Doğmalarına böyük kədər və borcları qaldı...
Göz yaşı tökən qadınlar, qayğılı-qayğılı düşünən kişilər və hələ nə baş verdiyini anlamadan həyəcanla böyüklərə baxan uşaqlar... Quliyevlər ailəsində artıq üç gündür belə kədər hökm sürür. Ailənin başçısı Arif Q. işdən qayıdarkən dəhşətli yol qəzasında həyatını itirib. Maddi vəziyyəti onsuz da yaxşı olmayan ailə qohumların yardımı ilə onun üç mərasiminə tədarük görür. Bu arada, mərhumun qardaşının telefonuna zəng gəlir.
- “Sizi bankdan narahat edirik. Qardaşınızın kredit ödənişi gecikir. Xahiş edirik, deyin ödəniş eləsin”.
Kredit mütəxəssisinin bu sözləri ona acı gerçəyi xatırladır. Bəli, qardaşı evini təmir etmək üçün bankdan 10 min manat kredit götürmüşdü. Bu borcun ancaq 4 min manatını qaytara bilmişdi. Özünü toplayıb bank əməkdaşına vəziyyəti izah etməyə çalışır:
- “Qardaşım vəfat edib. Həyat yoldaşı işləmir, iki azyaşlı uşağı qalıb. Borcu qaytarmağa imkanımız yoxdur.”
- “Başınız sağ olsun. Amma təəssüf ki, qardaşınızın həyat sığortası olmayıb. Borcu ailəsi ödəməlidir.” – Bank əməkdaşı bu sözləri deyib sağollaşır. Quliyevlər ailəsinin dərdi bir az da artır. Ailə başçısından geriyə böyük bir kədər və 6 min manat borc qaldı. Halbuki, kredit həyat sığortası olsaydı vəziyyət başqa cür ola bilərdi...
Kredit həyat sığortası - kredit müqavilələri üzrə borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortasını nəzərdə tutur. Daha dəqiq desək, sığorta təminatı bu hallar üzrə verilir:
- Sığortalının vəfat etməsi
- Sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi;
- Sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi;
- Sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsi.
Yəni kredit götürən şəxs vəfat edərsə və əmək qabiliyyətini itirərsə, onun borcunu sığorta şirkəti ödəyəcək.
10 min manat üçün cəmi 77 manat ödə
Kredit həyat sığortası banklar tərəfindən kredit götürən 18 yaşdan böyük 65 yaşdan kiçik hər kəsə təklif olunur. Müştəri özü sığorta şirkətini seçir, elektron şəkildə sığorta polisini əldə edir. Həmin andan onun həyatı kredit müqaviləsi müddətində və borc məbləği qədər sığortalı hesab edilir. Sığorta ödənişinin məbləği isə kreditin müddətindən, həcmindən, faizindən, hətta risk dərəcəsinə təsir etdiyi üçün borclunun yaşından asılı olaraq dəyişir. Sığorta şirkətlərinə görə rəqəmlər cüzi fərqlənə bilər, amma aşağı-yuxarı məbləğ eyni olur. Məsələn, 40 yaşlı bir şəxs 3 illik, yəni 36 aylıq müddətə 10 min manat kredit götürürsə, kredit faizi 17% olarsa, sığorta haqqı cəmi 77 manat edir.
Borclunun yaşı |
40
|
Kredit müddəti |
36 ay
|
Kredit məbləği |
10 min AZN
|
Kredit faizi |
17%
|
Sığorta haqqı |
77 AZN
|
Göründüyü kimi borcun həcmi ilə müqayisədə bu, cüzi məbləğdir. Halbuki həmin şəxs vəfat edərsə və sığortası olmazsa, ailə minlərlə manat ödəməlidir.
Sığorta ödənişi necə həyata keçirilir?
Bəs sığorta şirkətləri borclunun vəfatı və əmək qabiliyyətini itirməsi halında ödənişi necə həyata keçirir? Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev bildirir ki, əgər kredit həyat sığortası varsa, borclu vəfat etdikdə yaxınları ölüm haqqında şəhadətnaməni təqdim edir və sığorta şirkəti sığorta ödənişinin qalıq borc məbləğində hissəsini banka verir.
Sığortalı şəxsin əlilliyi müəyyən olunduqda isə ödəniş qaydaları bir qədər fərqlənir. Belə ki, bu halda qalıq borcun orqanizmin funksiyalarının pozulmuş olduğu faiz qədəri ödənilir. Məsələn əgər sizə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sənəddə orqanizm funksiyalarının 75% pozulduğu qeyd edilibsə və qalıq borcunuz 5000 manatdırsa, belə olduğu təqdirdə sığorta ödənişinin məbləği 3750 AZN olaraq hesablanacaq.
Sığorta hansı borcu ödəyir?
“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na görə, sığorta şirkəti hadisə baş verdikdə qalıq borcu ödəyir. “Qalıq borc” – dedikdə isə kredit müqaviləsi üzrə borcalanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəməli olduğu məbləğ nəzərdə tutulur. Buraya hadisə baş verənək ödənilməmiş əsas borc qalığı və faiz məbləği, habelə gecikdirilmə faizləri, dəbbə pulu və digər haqlar daxil edilmir. Yəni, kredit götürən şəxs hadisə baş verənə qədər borcu gecikdirib, gecikmə cərimələri və dəbbə pulu da yığılıbsa, bunu sığorta şirkəti ödəmir.
Daha rahat zamin ola bilərsiniz
Hüquqşünas Samir Qasımov deyir ki, kredit həyat sığortası şəxsin varisləri ilə yanaşı zamini də risklərdən qoruyur. Çünki, qanunvericiliyə görə, əgər vəfat edən borclunun varisinə hər hansı miras keçmirsə, yaxud o, mirasdan imtina edirsə, borcu zamin ödəməlidir. Üstəlik, varislər qəbul etdikləri mirasın dəyəri qədər, zaminlər isə borcun tam miqdarında məsuliyyət daşıyır. Kredit həyat sığortası olduqda, zaminin belə bir öhdəliklə üzləşməsi ehtimalı da aradan qalxır. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, sığortanın olması zaminə olan zərurəti yox etmir. Çünki sığorta kredit götürən şəxsin yalnız ölməsi və əlil olması halında ödəniş edir. Şəxsin işsiz qalması, maddi vəziyyətin pisləşməsi, yaxud istənilən başqa səbəbdən borcu ödəməməsi zamanı məsuliyyət zaminin üzərinə düşür.
Banklar da sığortada maraqlıdır
10 ildən çoxdur bankda çalışan kredit mütəxəssisi Anar B deyir ki, təcrübədə borclunun vəfat etməsi halına dəfələrlə rast gəlib. Əksər hallarda ölən şəxsin yaxınları bu barədə banka məlumat vermir. Adətən gecikmə ilə bağlı zəng etdikdə, bank əməkdaşları özləri bundan xəbər tuturlar. “Bu zaman hüznlü ailələrə “mərhumun borcunu ödəyin” demək heç də asan olmur. Amma buna məcburuq. Çünki bizim verdiyimiz kredit də digər vətəndaşların əmanətidir. Bu vəsaitin geri qayıtmasına çalışmalıyıq. Əgər kredit həyat sığortası olarsa, həm banklar əlavə risklərdən azad olar, həm də öz doğmasını itirən şəxslər daha da ağır duruma düşməz.” – kredit mütəxəssisi qeyd edir.
Sığortası olmayan hər bir istehlak krediti bank üçün potensial itki deməkdir. Belə ki, sığortasız borclu vəfat etdikdə bank işi məhkəməyə göndərir. Məhkəmə qaydasında borclunun varisləri müəyyən olunur. Daha sonra həmin varislərə hər hansı əmlakın miras qalıb-qalmadığı, onların mirası qəbul edib-etmədiyi araşdırılır. Əgər borcu yönləndirməyə heç bir əmlak yoxdursa, bank bu puldan əlini üzür. Təcrübədə istehlak krediti götürən şəxsin ölümü ilə bağlı halların çoxunda məhz bu vəziyyət yaşanır.
Görülən işlər bəhrəsini verir: kredit sığortasına maraq artır
Sevindirici hal budur ki, son vaxtlar Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və mətbuatın apardığı maarifləndirmə işləri öz nəticəsini verib. Kredit götürərkən sığorta etdirənlərin sayı artıb.
Kredit sığortası üzrə yığımlar
(min manatla, mənbə: Mərkəzi Bank )
2022 |
1,899
|
2023 |
3,830
|
2024 |
5,259
|
2025(4 ay) |
1,372
|
2022-ci ildə kredit sığortası üzrə yığımlar 1 milyon 899 min manat təşkil edibsə, 2023-cü ildə bu göstərici 3 milyon 830 min manat, 2024-cü ildə isə 5 milyon 259 min manat olub. 2025-ci ilin təkcə 4 ayında 1 milyon 372 min manatlıq kredit sığortası haqqı toplanıb. Artan rəqəmlər onu deməyə əsas verir ki, insanlar kredit götürərkən ən pis ehtimalı düşünməyə başlayır və öz doğmalarına borclarını miras qoymamaq üçün sığorta etdirir.
“Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb”.
Vəfa Şəhlayi