Sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox mühüm seqmenti kimi dəyərləndirilsə də, hazırda sığorta yığımlarının ÜDM-də payı 0,8 faizdir. Hər il bu sektorun ÜDM-də payının artacağı, sığorta bazarının inkişaf edəcəyi proqnozlaşdırılır.
FED.az xəbər verir ki, sığorta sektorunda gözlənilən yeniliklər və planlarla bağlı sualları Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli cavablandırıb.
Qiymətləndirmədə xarici təcrübəni gətirmək istəyirik
– İlk əvvəl Azərbaycanda sığorta şirkətlərinin hazırkı vəziyyətini öyrənmək istəyirik. Son bir ildə dəyişiklik varmı?
– Sığorta şirkətlərində vəziyyət kifayət qədər stabilləşib. Hazırda şirkətlər inkişaf prespektivlərini müzakirə etməkdədirlər. Doğrusu, bu gün sığorta sektorunun inkişaf etməməsinin səbəbi etimadın az olmasıdır.
Niyə etimad azdır? Bunun da bir çox səbəbləri var. Hansı ki, bura qanunvericilik məsələləri, sığorta şirkətlərinin xidmət səviyyəsi, vətəndaşların sığorta savadının az olması və sair daxildir.
Başqa tərəfdən, vasitəçilik institutu zəifdir. Belə ki, bu gün Azərbaycanda peşəkar sığorta iştirakçıları, yəni sığorta şirkətləri mövcuddur. Eyni zamanda, qeyri-peşəkar sığorta iştirakçıları var. Bunlar da vətəndaşlardır.
Dünya təcrübəsinə, eləcə də, yerli qanunvericiliyə əsasən, bu iki tərəfin münasibətlərini təşkil edən vasitəçilər, yəni agent və brokerlər, eyni zamanda yardımçı fəaliyyət göstərən şəxslər, yəni müstəqil ekspertlər, qiymətləndiricilər, surveyerlər olmalıdır.
Təəssüf ki, bizdə bu vasitəçilər – orta təbəqə yaxşı inkişaf etməyib. Ona görə də vətəndaşlarla sığorta şirkətləri arasında münasibətlər doğru şəkildə tənzimlənmir.
Hazırda məqsədimiz orta təbəqəni formalaşdırmaq, onları lazımi səviyyəyə gətirməkdir ki, sığortaya olan etimadsızlıq, narazılıq azalsın, bazar inkişaf etsin.
– Vasitəçilərlə bu istiqamətdə hər hansı iş aparılırmı?
– Biz vasitəçilərin səviyyəsinin daha mütərəqqi səviyyəyə çatması üçün xarici təcrübəni gətirmək istəyirik. Assosiasiyada təhsil strategiyası üzərində işlər aparılır.
– Xarici təcrübə dedikdə, hansı ölkəni nəzərdə tutursunuz?
– Sırf müstəqil qiymətləndirmə ilə bağlı Türkiyədə çox geniş təcrübə var. Orada bütün qiymətləndirmələrin 86 faizi məhz orta təbəqə, müstəqil qiymətləndiricilər tərəfindən həyata keçirilir.
Biz də çalışırıq ki, qiymətləndirmələr müstəqil aparılsın. Çünki hazırda qanunvericilikdə nəzərdə tutulduğu kimi, qiymətləndirməni sığorta şirkətləri həyata keçirir. Narazılıqlar aşkarlandıqda digər tərəflərə ötürülür.
Təklif etdiyimiz model ondan ibarətdir ki, qiymətləndirmələri sığorta şirkətləri deyil, müstəqil ekspertlər reallaşdırsın. Bu halda sığortalıların sığorta şirkətlərinə etimadları şüuraltı olaraq daha çox olacaq.
– Bu yöndə qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflər nəzərdə tutulubmu?
– Bəli. Əlavə olaraq, birbaşa tənzimləmə ilə bağlı detallar müzakirə edilir. Məsələn, icbari sığortada ödənişin sığorta müqaviləsini yazan şirkət tərəfindən verilməsi də bura daxildir.
– Azərbaycanın sığorta sektorunda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı “Mediasiya İnstitutu”nun yaradılmasını irəli sürmüsünüz. Bu institut münasibətlərdə nəyi dəyişəcək?
– Azərbaycanın sığorta bazarında narazılıqların kökündə dayanan problemlərdən biri də mübahisələrin həllinin uzun-uzadı davam etməsidir. Bir çox hallarda bu mübahisələr ədalətsiz şəkildə həllini tapır. Bu yöndə xarici ölkələrin mediasiya təcrübəsindən istifadə etmək istəyirik.
Mələsən, Türkiyədə buna “arabuluçuluq institutu” deyilir. Bunu Azərbaycana gətirmək istəyirik. Bu, institut sığorta mübahisələrinin çox qısa müddətdə və ədalətli həllinə imkan verəcək.
– Bildiyimiz qədər, Azərbaycanda bu yöndə qanun yoxdur…
– Mediasiya haqqında qanunun ilin sonuna qədər qəbul olunması gözlənilir. Bu institutun yaranması strateji yol xəritələrində də nəzərdə tutulub. Bəzi məhkəmələrdə artıq pilot layihələr həyata keçirilir. Burada məhkəməyə qədər mübahisələrin həllinə baxılır.
İki sığorta növünün icbariləşməsini təklif edirik
– İcbari sığorta növlərinin artırılmasını təklif edirsiniz. Bazara daha hansı sığorta növlərinin gətirilməsini istəyirsiniz?
– Hazırda iki sığorta növü üzrə İşçi Qrupu yaratmışıq. Həmin sığorta növlərinin icbariləşməsi üzərində təkliflər hazırlayırıq. Bu, həkimlərin peşə məsuliyyətinin icbari sığortası və səyahət sığortasıdır.
Söhbət həm ölkə xaricinə, həm daxilinə səyahət edən turistlərin sığortasından gedir. Hazırda bu sığorta məhsulu könüllüdür. Səfər sığortası geniş istifadə edilir. Amma bir sıra ölkələr, məsələn, Avropa ölkələri bu sığortanı məcburi tələb edirlər. Biz də bu təcrübədən istifadə etmək istəyirik.
Digər təklifimiz həkimlərin peşə məsuliyyətlərinin sığortası ilə bağlıdır. Bu sığorta bazarından daha çox, ölkənin sosial siyasətinə təsir edən bir məsələdir. Bütün dünyada həkim səhvindən əziyyət çəkən geniş kütlə var.
Təəssüf ki, bu, Azərbaycandan da yan keçmir. Statistik göstəricilər həkimlərin peşə səhvinin az olmadığı göstərir. Düşünürük, həkimlərin peşə məsuliyyəti sığortalanarsa, həkim səhvindən əziyyət çəkən, kompensasiyasını ala bilməyən və ya çətinliklə alan kütlənin zərərinin qarşılığını sığorta ödənişləri vastisəi ilə təmin edə bilərik. O insanların kompensasiyalara əlçatanlığı daha rahat olar.
– Maraqlıdır, əmlak sığortası icbaridir, ancaq bazar iştirakı çox zəifdir. Məsələn, əmlak sığortasının bazar payı 10 faizə çatmır. Halbuki, əmlak bazarının həcmi yarım milyard manata yaxındır. Bazarın bu seqmentində nə çatmır, qaydalar sərtdir, yoxsa şərtlər qaneedici deyil?
– Qaydalar sərt deyil. Əksinə, əmlakın icbari sığortası müştərilər üçün ən əlverişli sığorta növlərindən biridir. Çox kiçik sığorta haqqının müqabilində (Bakıda daşınmaz əmlakın sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər regionlarda isə 30 manatdır) 25 min manatlıq sığora ödənişi aparılır.
Çox əlverişli sığorta növüdür. Lakin onun bazar payı 8 faiz təşkil edir. Bununla bağlı bir sıra işlər aparırıq. Bura Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, eləcə də, Fövqaladə Hallar Nazirliyinin prosesə inteqrasiyası məsələsi daxildir.
Bu inteqrasiyaları reallaşdırsaq, daşınmaz əmlakın icbari sığortasının payı artar.
Daşınmaz əmlakın icbarı sığortası avtomobil sığortasından ona görə azdır ki, ikincidə təsir müxanizmləri kifayət qədər güclüdür. Avtomobillər texniki baxışdan keçdikdə, sığorta müqaviləsi tələb edilir, yollardakı təhlükəsizlik kameraları vasitəsilə sığortası olmayan avtomobillər müəyyən edilir və cərimə tətbiq olunur.
Bu vasitələr avtomobil sığortasının əhatəsini 90 faizə çatdırıb. Çox böyük rəqəmdir. Daşınmaz əmlakın icbarı sığortasını da bu rəqəmə çatdırmağa çalışırıq.
Daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması planlaşdırılır
– Artıq bir ildən çoxdur, avtomobillərin icbari sığortasında onlayn satış həyata keçirilir. Digər sığorta məhsullarının onlayn satışı planlaşdırılırmı?
– Bəli. Bunun özü sığorta bazarının əhatəsini müəyyən nisbətdə artıracaq. Hazırda daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması yönündə təkliflərimizi hökumətə göndərmişik. Yaxın zamanda bunun Milli Məclisə təqdim edilməsini, qanuna dəyişiklik olunmasını gözləyirik.
– Assosasiya ipoteka qoyulmuş əmlakın və ipoteka qoyan şəxsin həyat sığortası üzrə tariflərin aşağı salınması istiqamətində İpoteka Kredit Zəmanət Fondu ilə görüşlər keçirir. Bu istiqamətdə hansısa dəyişiklik gözlənilir?
– Təxminən 10-15 faiz azalmadan söhbət gedir. Bunun məqsədi vətəndaşların bu sığorta növünə əlçatanlığının artırılmasıdır. Sığorta haqları ipoteka kreditlərinin ilkin ödənişini məbləğini daha da artırır.
– Sığorta şirkətləri yığımlarının böyük hissəsini banklara depozit şəklində yerləşdirir. Şirkətlərin investisiya alətlərinin sayında dəyişiklik gözlənilirmi?
– Qanunvericiliyə əsasən, müəyyən sahələrə yönələn investisiyalar sığorta şirkətlərinin məcmu kapitalına təsir edir. Bəzi investisiyalar məcmu kapitalda 100 faiz kimi, bəziləri 0 (sıfır) faiz qəbul edilir. Bu, sığorta şirkətləri üçün çox önəmlidir.
Azərbaycanda bir sıra bankların müflis olduğunu gördük. Həmin banklarda sığorta bazarına aid vəsaitlərin böyük hissəsi geri qaytarılmadı. Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və sığorta şirkətləri arasında sığorta şirkətlərinin investisiya qaydaları müzakirə olunur.
Burada məqsəd sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılmasıdır. Çalışırıq ki, sığorta şirkətlərinin investisiya alətlərinin sayı artsın.
Bir bankda yerləşdirilən investisiya məbləğlərin diversifikasiya edilərək bir neçə bankda yerləşdirilməsi təşviq edilsin.
İnvestisiya məbləğləri dövlət qiymətli kağızlarına yönəldilsin. Qiymətli kağızlar bazarı iştirakçılarının məhsullarından daha çox istifadə edilsin. Bu məsələlər sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin olunması ilə birbaşa bağlıdır.
– Maliyyə dayanıqlılığından söz düşmüşkən, bu yöndəki addımlar çərçivəsində sığorta şikətlərinin konsolidasiyası gözlənilirmi?
-Sığorta şirkətləri arasında bu istiqamətdə danışıqlar aparılmadığını düşünürük. Ölkədə 21 sığorta şirkəti fəaliyyət göstərir. Onların böyük əksəriyyətinin maliyyə sabitliyində hər hansı problem yoxdur. Ancaq xırda şirkətlərin birləşməsi tövsiyə olunandır.
– Belə demək olarmı ki, sığorta şirkətləri bankların təsirindən çıxıblar?
– Azərbaycanda iki dəfə maliyyə sıxıntısı baş verib. Bu 2008 və 2014-cü illərə təsadüf edib. İki hadisədən sonra sığorta şirkətləri banklardan asılılıqlarını kifayət qədər azaldıblar.
Bu gün sığorta şirkətlərinin banklardan asılılıqları minimum səviyyəsindədir. Şirkətlər fərqli satış kanallarından istifadə edərək, öz məhsullarını satırlar.
Kənd təsərrüfatı sığortası haqqında qanunun qəbulu gözlənilir
Mustafa müəllim, bu qədər təkliflərə, sığorta şirkətlərinin bazarda qalma mübarizələrinə rəğmən, niyə Azərbaycanda sığorta məhsullarının çeşidi azdır?
– Bəzi sığorta növləri var ki¸ əhali onları tanıyır və geniş istifadə edir. Digər növlərin istifadəsi müəyyən səbəblərdən asılıdır.
Məsələn, Azərbaycanda kənd təsərrüfatında sığorta inkişaf etməyib. Səbəbi də risklərin hesablanmasının çətin olmasıdır. Bu da kənd təsərrüfatının vergidən azad edilməsi, orada hansısa mühasibatlılığın olmamasından irəli gəlir.
Sığorta şirkəti məhsulunu satmaq üçün kəndlinin mülkiyyətinin hesabatını, mühasibatlılığını bilməlidir. Bunlar olmadığından bu seqment inkişaf etmir.
Hazırda kənd təsərrüfatı sığortası haqqında qanunun qəbulu gözlənilir. Qanunun qəbulundan sonra kənd təsərrüfatının sığortası yeni mərhələyə qədəm qoyacaq. Ümumiyyətlə, bu il sığorta bazarında çox saylı yeniliklər gözlənilir.
– Yeniliklərə tariflərin endirilməsi daxildir?
– Endirimlər olacağını düşünmürəm. Devalvasiya nəticəsində sığorta şirkətlərinin bir çox məhsullar üzrə xərcləri artıb. Amma tariflərdə dəyişiklik baş verməyib. Çünki mövcud qiymətlərlə belə sığorta məhsullarının satışı kifayət qədər çətindir. Tariflərin azaldılması müzakirə predmeti deyil.