Son illər ənənəvi sığorta növünün problemlərini həll etməyə imkan verən daha müasir və mükəmməl kənd təsərrüfatı sığortası növü kimi indeksli sığorta haqqında müzakirələr davam etməkdədir. Bir çox ekspertlərin rəylərinə əsasən bu sığorta növünün Azərbaycan mühitinədə tətbiq edilməsi mümkün hesab edilir.
İndeksli sığorta nədir?
İndeksli sığorta müəyyən edilmiş bir göstəricinin-indeksin həddinin aşdığı halda ödənişi təmin edən sığortadır. Belə bir indeks, məsələn, müəyyən bir dövr üçün yağıntıların miqdarı və ya hava hərarətinin müəyyən edilmiş göstəricisi ola bilər. İndeksli sığorta müqaviləsi obyektin fiziki vəziyyətindən asılı olmayaraq qüvvədə qalır. Başqa sözlə, indeks müqaviləsi üzrə sığorta ödənişinin verilməsi əkin sahələrinin itkilərini nəzərə almadan indeksin vəziyyətinə əsasən həyata keçirilir. Məsələn, sahə məhsulu ənənəvi şəkildə donvurmadan sığortalananda, sığorta hadisəsinin baş verdiyini və zərərin miqdarını, məhv olmuş və sağ qalan bitkilərin nisbətini təsdiq etmək üçün zərərçəkmiş sahəyə baxış keçirtmək tələb olunur. Lakin, eyni sahə bitkisi donvurmadan indeksli sığorta müqaviləsinə əsasən sığortalansa, temperatur göstəricilərinin əldə edilməsi kifayət edir ki fermer sığorta təzminatını əldə edə bilsin. Bu halda temperaturun kritik həddən aşağı düşməsi zərərin sığorta şirkəti tərəfindən ödənilməsinə səbəb hesab olunur.
Bu günə qədər bir neçə ölkələrin təcrübəsindən irəli gələrək kənd təsərrüfatı sığortasında istifadə olunan iki əsas göstərici növü mövcüddur: məhsuldarlıq indeksi və hava indeksi.
Məhsuldarlıq indeksi, bir qayda olaraq, müəyyən bir bölgədə uzun müddət, 10-30 il ərzində əldə edilmiş məhsulun orta səviyyəsidir. Məhsuldarlıq indeksi çoxillik məhsuldarlıq statistikasının əldə oluna biləcəyi inzibati regional vahidin (rayon) səviyyəsində hesablanır. İndeksli məhsuldarlıq sığorta müqaviləsi üzrə sığorta təzminatının ödənilməsi ümumiləşdirilmiş regional məhsuldarlığın çoxillik orta səviyyəsindən aşağı düşəcəyi təqdirdə həyata keçirilir. Məhsuldarlığa təsir göstərən hava hərarəti, yağıntıların səviyyələri, külək qüvvəsi və digər meteoroloji parametrlər hava indeksinə aid edilir. Bu günə ən populyar olan indeks yağıntıların səviyyəsidir, çünki bu, "quraqlıq" və "həddindən artıq nəmləndirilmə" risklərinə uyğun hesab edilir. Yağıntı indeksi sığorta müqaviləsində müstəqil olaraq və ya hava hərarətinin müəyyən edilmiş göstəriciləri ilə tətbiq olunur. Ümumiyyətlə, indeks hər hansı bir rəqəmsal göstərici ola bilər, əgər bu göstərici istehsalçının potensial itkilərinin təbiətini əks etdirirsə. Lakin sığorta üçün indeks yalnız bir yerdə və vahid şəkildə tarixi bir dövr üçün müntəzəm qeydiyyata alındıqda istifadə edilə bilər.
Hava indeks sığorta konsepsiyası ilk növbədə 90-cı illərin sonunda ABŞ və İngiltərə enerji sənayesi üçün tətbiq olundu. Daha sonra bu konsepsiya kənd təsərrüfatı risklərinədə tətbiq olunmağa başladı. Hal-hazırda isə hava indeks sığortası Dünya Bankı layihələri çərçivəsində bir çox inkişaf etməkdə olan ölkələrdə tətbiq olunur. İnkişaf etmiş ölkələrdə indeksli sığorta məhsullarının tədbiqi yalnız ənənəvi sığortanın hansısa bir səbəbdən tətbiq olunması mümkün olmadığı halda həyata keçirilirdi. Məsələn, Kanadada və İspaniyada peyk görüntülərinə əsaslanaraq otlaq sahələrinin sığorta proqramları mövcüddur. Quraqlıq səbəbindən otlaqlar az məhsuldar olduqda (peyk şəkillərində bu sahələr açıq rənglərlə işarə olunur), fermerlər mal-qaranı əlavə ehtiyac duyduqları qidalandırılması üçün zərər çəkirlər. Bu halda sığorta təzminatı fermerlərin qida üçün gözlənilməz xərclərini qarşılayır. Beləliklə, indeks sığortası ənənəvi sığortanın bir sıra səbəblərə görə tətbiq oluna bilmədiyi hallarda sığortanı tətbiq etmək üçün alternativ bir yol hesab edilir.
Mikrosığorta kimi olan sığorta növünün isə uğurlu tədbiqi nəticəsində indeksli sığortanın yayılması dünyada yeni bir istiqamət açdı. Mikrosığorta aşağı gəlirləri olan insanların mütanasib sığorta haqqını ödəməklə müəyyən risklərdən qorunmaq üçün bir maliyyə qoruyucusudur. Kiçik kənd təsərrüfatında çalışan sahibkarlar, ev təsərrüfatı sahibləri iqdisadi baxımdan hər zaman kənd təsərrüfatı risklərinə və iqlim dəyişikliyinə ən həssas olan təbəqə hesab olunublar. Bu səbəbdən bir çox maliyyə kredit təşkilatları kiçik sahibkarlığın və ev təsərrüfatların inkişafına dair maliyyə vəsaitlərin ayrılmasına ehtiyyatla yanaşırlar. Son zamanlar bir sıra ölkələrdə məs mikrosığorta kimi mövcüd olan sığorta məhsulları bank və mikromaliyyə təşkilatlarının qeyd olunan kredit növlərinin verilməsində risklərin azaldılması üzrə köməkçi vasitə kimi uğurla istifadə olunur.Nəticə etabarı ilə 2006-cı ilin sonunda Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası (BSNA və ya İAİS- International Association of Insurance Supervisors) tərəfindən mikrosığortanın inkişafı təcrübəsi ümumiləşdirilmiş və bəzi təkliflər hazırlanmışdır.
BSNA mütəxəssislərinin fikrincə, mikrosığorta aşağıdaki amilləri nəzərdə tutur:
- oxşar risk profilində olan aşağı gəlirli ev təsərrüfatlarının sığorta müdafiəsini təmin etmək;
- sığorta məbləğlərinin (Sığorta şirkətinin sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi) aşağı həddə sığortalanması;
- aşağı gəlirli ev təsərrüfatlarını kiçik məbləğdə olan sığorta haqları ilə sığortalanması.
Sevindirici haldır ki, artıq bir neçə müddətdir ölkəmizdə də bu cür sahənin, aqrar sığortanın inkişafına maraq artmağa başlayıb. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatı sığortası və mikrosığorta kimi sığorta məhsulların sığorta bazarının inkişafına dair tədbiqi prioritet tədbirlər kimi qeyd olunmuşdur. Artıq Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyası arasında “Aqrar sığorta mexanizminin təkmilləşdirilməsi” layihəsinin reallaşdırılması üzrə müzakirələrdə aparılır.