Son zamanlar vətəndaşların bank kartlarından külli miqdarda vəsaitin fırıldaq üsullarla oğurlanması xəbərinə, demək olar ki, hər gün rast gəlirik. Vətəndaşlar öz bank kartlarını və digər şəxsi məlumatlarını qarşı tərəflə paylaşırlar ki, bu da nəticədə pulların kartdan silinməsinə, üstəlik, şəxsi məlumatların da başqalarının əlinə keçməsinə səbəb olur. Daxili İşlər Nazirliyi (DİN) dəfələrlə əhaliyə müraciət edərək kart məlumatlarını heç kimlə bölüşməməklə bağlı çağırışlar etsə də bu kimi xoşagəlməz hadisələr davam edir. Yeri gəlmişkən, DİN-in məlumatlarına əsasən, maarifləndirmə tədbirləri nəticəsində, əvvəlki statistik göstəricilərlə müqayisə etdikdə, son aylar dələduzluq yolu ilə ələ keçirilən vəsaitlərin həcmində müəyyən qədər azalma gözə dəyir.
Elşad Hacıyev: "Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin pulu geri qayıtmayıb"
Sözsüz ki, vətəndaşın aldadılaraq yanlış məlumatlandırılmaqla və şirnikləşdirilərək vəsaitini ələ keçirmək kiberdələduzluğun bir növüdür. Dünyanın bir çox ölkəsində kiberrisklər sığortalanır və bu yenilik artıq ölkəmizdə də əlçatandır. Bəs görəsən bu sığorta növü bank kartlarından vəsaitin fırıldaq yolu ilə çəkilməsi zamanı vətəndaşa dəyən ziyanı qarşılayırmı?
FED.az bu mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırovla müsahibəni təqdim edir:
- Emil müəllim, gəlin əvvəlcə kibersığortanın nə olduğunu aydınlaşdıraq. Bu sığorta növü kimlər üçün nəzərdə tutulub?
- Bu sığorta xidməti, adından da göründüyü kimi, kiberhücumlar nəticəsində dəymiş zərəri qarşılayır. Sığorta xidmətinin təminatları sırasına texniki xətalar nəticəsində məlumatların pozulması, habelə veb-saytların, e-maillərin sındırılması və kiberoğurluq halları da daxildir. Xüsusilə qeyd etmək istərdim ki, hələ ki, bu sığorta növü hüquqi şəxslər üçün nəzərə tutulub. Sığorta bazarımızda yeni olduğu üçün, hesab edirik ki, mövcud xidmətin daha da genişləndirilməsi və bundan fiziki şəxslərin də yararlanması qarşıdakı dövrdə nəzərdən keçirilə bilər.
- Qeyd olunan sığorta xidmətinə hüquqi şəxslər necə müraciət edə bilərlər?
- Hüquqi şəxs və ya sahibkar sığorta şirkətinə birbaşa müraciət etməklə bu xidmətdən faydalana bilər. Bu növ sığorta könüllü olduğundan, hüquqi şəxslər sığorta şirkətinə yaxınlaşmaqla təminat şərtlərini və təminat əhatəliliyini razılaşdıraraq xidməti əldə edib müqavilə imzalaya bilərlər.
- Bəs sığorta hansı hallarda dəymiş zərəri ödəyir?
- Bu sualınıza bir misal üzərindən aydınlıq gətirmək istərdim. Deyək ki, onlayn ticarətlə məşğul olan bir sahibkarın veb-saytı sındırılıb və o, ciddi maliyyə itkisi ilə üzləşib. Əgər sahibkar daha öncə kibersığorta etdiribsə və “veb-saytların sındırılması halı”nı təminat altına alıbsa, sığorta sahibkarın veb-saytı sındırıldıqdan sonrakı işləmədiyi müddət ərzində qazana biləcəyi ehtimal olunan gəlirlərini belə ödəyəcək. Bundan savayı, məhkəmə xərcləri, sındırılmış veb-saytın bərpası üçün ehtiyac olan texniki xərclər və marketinq itkiləri sığorta ilə təminat altına alınmış olacaq.
- Bəs haker hücumları zamanı dəymiş zərər hansı kriteriyalarla ödəniləcək?
- Bu, ölkəmizdə yeni bir sığorta məhsulu olduğu üçün şərtlər əsasən dünya təcrübəsinə əsaslanır. O ki qaldı haker hücumu zamanı dəymiş zərərin ödənilməsinə, burada təkrarsığortanın ekspertləri dəymiş zərəri müəyyənləşdirəcəklər və bu şəkildə sığorta zərəri qarşılanmış olacaq.
- Bu sığorta xidməti bank kartlarından dələduzluq yolu ilə oğurlanan pulları da sığortalayırmı?
- Bir daha qeyd etmək istərdim ki, kibersığorta növü yerli bazarda hələ yeni məhsul olduğu üçün bu mərhələdə bank kartlarından vəsaitlərin çəkilməsi, yəni oğurlanması halı təminatlara daxil deyil. Ancaq burada üçüncü şəxslərə dəymiş zərərə təminat verilir, yəni bu sığorta xidmətinin bir məsuliyyət hissəsi də var. Məsələn, deyək ki, hüquqi şəxs hər hansı bir bankla partnyorluq edir, həmin bankın da təbii olaraq digər, yəni üçüncü şəxslər qarşısında öhdəlikləri var. Bu zaman bank kartlarından vəsaitin çəkilməsi yox, digər hallar baş verərsə, sığorta təminatı ödənilir.
Başqa bir misal çəkim. Tutaq ki, bir internet provayderi şirkəti bu xidmət vasitəsilə sığortalanıb və həmin provayderin internet verilişində problem yarandığı zaman hansısa sahibkar, təbii olaraq, onlayn satışını və ya reklamını həyata keçirə bilməyəcək. Belə olan halda, sahibkar üçün itkilər qaçılmazdır. Bu zaman müştəri həmin provayder şirkətə müraciət edir və provayder də bu sığorta növü ilə sığortalandığı üçün ona sığorta ödənişi edilir, o isə öz müştərisinin itkilərini rahatlıqla qarşılayır. Ümumiləşdirsək, bu sığorta xidməti həm birinci tərəflər üzrə, həm də üçüncü tərəflər qarşısında məsuliyyət risklərinə təminat verir.
- Son olaraq dünya təcrübəsini oxucularımızla bölüşə bilərsinizmi? Bu kimi sığorta məhsulları xarici ölkələrdə hansı formada tətbiq edilir?
- Yerli sığorta bazarımıza yenicə ayaq açan kibersığorta xidməti dünya təcrübəsinə əsaslanır. Burada proseslər, – istər tarifləndirmə, istərsə də hadisələrin tənzimlənməsi, – təkrarsığorta ilə razılaşdırılır. Təbii ki, kiberrisklər bütün dünya ölkələri üçün aktual olduğuna görə, qlobal sığorta sənayesi də bu istiqamətdə yeni və fərqli təcrübələr formalaşdırır. Amma onu da unutmayaq ki, belə təcrübələr hər bir ölkənin lokal bazar şərtlərinə uyğunlaşdırılmaqla həyata keçirilir. (Vergiler.az)