FED.az redaksiyasının suallarını tanınmış sığorta eksperti Kamran Babayev cavablandırır:
Eləcə də bax: Əmlakın yanğından və digər risklərdən – SIĞORTA ETDİRƏNLƏR AZALIB
- Kamran bəy, son günlər əmlakın icbari sığortalanması məsələsi çox aktualdır və müzakirələr zamanı fərqli fikirlər görürük. Siz uzun müddətdir ki, sığorta sektorunda çalışırsınız. Sizin fikrinizi bilmək istəyərdik. Hazırda sığorta bazarında əmlakın icbari sığortası üzrə vəziyyət necədir? Vətəndaşlar əmlaklarını sığortalamağa məcburdurlarmı?
- İlk olaraq onu qeyd edim ki, hal-hazırda əmlakın icbari sığortası üzrə penetrasiya çox aşağıdır, mövcud əmlakların cüzi bir hissəsi sığortalanıb. Bunun səbəbi vətəndaşların hələ də sığortaya inamının aşağı olması, sığorta mədəniyyətinin olmaması və əlbəttə ki, bu qanunun tətbiq edilməsinə nəzarət mexanizmlərinin olmamasıdır. O ki qaldı ikinci suala, qeyd edim ki, qanun varsa, əməl olunmalıdır. Hər bir vətəndaş Azərbaycan Respublikası qanunlarına hörmətlə yanaşmalıdır və onlara əməl etməlidir.
- Bu mövzuda səslənən fikirlərdən biri də məhz bu qanunun ləğv edilməsidir. Bəzi ekspertlər vətəndaşların öz əmlaklarını sığortalamağa məcbur edilmələrini düzgün hesab etmirlər. Siz bu haqda nə düşünürsünüz?
- İnkişaf etmiş ölkələrin praktikasına baxsaq, bu ölkələrdə daşınmaz əmlakın sığortası icbari deyil. Yalnız əmlak icarədədirsə, bu halda icarəyə götürən həmin əmlakı sığortalamalıdır. Ümumi qəbul edilmiş prinsiplərə görə icbari sığorta növləri məsuliyyət sığortası növləri olur. Amma sığorta bazarının hal-hazırkı vəziyyətində bu qanun ləğv edilməsini birmənalı qaydada iddia etmək doğru deyil. Sığorta bazarının inkişafı mərhələlərindən asılı olaraq bəzi sığorta növlərinin icbari olmasına müvəqqəti ehtiyyac yaranır. Unutmayaq ki, icbari sığorta növlərinin məqsədlərindən biri vətəndaşlar arasında sığortanı vərdiş halına gətirməkdir, bir həyat tərzi etməkdir və həmçinin könüllü sığorta növlərinin inkişafına dəstək olmaqdır. Bu səbəbdən vəziyyətdən asılı olaraq bəzi sığorta növləri icbari edilir. Lakin bazar inkişaf etdikcə, sığorta mədəniyyəti formalaşdıqca, icbari sığorta növləri yenidən dəyərləndirilməlidir. Əks halda həmin söylədiyimiz “müvəqqəti” icbari sığorta növləri tam tərsinə təsir göstərər və könüllü sığorta bazarının inkişafını ləngidə bilər. Məhz daşınmaz əmlakın icbari sığortası da zamanı gəldikdə dəyərləndirilməlidir və zamanı gəldikdə ləğv edilməsi gündəmə gəlməlidir. Həmçinin qeyd edim ki, əmlak sığortası katastrofik hallar zamanı risklərin bir hissəsinin sığorta şirkətlərinin üzərinə düşməsi və dövlət büdcəsinin yükünü azaltmaq deməkdir.
- Bugünkü gün əmlakın icbari sığortası ləğv edilərsə, bu sığorta bazarı üçün nə ilə nəticələnər?
- Əmlakın icbari sığortası deyəndə əksər insanlar yalnız mənzillərin və evlərin sığortasından danışır. Amma unutmayaq ki, bu qanunun tələbinə görə kommersiya obyektləri də sığortalanmalıdır. Sığorta bazarına bir çox istiqamətlərdə təsir edəcək. Bəzilərini qeyd edim ki, icbari sığorta bazarı illik təxmini 30 mln. manat kiçiləcək, sığorta şirkətlərinin yığımları aşağı düşəcək, hətta bəzi sığorta şirkətləri çətin vəziyyətə düşə bilər. Biz bu il artıq sığorta bazarının kiçilməsini müşahidə etdik. Bildiyiniz kimi, könüllü sığorta bazarı 10 aylıq nəticələrə görə təxmini 60 mln. manat kiçilib. Əgər icbari sığorta bazarını da hal-hazırkı vəziyyətdə 30 mln. kiçilsə, bugün bunun sığorta bazarına daha çox ziyanı olacaq, nəinki faydası. Son olaraq qeyd edim ki, bir çox insanlar düşünür ki, niyə ildə əlavə 50 manat pul ödəməlidirlər. Əslində bu vəsait boşuna ödənilmir, qarşısında bir çox hallardan 25000 manatlıq sığorta təminatı əldə edilir. Bakıda bu sığortanın dəyəri 50 manatdır. Digər bölgələrdə daha ucuzdur.