5 aydan sonra dünən axşam yenidən Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında yanğın baş verdi. Ümumi sahəsi, təqribən, 22 min 500 kvadratmetrə yaxın olan bazarın 3300 kvadratmetr hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, "EvroHome" tikinti materialları bazarında 5 ay bundan əvvəl (2019-cu ilin dekabrın 10-da) də güclü yanğın olmuşdu. İlkin hesablamaya əsasən, təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanmışdı. Ümumilikdə ticarət mərkəzində 157 mağazanın yanması nəticəsində 150 sahibkara ziyan dəymişdi.
Tikinti materialları bazardakı yanğın sığorta məsələsini gündəmə gətirib. Sahibkarlar vaxtaşırı baş verən yanğınlarda mallarının sığortalanması məsələsini arxa planda tutur. Maraqlıdır, sahibkarlara öz mallarını sığortalatmağa mane olan səbəblər nədir?
Sığorta məsələsi üzrə ekspert Xəyal Məmmədxanlı FED.az-a bildirib ki, dekabrda baş verən yanğından sonra bazardakı sığorta məsələsində heç nə dəyişməyib: “Hazırda müəyyən bazarlar tikilib istifadəyə verilir, amma onların heç biri təhlükəsizlik qaydalarına cavab vermir. Sözügedən bazar birmənalı olaraq təhlükəsizlik qaydalarının tələblərinə cavab vermir. Sahibkarlar istəsələr də ki, onların obyektləri sığortalasın, heç bir sığorta şirkəti belə obyektləri sığortalamaqda maraqlı deyil. Çünki həmin ərazidə fəaliyyətin xaotik təşkili mövcuddur. Burada necə gəldi mallar yığılır, heç bir ticarət standartları tətbiq olunmur. Orada işləyən sahibkarların da yanğın təhlükəsizliyindən xəbərləri yoxdur. Bütün bunlar da riski daha da artırır”.
Xəyal Məmmədxanlı onu da deyib ki, obyektin icbari sığortası olsa belə, yalnız bazarın metal konstruksiyasına tətbiq olunacaq: “Yəni bazarın içərisində yanan əmlakın yenə də sığortası mümkün olmayacaq, yenə də qurban malları yanan sahibkarlar olacaq. Məlumdur ki, sahibkarların əmlakı yalnız könüllü şəkildə sığorta oluna bilər. Çünki icbari sığorta daşınar əmlakı deyil, yalnız daşınmaz əmlakı əhatə edir. Daşınar əmlakın sığortalanması üçün bir neçə ciddi problem var. Problemlərdən biri ondan ibarətdir ki, həmin mağaza sahibləri qeyri-şəffaf fəaliyyət göstərirlər. Yəni onların idxalı, elə də ticarət və alqı-satqı əməliyyatlarının 90%-i qeyri-rəsmidir. Sahibkarlar sığorta şirkətinə əmlaklarını sığortalamaq üçün müraciət etsələr belə, əksər əmlakın həmin sahibkara məxsus olduğunu təsdiq edən heç bir sənəd yoxdur. Onların dedikləri rəqəm sadəcə sözdən ibarətdir. Sabah sığorta hadisəsi baş verən zaman sığorta şirkətləri ilk növbədə yanan malın nə qədər olmasını sübut edən rəsmi sənəd tələb edəcək. Təbii ki, bu mallar qeyri-rəsmi olduğuna görə, sahibkar bunu sübut edə bilməyəcək”.
Ekspert hesab edir ki, bu kimi ticarət obyektləri sığorta şirkətləri üçün olduqca böyük risk kateqoriyasıdır: “Ona görə sahibkarlar nə qiymət təklif etsələr də, heç bir sığorta şirkəti bu bazarları sığortalamaqda maraqlı deyil. Çünki sığorta sığortalıları öncədən proqnozlaşdırılmayan zərərlərdən qoruyur. Amma bu bazarlarda vəziyyət əvvəlcədən bəllidir ki, gec-tez yenə də yanğın baş verəcək. İldə 3-4 dəfə bu kimi iri ticarət mərkəzlərində yanğınlara şahid oluruq. Bu, artıq risk olmaqdan çıxıb, ənənəvi hal alıb”.
Sığorta eksperti deyir ki, bu obyektlərin sığortalanması tam da mümkünsüz deyil: “Birinci, həmin ərazidə ticarətin təşkilinə beynəlxalq prinsip və qaydalarına əməl olunmalıdır. Bu gün yan-yana mağazaların birində tez alışan, digərində isə partlayıcı və yanğını sürətləndirən başqa kimyəvi maddələr satılır. Bu, çox absurddur. Bu bazarlarda istilik sistemi olmadığına görə, adətən qış aylarında taxta, kağız satılan mağazaları kustar üsullarla hazırlanan sobalarla isidirlər. Bununla yanaşı ərazidə normal təhlükəsizlik komandası və təxliyə planı yoxdur. Sahibkarı sadəcə müəyyən kvadrat yer hazırlayıb onu kiməsə icarəyə verib oradan pul qazanmaq maraqlandırır. Təəssüf ki, həmin ticarət mərkəzinin sahibləri oranı icarəyə götürən sahibkarın başına nə gələcək, özünü necə qoruyacaq kimi məsələlərlə maraqlanmır. Nəticədə ziyan çəkənlər mal sahibləri olur”.
Xəyal Məmmədxanlı onu da qeyd edib ki, sahibkarlar rəsmi fəaliyyətləri üçün icarə müqaviləsi tələb etmirlər: “Onlar istər haqlı, istər haqsız yüzlərlə bəhanə gətirirlər. Bu sektorda bu cür riskləri sığortalamağa ən hazır olan tərəf sığorta şirkətləridir. Bu gün paytaxtda fəaliyyət göstərən “Gənclik Moll”, “28 Moll”, “Park Bulvar” kimi iri ticarət mərkəzlərinin sığortalanması üçün şirkətlər arasında qızğın mübarizə gedir. Çünki bu kimi alış veriş mərkəzlərində bütün sığorta standartları mövcuddur. Amma bu kimi bazarların sığortalanmasını heç kim arzu etmir. Çünki sığorta şirkətləri xeyriyyə cəmiyyəti deyil, bilirlər ki, bazarı sığortalayandan üç gün sonra yüz minlərlə zərər düşəcəklər. Üstəlik bu bazarlarda nə zərəri sübut etmək mümkündür, nə də zərərin kompensasiyasını hesablamaq. Bütün bunlar həmin müəssisələrin sığortasız şəkildə fəaliyyətini davam etdirməyə gətirib çıxarır”.
Xəyal Məmmədxanlı yanğından sonra əraziyə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fikirlərinə də münasibət bildirib: “Nazir deyir ki, ilk dəfə yanğın baş verəndən sonra xəbərdarlığımıza məhəl qoymayaraq, təmir-quraşdırma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda yeni mallar qəbul olunub və sahibkarlara şərait yaradılıb. Birinci, bu, qəribə açıqlamadı. Çünki bu işlərə nəzarət də, istismara qəbul edən də FHN-dir. Burada müvafiq icra hakimiyyətlərinin çox böyük qüsuru var. FHN hər zaman belə yanğınlarda kimdəsə günah axtarır, amma hesab edirəm ki, günahı FHN-də axtarmaq lazımdır. Nazirlik belə məsələlərdə həmişə üçüncü şəxs kimi danışır. Bəs onların fəaliyyətini dayandırmaq kimin ixtiyarındadır? Axı FHN-nin bu cür obyektlərin fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq səlahiyyəti var. Sadəcə xəbərdarlıq etdik deməklə yaxalarını kənara çəkə bilməzlər”.
Ekspert bildirir ki, şəffaflıq və standartlar olmadıqca nə sığortadan danışmaq mümkündür, nə də normal fəaliyyətdən: “Bu kimi obyektlərdə fəaliyyət göstərən sahibkarlar da cəzalandırılmalıdır. Bu günə qədər bu kimi hadisələrdən maddi zərərlərlə ötüşürük, amma bir gün bu hadisə yüzlərlə can ala bilər. Səhlənkar fəaliyyət istər müvafiq icra hakimiyyətləri tərəfindən, istərsə də sahibkarlar tərəfindən ağır nəticələrə səbəb olmadan bu məsələ hansısa formada öz həllini tapmalıdır”.