Xəbər verildiyi kimi, aprelin 29-dan etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə «Atəşgah Sığorta» şirkətinin avtomobillərin icbari sığortasına bir neçə gün əvvəl qoyulan məhdudiyyət aradan qaldırılıb. «Atəşgah Sığorta» şirkətinin İdarə Heyəti sədrinin müavini Fuad İsmayılov bu qərarı FED.az-a şərh edərək bildirib ki, Palata tərəfindən məhdudiyyətin qoyulması 2016-2017-ci ildə bağlanmış icbari sığorta müqavilələrində aşkar edilən uyğunsuzluqlar və səhvlər olub. Bu qərardan sonra şirkət həmin problemləri operativ surətdə aradan qaldırıb: «Məhdudlaşma müəyyən bir dövrdə - 2016-2018-ci illərdə icbari sığorta ilə bağlı sistemdə olan texniki səhvlər və sair səbəbindən tətbiq edilmişdi.
Biz bu məsələlərin həlli ilə bağlı işləməyə başladıq. Həddən artıq böyük həcmdə informasiya idi, ona görə də bu iş böyük vaxt apardı».
Sədr müavini bildirib ki, şirkətin bu məsələlərlə bağlı birinci cavabı Palatanı qane etməyib: «Ondan sonra biz işçi qrupu yaratdıq, bu qrup İcbari Sığorta Bürosunda onların mütəxəssisləri ilə işlədi, onlar da dəstək oldular, məlumatların araşdırılması üçün şərait yaratdılar, sonra müəyyən müştərilər barəsində məlumatları yenilədik».
Eləcə də bax: Palata "Atəşgah Sığorta"ya qoyduğu qadağanı - LƏĞV EDİB
Nəticədə şirkət sistemdə olan bütün nasazlıqları tamamilə aradan qaldırıb: «Bundan sonra yenidən Palataya müraciət etdik. Yəqin ki, bizim cavabımız palatanı qane elədi və məhdudiyyət aradan qaldırıldı».
F.İsmayılov bildirib ki, artıq aprelin 29-dan bu məhdudiyyət aradan qaldırılıb: «Artıq dünəndən bizim agentlər və «Atəşgah»la əməkdaşlıq edən təşkilatlar icbari sığorta müqavilələrini yazmağa başlayıblar. Əslində lisenziyanın məhdudlaşdırılmasından sonra da şirkət sığorta hadisələrinin tənzimlənməsi ilə məşğul idi, indi isə artıq yeni müqavilələrin yazılmasına da başladıq».
Sədr müavini bildirib ki, həmin problemlərin bundan sonra təkrarlanması mümkün deyil. Çünki həmin səhvlər əsasən texniki məsələlərlə bağlı idi: «Hansısa avtomobilin ban nömrəsi, texniki pasportunda rəqəm səhvi, müştərinin ad-soyadındakı səhv və sair.
İndi bu məsələlər artıq texniki cəhətdən həllini tapıb».
Belə ki, Dövlət Yol Polisinin sistemi ilə İSB-nin sistemləri inteqrasiya edilib və hər hansı rəqəm və ya göstərici səhv yazılsa, bu məlumatı sistemə daxil etmək olmayacaq.