Artıq bir neçə ildir ki, Azərbaycanda həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkətlər olan “Atəşgah Həyat”, “Xalq Həyat”, “Qala Həyat” və “Paşa Həyat” şirkətləri müştərilərə həyatın yığım tərkibli yaşam sığortası məhsulunu təqdim edirlər. Bu məhsulla bağlı məlumatlara şirkətlərin rəsmi internet səhifələrində, eləcə də onların rəsmi sosial şəbəklərərində də rast gəlmək olar.
Bu müddət ərzində sözügedən məhsuldan faydalananların sayı da çox olub. Məlumat üçün qeyd edək ki, car ilin yanvar-mart aylarında bu sığorta növü üzrə 45,488 mln. manat həcmində sığorta haqqı yığıldığı halda 82,118 mln. manata yaxın sığorta ödənişi verilmişdir.
Məhsul haqqında qısa məlumat
Məhsula qoşuduqda sizin əmək haqqınızdan Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır. Ödəməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır. Müəyyən olunmuş müddət bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz. Həmçinin müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edə bilərlər. Müqavilə 3 il müddətinə bağlanılır.
Məhsula maraq niyə azaldı?
Yaşam sığortası Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" Qanunun müvafiq müddəaları ilə tənzimləndiyinə görə bütün şirkətlərdə hesablama metodologiyası demək olar ki eynidir. Əvvəllər işçilər yaşam sığortası növünə əmək haqqının 100 faizi həcmində qoşula bilirdilərsə, sonradan qanunvericilikdə edilən dəyişiklikdən sonra bu məbləğ 50 faizə endirildi.
İşçinin vergiyə cəlb edilən muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.
Bu dəyişiklikdən sonra müştərilərin bu sığorta növünə marağı ciddi şəkildə azaldı, hətta bu növ üzrə yığımlarda kəskin azalmalarda müşahidə olundu.
Mövcud qanun nə dəyir?
Vergi Məcəlləsinin 102.1.8-ci və "Sosial sığorta haqqında" Qanunun 15-ci maddələrinin müddəalarına əsasən müqavilə 3 ildən az olmayan müddətə bağlanılmalıdır. Və bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.
Yaşam sığortasına qoşulduqda gəliriniz necə hesablanır?
Misal olaraq dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri 1000 manatdır. Həyatın yığım sığortasına yönəldilən məbləğ isə 500 manatdır. İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği 110 manat (500 manatın 22%-i) olacaq.
Belə olan halda işçinin aylıq gəliri 1110 manat təşkil edir. Yəni 1000 manat sizin əməkhaqqınız + sizin işlədiyiniz müəssisənin sığorta şirkətinə ödədiyi 110 manat. İşəgötürən işçinin əmək haqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda, yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olunacaq, qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.
Müqaviləyə vaxtından əvvəl xitam verilərsə necə olacaq?
Həyatın yığım sığortası müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda, sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır.
İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır. Həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən isə sosial sığorta haqqı hesablanmır.
İnvesitisiya gəlirliliyi üzrə daha yüksək faiz dərəcəsini hansı şirkət təklif edir?
Biz yuxarıda məhsulun şərtləri haqqında məlumat verdik. Qanunvericiliyin tələbi ilə hesablama qaydası bütün şirkətlər üzrə demək olar ki eynidir. Lakin bir fərq vardır ki, bu da investisiya gəlirləri üzrə faiz dərəcələridir. Bu faiz dərəcələri həyat sığortası şirkətlərinin təklif etdiyi şərtlərdən asılı olaraq dəyişir. (Red. İnvestisiya gəliri – sığorta şirkətinin müştəridən cəlb etdiyi vəsaiti depozit şəklində (7-9%) banka yatırır. Cəlb edilən vəsaitlər bank depozitlərindən əlavə digər maliyyə alətlərinə də yatırıla bilər. Bura qiymətli kağızlar və s. daxildir. Daha sonra, sığorta şirkəti banka yatırdığı depozitdən əldə etdiyi gəlirin bir hissəsini yaşam sığortasına qoşulmuş müştərisinə ayırır. İnvestisiya gəlirlərindən müştəriyə ayrılan faiz gəliri çıxıldıqdan sonra yerdə qalan gəlir sığorta şirkətinin qazancı hesab olunur).
Məsələn, hazırda həyat sığortası bazarında “Atəşgah Həyat” yaşam sığortası üzrə ən yüksək faiz dərəcəsi təklif edən sığorta şirkətidir. Bu şirkət yaşam sığortası üzrə müştəriyə illik 5% (manatla illik əmanət faizi) investisiya gəlirliyi təklif edir. Digər şirkətlərdə isə investisiya gəlirliyi üzə faiz göstəriciləri tamamilə fərqlidir, dəqiq desək gəlirlilik faizi daha aşağıdır. Hazırda “Xalq Həyat” 3%, “Paşa Həyat”da 3%, “Qala Həyat”da 3% illik investisiya gəlirliliyi təklif edir.
Qeyd edək ki, illik investisiya gəlirliyi üzrə faiz dərəcəsi yaşam sığortası məhsulu üzrə müddətin sonunda əldə edə biləcəyin məbləgin həcmində ciddi rol oynayır. Burada həmçinin müştərinin yaşı da vacib amillərdən biridir. Yaşınıza görə sığorta məbləği dəyişə bilər.
Əgər yaşı 38 olan işçi əmək haqqından net olaraq 300 manat yaşam sığortasına (3 il) ayırarsa, müddətin sonunda əldə edə biləcəyi məbləğlər aşağdakı kimi olacaq. Misalı şirkətlərin təklif etdiyi manatla illik əmanət faiz dərəcələri üzərindən təqdim edirik.
Atəşgah Həyat - 14 400 manat
Xalq Həyat - 13 900 manat
Paşa Həyat - 13 872 manat
Qala Həyat - 14 011 manat
Onu da qeyd edək ki, əksər həyat sığortası şirkəti yaşam sığortasına qoşulan müştəri üçün kredit xətti açmaq imkanı da yaradır. Kredit xətti üzrə illik faiz faiz dərəcəsi şirkətlərin qaydalarından asılı olaraq dəyişir. Misal olaraq “Atəşgah Həyat” sığorta şirkətində yaşam sığortasına qoşulan müştəri üçün kredit xətti üzrə illik aşağı faiz faizi - 11,5% təklif edilir. Müqavilənin sonunda müştəriyə kredit borcunu ödəmək imkanı da yaradılır.
Elnur Hüseynquluyev
FED.az MMC
Təsisçi-direktor