İşsizlikdən sığorta ödənişi - işçinin iş yerini itirdiyi halda, müvəqqəti gəlir mənbəyi olaraq verilən ödənişdir. Bu ödəniş “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun həyata keçirilir və itirilmiş əməkhaqqının kompensasiya edilməsi məqsədi daşıyır. Bəs işsizlik statusu kimlərə verilir? Sığorta haqqının məbləği necə müəyyən olunur və hansı müddətə verilir? “Bu və digər suallarına mühasib Fərid Zalov aydınlıq gətirir.
İşsiz statusu kimlərə aiddir?
İşsizlikdən sığorta haqqı yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışan və qanuni əsaslarla işdən çıxarılmış şəxslərə verilir. Müəyyən əsaslarla əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə uyğun qeydiyyata alınmış sığortaolunanlar işsizlik sığortası ödənişi almaq hüququna malikdirlər. Həmin şəxslərin siyahısı “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsində əksini tapıb:
• dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
• işçilərin və ya dövlət qulluqçularının say və ya ştatları ixtisar edildikdə;
• əmək müqaviləsinin müddəti bitdikdə;
• müəssisənin mülkiyyətçisi dəyişdikdə;
• məhkəmə qərarı ilə işə bərpa halı olduqda;
• həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra işə qayıdış hüququndan istifadə edildikdə.
Vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin yerli şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etməlidirlər. Həmin şəxsə 5 iş günü ərzində uyğun vakansiya təklif edilməzsə, o, rəsmi olaraq işsiz kimi qeydiyyata alınır. Vətəndaş işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq üçün ərizə ilə müraciət etməlidir. Həmin müraciətə 10 gün ərzində baxılır və qərar qəbul edilir. İşsizlikdən sığorta ödənişi fərdi məşğulluq proqramı təsdiqləndikdən sonrakı ayın 1-dən hesablanır.
Ödənişin təyin edilməsi üçün şərtlər
Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddət bitdikdə xitam verilir. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
“İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.3-cü maddəsinə əsasən, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı ödənilir. Qanunun 16-cı maddəsində göstərilib ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. 2025-ci il üçün minimum sığorta ödənişi 400 manat müəyyən edilib. Başqa sözlə, əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə işsiz qalan və işsiz statusu alan şəxs hər ay 400 manat olmaqla 3 ay müddətində sığorta haqqını ala bilər.
Müəssisənin ləğvi, ixtisar və digər hallarda isə işsiz statusu alan şəxslərə 6 ay müddətində sığorta haqqı ödənilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinə əsasən, aşağıdakı hallarda işçinin əmək müqaviləsinə xitam verilərsə, onun sığorta ödənişi almaq hüququ yaranır:
- müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən);
- müəssisə ləğv edildikdə (70-ci maddənin “a” bəndi);
- işçilərin sayı və ya ştatları ixtisar edildikdə (70-ci maddənin “b” bəndi);
- hərbi və ya alternativ xidmətə çağırıldıqda (74-cü maddənin 1-ci hissəsinin "b" bəndi);
- əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə (74-cü maddəsinin 1-ci hissəsinin "ə" bəndi);
- dövlət orqanı ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq);
- dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq).
Bu şəxslərin son 24 ayda 12 aydan çox stajı olarsa, onlara 6 ay müddətinə sığorta ödənişi verilir.
“İşsizlikdən sığorta haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Qanunun 17-ci maddəsində isə göstərilib ki, ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq, aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sıgorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
ilk 2 təqvim ayı üçün - 100 faiz;
3-4-cü təqvim ayları üçün - 80 faiz;
5-6-cı təqvim ayları üçün - 70 faiz.
Əgər işçinin stajı 12 aydan az olubsa, ona hər ay minimum sığorta ödənişi, yəni 400 manat olmaqla 6 ay müddətinə sığorta haqqı ödənilir. Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il üçün muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1.007,5 manat olub, minimum sığorta ödənişinin məbləği isə 2025-ci il üçün 400 manatdır.
Bundan əlavə, himayəsində 18 yaşına çatmamış hər bir uşaq üçün işsiz şəxsin sığorta ödənişinə 5% əlavə olunur. Ancaq ailədə ər və arvadın hər ikisi sığorta ödənişi alırsa, yalnız birinə bu əlavə verilir.
Aşağıdakı əsaslarla işdən azad olunmuş şəxs yenidən müraciət edərsə, ona 3 ay müddətinə minimum sığorta ödənişi təyin olunur:
• müəssisənin ləğvi, ixtisar;
• mülkiyyətçinin dəyişməsi;
• məhkəmə qərarı ilə işə bərpa;
• hərbi xidmətdən qayıdış.
Əmək müqaviləsinin müddəti bitmiş şəxslər isə təkrar müraciətdə ödəniş ala bilməzlər.
İşsizlik sığortası təyin olunmayan şəxslər
Bu kateqoriyadan olan şəxslərə işsizlik sığorta ödənişi verilə bilməz:
- Fərdi sahibkarlar (əmək müqaviləsi ilə işçi sayılmadıqları üçün işsizlik sığortası sistemi ilə əhatə olunmurlar);
- Pay torpağı olan şəxslər (kəndli-fermer təsərrüfatı sahibləri) - onlar mülkiyyətçi və ya istifadəçi statusunda olduğu üçün işsiz hesab edilmirlər;
- Özünüməşğul şəxslər (öz adından işləyənlər) - onlar da əmək münasibətlərində olmadıqları üçün sistemə daxil deyillər;
- Müddətli müqavilə ilə çalışan, lakin tələb edilən sığorta stajına malik olmayanlar;
- Tələbələr (əgər işləməyiblərsə) - əmək müqaviləsi və staj tələbi ödənilmir;
- Qeyri-qanuni işləyən şəxslər (əmək müqaviləsiz işləyənlər);
- Sosial yardım alan şəxslər - əgər əmək münasibətləri olmamışdırsa və ya əmək qabiliyyəti yoxdursa, onlar başqa mexanizmlərlə sosial müdafiəyə cəlb olunurlar;
- Fərdi sığorta ödəyiciləri (sahibkar, notarius, vəkil) (Vergiləl.az).