Azərbaycanda avtomobillərin icbari sığortası üzrə zərərlilik ötən illə müqayisədə 5% artıb. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatlara istinadən bildirir ki, 2019-ci ilin ilk 3 ayının yekunlarına görə, ölkənin sığorta şirkətləri avtomobillərin icbari sığortası üçün topladıqları hər 100 manatın 67,6 manatını ödəniş edirlər. Ötən il isə bu göstərici, 63,2% idi.
Palatanın açıqladığı rəqəmlər avtomobillərin icbari sığortası üzrə ilin əvvəlindən baş verən prosesləri izləməyə imkan verir.
Belə ki, yanvar ayının nəticələrinə görə, bu sığortada zərərlilik 83,4%, yanvar-fevralda 77,8%, yanvar-martda isə 67,6% təşkil edib. 2018-ci ilin eyni dövrlərində isə göstəricilər müvafiq olaraq 73,5%, 72,3% və 63,2% olub.
Eləcə də bax: "Sığorta şirkətlərinin “mətbəx” hissəsi insanlara izah edilməlidir" - MÜSAHİBƏ
Başqa sözlə, ilin əvvəlindən bəri fərq azalmağa doğru getsə də, ötən illə müqayisədə icbari sığortada zərərlilik artmaqdadır.
Sığorta ekspertləri bildirir ki, icbari sığortada zərərliliyinin artması bunan sonra da davam edəcək və sığorta şirkətləri bu proseslərə hazır olmalıdırlar.
FED.az-a açıqlama verən sığorta eksperti Fuad Sadıqovun sözlərinə görə, zərərliliyin artmasının səbəblərindən biri agentlərə ödənilən komissiyaların yüksək olmasıdır. Qeyd edək ki, indiyədək bəzi şirkətlər müştəri uğrunda mübarizə üçün agentlərə böyük komissiyalar ödəyir və dempinq edirdilər. Ekspert isə bildirir ki, bu siyasət son nəticədə özünü şirkətin xərclərinin artımında göstərir: «Elə şirkətlər var ki, onlar işlərini yalnız icabri sığorta üzərində qurub. Belə şirkətlərdə zərərlik həddindən artıq çox olur. Bəzi şirkətlərdə komissiya ödənişi 30%-i keçir, 45% isə işlərin aparılma xərclərinə sərf edilir. Nəticədə də sığorta şirkətlərinin net zərərliyi 75% çıxır. Buna görə də şirkətlərin nə qədər sağlam portfeli olsa da zərər etmiş olurlar».
Ekspert bildirir ki, Bakını müqayisədə bölgələrdə avtomobillərin icbari sığortası üzrə zərərlik daha azdır. «Çünki bölgələrdə avtomobillər daha az olduğundan qəzalar da az olur»- deyə Fuad Sadıqov bildirib.
Amma yay mövsümü yaxınlaşdıqca, yəni may ayından sonra turizm bölgələində hadisələrin sayı artacaq. Sığorta eksperti Şahin İsmayılov bildirir ki, bunlar Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Nabran, Qəbələ, Oğuz, Şəki, Balakən, Zaqatala rayonlarıdır. Paralel olaraq əhalinin bölgələrə axını ilə yanaşı, Bakıda sığorta hadisələrinin sayında kəskin azalma olacaq, minimuma düşəcək: «Yay aylarında Bakıda avtomobillərin və tıxacların sayı azalır, əvvəlki gərginlik olmur, ona görə 1,5-2 ay ərzində qəzalar da azalır». Bu da icbari sığortanın zərərliliyini aşağı salır.
Amma rayondakı icbari sığortanın zərərliyini artıraq digər məqamlar da var. Fuad Sadıqov bildirir ki, bunlardan biri bölgələrdəki avtomobillərin maşınların mühərriklərinin həcminin keçik olmasıdır. Nəticədə avtomobilin icbari sığorta haqqı da azalır. Yəni qəzalar az olsa da, sığorta yığımları da aşağı olur.
Bakı və bölgələrdə icbari sığortanən zərərliyinə təir edən digər mühüm məqam – təmir qiymətləridir. Bölgələrdə avtomobillərin təmir xərcləri Bakıdan qat-qat aşağıdır.
Ş.İsmayılovun sözlərinə görə, müşahidələr göstərir ki, rayonlardakı təmir xərcləri Bakı ilə müqayisədə 30-50% ucuz başa gəlir: «Avtomobilin təmir işlərində əsas xərclər ehtiyat hissələrin qiyməti və ustanın əl işidir. Ehtiyat hissələrinin qiymətində Bakı ilə bölgələr arasında elə bir ciddi fərq yoxdur, əsas fərq ustaların əmək haqqındadır».
Müşahidələr göstərir ki, paytaxtda məsələn 20 manata başa gələn kompüter baxışı bölgələrdə 10 manata, Bakıda 500 manata başa gələn avtomobilin rənglənməsi bölgələrdə 200-250 manata və sair başa gəlir. «Bütün bunlar təmir qiymətlərinə təsir edir və nəticədə avtomobillərin təmirini ucuzlaşdırır».