Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli İslam Bankçılığı üzrə ekspertlərlə görüş keçirərək islam ölkələrinə xas olan təkafül sisteminin tətbiqi ilə bağlı müzakirələr aparıb. Bəs təkafül sistemi nədir və əsas üstünlüyü nədən ibarətdir?
FED.az finans.az-a istinadən xəbər verir ki, bununla bağlı Assosiasiya sədri sualları cavablandırıb.
"Təkafül islam ölkələrində geniş yayılmış sığorta sistemidir və ənənəvi sığorta sistemindən fərqlənir. Ənənəvi sistemdə ödənilən sığorta haqqı sığorta hadisəsi baş verdikdə sığorta ödənişi olaraq sığortalıya geri qayıdır, hadisə baş vermədikdə isə bu məbləğ sığorta şirkətinin özünə qalır. Təkafül sistemində isə sığorta haqları toplandıqdan sonra sığorta hadisəsi baş verməsə belə, məbləğin bir hissəsi sığortalıya geri qaytarılır, bir hissəsi isə sığorta şirkətinə qalır. Bu zaman bölüşdürülən məbləğ faiz nisbətində deyil pay nisbətində bölünür. Əsas fərq bu olsa da, bir sıra kiçik fərqlər də var.
Təkafülün Azərbaycanda tətbiqi üçün qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Görülən işlərin də məqsədi budur ki, yeni sistemin Azərbaycan üçün faydalarını müəyyən edək və kifayət qədər önəmli olduğu təqdirdə dövlət orqanları qarşısında bu sistemin tətbiqi ilə bağlı mühüm addımların atılması üçün məsələ qaldıraq. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri də bu sistemdə maraqlıdırlar".
Assosiasiyanın sədri sığorta sisteminin mövcud problemlərinə də toxunub.
"Azərbaycanın sığorta bazarında əsas problem insanların sığorta sisteminə duyduğu inamsızlıqdır. İnsanların sığorta sisteminə etibarını artırmaq üçün təbliğat işləri aparırırq. Qeyd etmək lazımdır ki, sığorta şərtləri 5-10 il əvvəl ilə müqayisədə inkişaf edib. Digər problem isə odur ki, bir sıra sığorta növləri üzrə qanunda müəyyən xırda boşluqlar var və bununla bağlı mütəmadi təkmilləşdirmə işləri gedir".
M. Abbasbəyli həmçinin, sığorta bazarı üçün ilin sonuna gözləntilərini və növbəti il üçün hədəflərini açıqlayıb.
"Digər sektorlardan fərqli olaraq sığorta bazarı hər il mütəmadi olaraq 10-15% böyüyür və bu faiz nisbətinin daha böyük olması gözlənilir. 2018-ci ilin sonunda isə sığorta bazarının 30% böyümə nümayiş etdirəcəyi gözlənilir.
Ölkə rəhbərinin Strateji Yol Xəritəsində sığorta ilə bağlı təsdiq etdiyi müəyyən məsələlər var ki, onlar üzərində də işlər gedir. Bunlara icbari sığorta növlərinin artırılması, müştərək sığortalar, kənd təsərrüfatı sığortası aiddir. Hər 3 istiqamətdə işlər gedir. Kənd təsərrüfatı ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir və bununla bağlı ciddi işlər aparılıb. Strateji Yol Xəritəsində olan məsələlərin 2020-ci ilə qədər həll olunması sığorta bazarının qarşısında hədəf kimi qoyulub".
Azərbaycanda yeni sığorta sistemi tətbiq oluna bilər
20:12
19 Sen 2018