Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
FED.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 57% təşkil edib. Belə ki, Azərbaycanda sığorta bazarı ötən ilin 11 ayının nəticələrinə görə 1 milyard 222 milyon manat təşkil edib. Ümumilikdə isə müştərilərə edilmiş sığorta ödənişlərinin həcmi 694 milyon 53 min manat təşkil edib. Bu da o deməkdir ki, hər 100 manat sığorta yığımın 57 manatı müştərilərə ödənilib.
Hesabat dövründə ən çox zərərli sığorta növü 931% olmaqla digər icbari sığorta növlərinə aid olub. Belə ki, digər icbari sığorta növləri üzrə ümumilikdə 36 min manat sığorta haqqı toplanıbsa, 332 min manat sığorta ödənişi edilib. Bu da ödənişlərin həcminin yığımlardan 10 dəfədəyək çox olması deməkdir.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 62%-ə bərabər olub. Belə ki, cəmi könüllü sığortalar üzrə 912,6 milyon manat sığorta haqqının 568,1 milyon manata yaxını ödənişlərə yönəldilib.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 76%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta 72%, əmlak sığortası üzrə 16% təşkil edib.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortasında 81% olmaqla qeydə alınıb. Belə ki, bu sığorta növü üzrə 545,6 milyon manat sığorta haqqının 443,5 milyon manatı ödənişlərə sərf olunub.
Şəxsi sığortada isə ən zərərli tibbi sığorta növü 78% olmaqla tibbi sığorta üzrə qeyd alınıb. Bu sığorta növü üzrə 113,7 milyon manatlıq sığorta haqqının 88,1 milyon manatı ödənişlərə yönəldilib.
Əmlakın sığortası üzrə ən zərərli sığorta növü ənd təsərrüfatı heyvanlarının sığortası üzrə olub ki, zərərlilik 55% təşkil edib. Bu sığorta növü üzrə 2,1 milyon manatlıq sığorta haqqının 1,1 milyon manatı ödənişlərə yönəldilib.
İcbari sığortada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik isə 77%-ə bərabər olub. Bu sığorta növü üzrə 154,2 milyon manatlıq sığorta haqqının 118,4 milyon manatı ödənişlərə sərf olunub.
Su nəqliyyat vasitələrinin sığortası, Su nəqliyyat vasitələri sahiblərinin mülki məsliyyətinin sığortası dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta, sərnişinlərin icbari fərdi qəza sığortası, ümumi mülki məsuliyyətin sığortası üzrə ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası və kreditlərin sığortası üzrə zərəlilik 1%, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 2% təşkil edib.