«Avtomobillərin icbari sığortası bu gün ən populyar sığorta növlərindən biridir. Bazarda bu sığorta növü 100 milyon premiya verir və bir milyona yaxın müştərisi var. Çünki bu gün Azərbaycanda 1 milyon 200 minə yaxın avtomobil mövcuddur».
Bunu FED.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının( ASA) rəhbəri Azər Əliyev bildirib. Bununla yanaşı, ASA rəhbəri icbari sığorta üzrə tariflərin aşağıolduğunu və bu günkü reallıqlara cvab vermədiyini bildirir: «Bütün dünyada bu növ üzrə hər 5-6 ildən bir hesabat aparılır və qiymətlər dəyişilir. Bizdə isə avtomobillərin icbari sığorta tarifləri 9 il əvvəl müəyyən edilib. O vaxtdan indiyədək iki dəfə devalvasiya baş verib. Deməli qiymətlər dəyişilməlidir».
ASA rəhbərinin sözlərinə görə, artıq iki ildir ki, sığortanın bu növününün zərərliyi kəskin artıb: «Hazırda ölkə üzrə avtomobil sığortası üzrə zərərlilik 100%-dən çoxdur».
ASA rəhbəri bildirir ki, Bakıda bu rəqəm daha yüksəkdir - 120%, bölgələrdə nisbətən aşağıdır: «Bu o deməkdir ki, bu növün tarifləri dəyişilməlidir. Çünki bir ildən sonra bu növ daha da zərərli olacaq. Bu isə o deməkdir ki, sığorta şirkətləri bu məhsulu satmaqda maraqlı olmayacaq».
Zərərliliyini artmasının səbəblərindən biri avtomobillərin sayının artması və qəzaların çoxalmasıdır.
Eləcə də bax: Sığorta agentlərinə pis xəbər - KOMİSSİYA HAQQI 5%!
Amma zərərin artması təkcə hadisələrlə bağlı deyil. A.Əliyev bildirir ki, ölkədə bir neçə il əvvəl tətbiq edilmiş Bonus-Malus sisteminin işində də problem var.
Qeyd edək ki, bu sistemə görə, avtomobili il ərzində qəzasız idarə edənlər bonus alırlar, yəni onların sığorta haqqı növbəti il daha az olur. İl ərzində bir və ya bir neçə qəza törədən avtomobil sahibləri isə Malus balları ilə cəzalandırılır, yəni gələn il onların ödədiyi sığorta haqları artmalıdır.
Azər Əliyev isə bildirir ki, hazırda bu sistemin işində problem var: «Avtomobili qəzasız sürənlər bonus qazanır, yəni onların sığorta haqqı azalır, amma qəza törədənlər üçün sığorta haqları lazımi əviyyədə artmır. Bunun bir sıra səbəbləri var, onlardan biri ondan ibarətdir ki, qəza törədən avtomobillərin sahibləri növbəti il öz maşınlarını başqa şəxslərin adına sığortalayırlar».
Nəticədə yalnız bonusların təsir etdiyi sığorta haqları getdikcə azalmaqdadır: «Əvvəllər 85 manat olan sığorta haqqı indi 73 manata düşür. Bu isə o deməkdir ki, avtomobillərin icbari sığortasında gəlirlilik azalıb».
Agentlərə verilən yüksək komissiya haqqları da icbari sığortasının zərərliliyini artırır: «Keçən il bu rəqəm 35%-ə qalxmışdı. Bu il biz çalışırıq komissiya haqlarını da aşağı salaq» – deyə A. Əliyev qeyd edib.