmamasıdır. Məsələ bundadır ki, Agentlik hələlik 3 rayonda - Yevlax, Mingəçevir və Ağdaşda pilot layihə olaraq icbari tibbi sığortaya başlayıb. Buradakı əhalidən icbari sığorta haqqı toplanmadığına görə, agentlik tibbi xidmətləri dövlət vəsaiti hesabına göstərir. Dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurmuşdur.
Hesabata görə, ötən ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 543 min manat olmuşdur ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib.
Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, Qrupun cəmi kapitalı 70 mln 536 min təşkil edir. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3 milyon 73 min təşkil edib.
«Qeyd edək ki, Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyildir. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir»-deyə agentliyin açıqlamasında bildirilir.