Noyabrın 23-də səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Sahibkar: “Sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik”
Hadisədən sonra Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən bildirilib ki, baş verən yanğınla bağlı sahibkarlara sığorta ödənişi edilməyəcək.
Buna səbəb isə Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı" kimi tanınan inşaat materialları bazarında yanmış əmlakların sığortalı olunmamasıdır. Bu hal xüsusilə inşaat materialları satılan bazarlarda sığorta məsələsini aktuallaşdırıb.
Bəs, bir çox sahibkar bu qədər yanğın hadisələrini görsə də, hələ də mallarını sığortalamağa həvəs göstərmir?
FED.az xəbər verir ki, Emil Ağabağırov bildirib ki, tikinti materialları bazarındakı mallar daşınmaz əmlak icbari sığortası oluna bilməz.
"Çünki daşınar əmlakın sığortası icbari deyil, könüllü həyata keçirilir. Oradakı mallar açıq havada idi. Əgər bazarda yanan materiallar könüllü sığorta edilsəydi, baş verən yanğından sonra dəyən zərər təmin ediləcəkdi", - deyə o, əlavə edib.
Ekspert qeyd edib ki, insanlarda könüllü sığortaya da maraq çox deyil:
"Bu səbəbdən əksəriyyət sığorta etmirlər. Təxminən yüz min manatlıq taxtanın illik sığorta dəyəri 300-350 manatdır. İnsanlar belə hallara görə könüllü sığorta etməlidirlər. Çünki partlayış, sel, oğurluq kimi bir çox risklər ola bilər".
E. Ağabağırov qeyri-yaşayış obyektlərində fəaliyyət növündəki nəzarət növünə də toxunub.
"İstənilən qeyri-yaşayış obyekti sığorta olunmalıdır. Bu qanunvericilikdə də var. Buna nəzarət edən orqan Fövqəladə Hallar Nazirliyidir. Hazırda qeyri-yaşayış obyektləri daha çox sığorta edilir. Çünki burda nazirlik tərəfindən nəzarət mexanizmi var", - deyə ekspert vurğulayıb. (Trend)