Azərbaycanda bəzi sığorta şirkətləri dövlət tərəfindən qorunacaq, yəni onların müflis olmasına imkan verilməyəcək, hər hansı çətinlik olduqda isə dövlət tərəfindən onlara dəstək veriləcək.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiq edib. AMB sədri Taleh Kazımovun imzaladığı qərara əsasən bu qərarda sistem əhəmiyyətli sayalacaq sığorta şirkətləri üçün meyarlar əksini tapıb. Sözügedən qərar adi sığorta şirkətləri ilə yanaşı, təkrarsığorta şirkətlərinə də aiddir.
Qərara əsasən sığorta şirkətlərinin sistem əhəmiyyətli sayılıb-sayılmaması üçün (1) onların miqyasları (bu ifadə dəqiqləşməyib, böyük ehtimalla, işçilərinin sayı, filiallarının sayı və ölkənin regionlarında təmsil olunma göstəricisi əsas götürüləcək), (2) cəmi aktivlərinin həcmi, (3) topladığı sığorta haqları, (4) sığorta müqavilələrinin sayı əsças götürüləcək.
Bundan başqa, sığorta şirkətinin şaxələnməsi, yəni (4) sığorta şirkətinin maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri və (5) maliyyə təşkilatları qarşısındakı öhdəlikləri, (6) ödədiyi təkrarsığorta haqları da nəzərə alınacaq.
Sığorta şirkətinin maliyyə təşkilatları qarşısında öhdəlikləri dedikdə – onların - ölkə ərazisində fəaliyyət göstərən banklar, bank olmayan kredit təşkilatları, sığortaçılar, habelə lizinq, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar qarşısında olan sığorta fəaliyyətinə aid edilməyən öhdəliklərinin cəmi başa düşülür.
Digər tərəfdən, şirkətin sistem əhəmiyyətli olub olmadığı qiymətləndiriləndə onun əvəzolunmazlığı, yəni (7) xüsusi sığorta növləri üzrə sığorta haqları, və mürəkkəbliyi, yəni (8) sığorta portfelinin çeşidliliyi əsas götürüləcək.
Mərkəzi Bankın qərarında bu indiqatorların vaciblik dərəcəsi də müəyyən edilib.
Məsələn, araşdırma zamanı ümumi qiymətləndirmədə balların 30%-i «əvəzolunmazlıq meyarı»na veriləcək, cəmi aktivlərin həcmi isə 20% balla qiymətləndiriləcək. Toplanan sığorta haqları (10%), sığorta müqavilələrinin sayı (10%) və mürəkkəblik (10%) də əsas meyarlardan sayılır (Ətraflı cədvəldə).
Burada xüsusi diqqət yetiriləcək məqam «əvəzolunmazlıq» meyarı, yəni xüsusi sığorta növləri üzrə toplanan sığorta növləridir.
Bura aşağıdakı sığorta növləri aiddir – (1) əmlakın yanğından və digər risklərdən sığortası və daşınmaz əmlakın icbari sığortası, (2) hava nəqliyyatı vasitələrinin sığortası və hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, (3) fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta (həyat sığortası sahəsi üzrə).
Qərara əsasən, sığorta şirkətinin sistem əhəmiyyətli olub olmaması hər il müəyyən ediləcək. Bu zaman şirkətin son 3 il üzrə illik hesabatları nəzərə alınacaq. Əgər sığortaçı 3 ildən az müddətdə fəaliyyət göstərirsə, bu zaman fəaliyyətdə olduğu illər üzrə illik hesabatlar əsas götürülür.
Sığorta portfelinin çeşidliliyi dedikdə isə – sığorta şirkətinin fəaliyyət göstərdiyi sığorta sinifləri üzrə hesablanmış sığorta haqlarının 20%-dən az olmayan bazar paylarının ədədi ortası başa düşülür.
Bununla yanaşı, qərardan aydın olur ki, Azərbaycanda sistem əhəmiyyətli sığota şirkətləri müəyyən ediləndə heç də bütün indikatorlar nəzərə alınmayacaq. Belə ki, əgər hər hansı göstərici şirkətlərin 75%-dən yoxdursa, həmin indikator nəzərə alınmayacaq.
İndeks belə hesablanacaq: Hər bir sığortaçı üzrə sistem əhəmiyyətliliyi indeksi hesablandıqdan sonra sığorta sahəsi üzrə indekslərin ədədi ortası və standart kənarlaşması hesablanır. Sistem əhəmiyyətliliyi indeksi müvafiq sığorta sahəsi üzrə sistem əhəmiyyətliliyi indekslərinin ədədi ortası ilə standart kənarlaşmasının cəmindən böyük olan sığortaçı sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilir.
Sistem əhəmiyyətli sığortaçıların siyahısı isə hər il 1 mart tarixinədək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.
Bəs sistem əhəmiyyətli sığorta şirkəti nə üçün müəyyən olunur?
Qeyd edək ki, maliyyə təşkilatlarına münasibətdə sistem əhəmiyyətləri anlayışı 2007-2008-ci illərdə ABŞ-da baş verən maliyyə böhranından sonra ortaya çıxıb. Həmin vaxt bir-bğirinin ardınca müflis olan iri bank və investisiya şirkətləri bütün maliyyə sistemi üçün təhlükə yaradırdı. Nəticədə mühüm maliyyə qurumlarının qorunması qərara alındı – bunlar sistem yaradan təşkilatlardır. Dövlət adıtın belə qurumlara daha ciddi nəzarət edir, əvəzində dəstək verir və müflisləşmədən qoruyur.
Azərbaycanda sistem əhəmiyyətli anlayışı 2018-ci ildən banklara qarşı tətğiq olunmağa başlayıb. Hazırda ölkənin ən böyük 5 bankı sistemi əhəmiyyətli sayılır. İndi isə eyni qayda sığorta şirkətlərinə də aid ediləcək. Azərbaycanda sistem əhəmiyyətli sığota şirkətlərinin ilk siyahısı artıq 15 gündən sonra – martın 1-də Mərkəzi Bankın qərarı ilə müəyyən olunub açıqlanacaq.
N |
Kateqoriya |
İndikator |
Xüsusi çəki (%) |
1. |
Miqyas |
Cəmi aktivlər |
20 |
Sığorta haqları |
10 |
||
Sığorta müqavilələrinin sayı |
10 |
||
2. |
Şaxələnmə |
Sığortaçının maliyyə təşkilatları qarşısındakı öhdəlikləri |
6.67 |
Sığortaçının maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri |
6.67 |
||
Təkrarsığorta haqları |
6.67 |
||
3. |
Əvəzolunmazlıq |
Xüsusi sığorta növləri üzrə sığorta (təkrarsığorta) haqları |
30 |
4. |
Mürəkkəblik |
Sığorta (təkrarsığorta) portfelinin çeşidliliyi |
10 |