Müharibələr, silahlı münaqişələr və qlobal iqtisadi böhran fonunda bir çox ölkələrin mərkəzi bankları qızıl ehtiyatını artırır. Bu qiymətli metalın dünya birjalarında qiyməti də durmadan qalxır.
Qızıl bahalaşdı - Bu məhsulun Azərbaycana idxal qiyməti də açıqlandı - VİDEO
FED.az xəbər verir ki, Dünya Qızıl Şurasının son hesabatına görə, 2023-cü ildə qızıla qlobal tələbat 2022-ci illə müqayisədə 3 faiz artıb. Eyni zamanda, qızıl mədənlərində illik istehsalın həcmi 1 faiz artaraq 3 min 644 tona çatıb.
Hesabatda ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısı açıqlanıb. Birinci yerdə qərarlaşan ABŞ ötən ilin 4-cü rübündə ən çox ehtiyata - 8 min 133 ton qızıla malik olub. Bu ölkə, eyni zamanda, dünyanın beşinci ən böyük qızıl istehsalçısıdır. Birləşmiş Ştatların ehtiyatının ümumi dəyəri isə 543,50 milyard dollardır.
Siyahıda ikinci yeri Almaniya tutur. Bu ölkənin qızıl ehtiyatı ABŞ-dan 59 faiz az - 3 min 353 min tondur, onun ümumi dəyəri isə 244 milyard dollardır. Böyük qızıl idxalatçısı olan Almaniyanın ümumi maliyyə ehtiyatlarının 70 faizi məhz bu qiymətli metalın payına düşür.
İtaliya 2 min 452 ton qızıl ehtiyatı ilə siyahıda üçüncüdür. Bu ölkədə qızıl mədənləri fəaliyyət göstərsə də, istehsalın azalması səbəbindən idxala daha çox üstünlük verilir. İtaliyanın qızıl ehtiyatının ümumi dəyəri 163,84 milyard dollardır.
Siyahıda ilk beşliyə 2 min 437 ton qızıl ehtiyatı ilə Fransa (ümumi dəyəri 162,85 milyard dollar) və 2 min 333 ton ehtiyatla Rusiya daxildir. Sonuncu dünyanın ikinci ən böyük qızıl istehsalçısıdır və ötən il onun hasilat həcmi 324,7 tona çatıb. Amma sanksiyalar səbəbindən Rusiya öz qızılını satmaqda çətinlik çəkir.
İlk onluqda yer alan ölkələrin arasında Çin (2 min 235 ton), İsveçrə (1040 ton), Yaponiya (840 ton), Hindistan (804 ton) və Niderland (612 ton) var. Türkiyə 540 ton qızıl ehtiyatı ilə siyahıda 11-ci yerdədir. (Azərtac)