Sığortanın sahələrə ayrılması dünya təcübəsinə əsaslanmaqla yanaşı, bu sahələr üzrə sığorta risklərinin düzgün qiymətləndirilməsinə və daha təkmil sığorta məhsullarının yaradılmasına şərait yaratdı.
FED.az Tehlil Qrupu hesab edir ki, bu ayrılma hər bir sahə üzrə bazarın potensialının daha dərindən mənimsənilməsinə və müştərilərin yeni və müxtəlif tələb və ehtiyaclarının təmin edilməsinə yol açdı.
Azərbaycanda qeyri-həyat sığortası 2011-ci ildən etibarən aşağıdakı biznes dinamikası nümayiş etdirmişdir:
İllər | Qeyri-həyat sığortası bazarı üzrə yığılmış sığorta haqları, mln manatla |
Əvvəlki ilə nisbətən, faizlə |
2011 | 190,5 | 122% |
2012 | 305,7 | 160% |
2013 | 336,9 | 110% |
2014 | 324,2 | 96% |
2015 | 326,4 | 101% |
2016 | 339,2 | 104% |
2017 | 345,8 | 102% |
Cədvəldən göründüyü kimi, 2013-cü ilədək nəzərəçarpan artım nümayiş etdirən qeyri-həyat sığorta bazarı 2014-cü ildə kəskin azalmaya məruz qalmış və sonrakı illərdə cüzi irəliləyişlə hazırda illik 2-4% artım dinamikası ilə inkişaf etməyə çalışır.
Son 3 ildə ölkədə iqtisadi iqtisadi inkişaf tempinin azalması, bank sektorunun zəifləməsi qeyri-həyat sığortası bazarına mənfi təsir göstərmişdir. Əsas təsir – banklar vasitəsilə kreditləşmənin azalması nəticəsində avtokasko, əmlak və s. sığorta məhsullarının satışının kəskin aşağı düşməsi olmuşdur. Qeyri-həyat sığortası bazarını təmsil edən bir neçə iri sığorta şirkətlərinin (Qarant Sığorta, Buta Sığorta, Alfa Sığorta, Beynəlxalq Sığorta və s. ) bazarı tərk etməsi qeyri-həyat sığortası sahəsində aıparılan ümumi biznes fəallığını azaltmışdır.
Əvəzində 2011-ci ildən müstəqil fəaliyyət statusu qazanmış həyat sığortası sahəsi kəskin inkişaf tempi götürmüşdür:
İllər | Həyat sığortası bazarı üzrə yığılmış sığorta haqları, mln manatla |
Əvvəlki ilə nisbətən, faizlə |
2011 | 22,5 | 100% |
2012 | 36,8 | 164% |
2013 | 68,8 | 187% |
2014 | 105,0 | 153% |
2015 | 116,5 | 111% |
2016 | 146,9 | 126% |
2017 | 211,0 | 144% |
Cədvəldən göründüyü kimi, yarandığı dövrdən kiçik həcmlərdən başladığı üçün kəskin artım nümayiş etdirən həyat sığortası bazarı 2017-ci ildə illik 200 mln. manat səviyyəsini keçmiş və artıq ümumi sığorta bazarında xüsusi çəkisini 38%-ə çatdırmışdır. Dünya miqyasında həyat sığortası ilə qeyri-həyat sığortasının 55%/45% nisbətində formalaşdığını nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə həyat sığortasının ümumi sığorta bazarında daha üstün paya sahib olacağını təbii proses hesab etmək olar.
FED.az Tehlil Qrupu