2025-ci ilin ilk 9 ayında Azərbaycandan xaricə səfər edənlərin üzləşdiyi hadisələrə görə, ümumilikdə 429 min manat sığorta ödənişi edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 180 min manat və ya 72% artıqdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə xaricə səfər edənlər üzrə 250 min manat ödəniş edilmişdi.
Ödənişlərin artımı ilə səfər sığortasının zərərliliyi də yüksəlib. Belə ki, 2024-cü ildə bu sığorta növü üzrə zərərlilik 5,5% olduğu halda, indi bu rəqəm 9%-ə yüksəlib.
İlin müxtəlif dövrlərində səfər sığortası üzrə ödənişlər fərqli olub. yanvar ayında 50 min manatla başlayan sığorta ödənişləri, fevralda 3 min manata düşüb.
Bununla belə, mart-apreldə ödənişlər yenidən canlanmağa başlayıb – martda 17 min manat, apreldə 15 min manat sığorta ödənişi edilib.
Xaricə səfər edən vətəndaşlara sığorta ödənişlərində əsas artım may ayında müşahidə olunub. Mayda belə vətəndaşlara baş verən hadisələr səbəbindən 92 min manat ödəniş edilib. İyunda isə sığorta ödənişləri 89 min manat olub. Ən böyük sığorta ödənişi iyul ayında olub – 110 min manat.
Turizm mövsümünün sonu yaxınlaşdıqca, sığorta ödənişləri də azalıb, avqust ayında sığorta ödənişləri 23 min manata, sentyabrda 27 min manata düşüb.














