Azərbaycanda bağlanan bankların əmanətçiləri daha bir problemlə üzləşiblər.
Eləcə də bax: Fond bloklanmış əmanətlərə görə - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, söhbət banklara yatırılan yığım əmanətlərindən gedir.
FED.az-a müraciət edən «Amrahbank» əmanətçisi Oleq Kudinin bildirib ki, bankda 2018-ci ilin sentyabrında «Güvən» əmanəti hesabı açıb. «Müqaviləni 2018-ci ilin sentyabrınrda bağladıq, illik 13%-lə, həmin vaxt qorunan əmanət faizi 15% idi, yəni əmanət sığortalanırdı. Ondan sonra şərtə görə həmin əmaətin üzərinə əlavələr edirdi».
O.Kudinin bildirib ki, 2019-cu ilin iyulun 1-dən sığortalanan əmanət faizi 10%-ə endirilib amma müştəri hesab edib ki, bu dəyişiklik onun əmanətinə təsir etməməlidir: «Çünki biz bu qərardan əvvəl müqavilə bağlamışdıq».
Eyni vəziyyətlə «Amrahbank»ın əmanətçisi Azad Aslanov rastlaşıb, 2018-ci ilin noyabrında bankla «Güvən əmanəti» müqaviləsi bağlayan və 13%-də pulunu yerləşdirən əmanətçi, ilkin yatırdığı pulu geri alsa da, sonradan əlavə etdiyi pulları ali bilməyib.
Oxşar vəziyyəti «NBC Bank»da da yaranıb. Həmin bankın əmanətçisi, Türkiyədə yaşayan Büllurə Yəhyayeva vaxtilə pulunu Türkiyə bankında deyil Azərbaycan bankında yerləşdirdiyinə görə peşman olub.
O FED.az-a bildirib ki, bir il əvvəl banka əmaət yerləşdirib və bu ilin iyulunnda əmanətini götürməliymiş: «İlkin olaraq banka 3 min manat, sonra isə hissələrlə 4 min manat yatırdım. Axırıncı dəfə bu ilin martında bankda əmanətimin üzərinə 1500 manat əlavə edəndə mənə bapenkdan demədilər ki, əmanət götğürmək qadağan edilibmiş. Yəni normal işləyirdilər. İndi isə əlavə elədiyim 4 min manatımı qaytarmırlar, bildirirlər ki, 7 min manat əvəzinə cəmi 3 min manat qaytaracaqlar. Biz pulumuzu çətinliklə, Türkiyədə işləməklə qazanırıq, xaricin bankına etibar etməyib, ölkəmizin banklarına etibar edib pulları öz bankımıza yatırmışdıq, bu pulları yığıb ev alacaqdıq, indi bunlar hamısı batıb, belə çıxır gərək banka pul yatırmazdıq».
«Amrahbank»ın digər əmanətçisi Bəhruz Hüseünov isə FED.az-a bildirib ki, banka əmanəti 2018-ci ildə 3 illik müqavilə ilə yatırıb: «Müqavilədə əlavə yatırım etmək şərtləri də vardı. Biz də bu şərtlərə arxayın olub əlavə yatırımlar etdik. Əmanət faizimiz 13%-i idi, amma həmin vaxt hətta 15% sığortalanırdı. Bpank bağlananda yaxınlaşdım, 2018-də yatırdlığımı verdilər, əlavə etdiklərimi qaytarmadılar, dedilər sonrakı hissə sığorta deyil. Müqaviləni göstərəndə dedilər ki, qanundakı qayda fərqlidir».
FED.az-a müraciət edən «Amrahbank»ın müştərisi Leyla Aslanova 2018-ci ilin 7 dekabrında bankın Həzi Aslanov filialına pul yatırıb. «Həmin vaxt qorunan əmanət faizləri 15% olsa da, müqavilə 12,5%-lə bağlanıb. Yəni əmanət tam sığortalı olub. Növbəti ödəniş isə 2020-ci ilin yanvarında edilib. Bank bağlanandan sonra məlum oldu ki, əlavə edilən məbləğ geri qayğtarılmayacaq. Mən bu pulu sığortalı əmanətin üzərinə yatırmışam. Bu mənim günahım deyil, haradan biləydim ki, belə olanda əmanətimiz sığortalanmır»-deyə əmanətçi bankın onu aldatdığbını bildirir.
Ümumilikdə hər iki bankda belə problemlə üzləşənlərin sayı 30-a yaxındır. Bu şəxslərin müqaviləsində gələcəkdə əmanətin artırılacağı nəzərdə tutulsa da, indi məlum olur ki, yalnız ilkin yerləşdirilən məbləğ artırılacaq, halbuki, sonradan yerləşdirilən məbləğ də az deyil, hətta bəzi əmanətçilərdə ilkin məbləğ qədərdir.
Əmanətçilər bu məsələni iki gün əvvəl Əmanətlərin Sığortalanması Foldunun rəhbəri Tural Piriyevlə görüşdə səsləndiriblər. Onlara bildirilib ki, həmin əmanətlərin sonradan əlavə edilən hissəsi (hansı ki, artıq sığortalanma faizləri aşağı enmişdi) sığortalı deyil, əmanətçilər həmin pulu bankın özünü məhkəməyə verməklə ala bilərlər: «Bizə dedilər ki, əmanətlərin həmin hissəsi qorunmur, bank sizi aldadıb, bankı məhkəməyə verin».
FED.az xatırladır ki, indiyədək bağlanan bankların praktikası göstərir ki, adətən belə ödənişləri almaq olduqca çətin və vaxt aparan proses olur.
Qeyd edək ki, əslində bank qanunvericiliyinə əsasən, bu şərtlərlə (yəni əmanət yerləşdiriləndə faiz dərəcəsinin sığortalanan faiz dərəcəsindən yüksək olduğu halda) əlavə edilən əmanətlərin sığortalanmaması qanunidir.
Bunu FED.az-a Əmanətlərin Sığortalanması Fondunda da təsdiqləyiblər. Fonddan xatırladıblar ki, 2019-cu il iyulun 1-dək qorunan əmanət faizi 15% idi, həmin tarixdən sonra qorunan əmanət faizi 10%-ə endirilib. «Əmanətlərin sığortalanması haqqında» qanunda da bildirilir ki, əmanət o vaxt sığortalanır ki, onun yerləşdirildiyi tarixə faiz dərəcəsi fondun faiz dərəcəsini aşmasın. «Amrahbank»ın «Güvən» əmanəti işə düşəndə onun6 faizləri qorunan olub, amma sonradan onun üzərinə məbləğlər əlavə edilərkən faiz lərəcəsi artıq dəyişmiş olub və həmin məbləğlər sığortalanmayıb: «Həmin əmanət müqavilələrində yazılıb ki, müqavilə bitənədək bu əmanət qorunan hesab olunur. Amma qanunda bu məsələ konkret yazılıb ki, cəlb edilən günə müəyyən edilmiş həddən yuxarı faizlə qəbul edilən əmanətlər qorunmayan əmanətdir».
Qanunun həmin maddəsində belə deyilir:
Maddə 2. Əsas anlayışlar
2.1.2. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər.