İnkişaf etmiş ölkələrdə sığortanın insanların həyatında nə qədər mühüm rol oynadığını demək artıqdır. Sığorta sistemi ən inkişaf etmiş ölkələrdən biri Almaniyadır. Bu ölkənin sığorta sisteminin təfərrüatlarını və insanların ondan necə faydalandığını bu ölkədə, daha dəqiqi, hər il ənənəvi Dünya Sığorta Forumunun keçirildiyi Baden Baden şəhərində yaşayan həmyerlimiz, ixtisasca hüquqşünas Vidadi Şamayılov açıqlayır. Fins.az V.Şamayılovla müsahibəni təqdim edir.
Davamı (müsahibənin əvvəlini buradan oxumaq mümkündür)
"İşsizlikdən sığorta - hər ay maaşın 67%-ni ödəyirlər"
- Almaniyada əhali tibbi sığortadan başqa hansı sığorta növlərindən istifadə edir?
- Almaniyada ən maraqlı sığorta növlərindən biri kimi, işsizlikdən sığortanı qeyd edə bilərəm. Bu nə deməkdir? Əgər sizi işdən azad edirlərsə, o zaman bu sığortanın hesabına əmək haqqınızın 67%-i qədər aylıq müavinət alırsınız. Tutaq ki, 3 min avro maaşınız varsa - sizə ayda 2 min müavinət veriləcək. Amma bir şərtlə ki, işçi işdən özü çıxmasın, onu çıxarsınlar.
- Müavinət daimi verilir yoxsa, konkret bir müddət var?
- Əgər işçi iş yerində 2 ildən artıq işləyibsə, bu ödənişi 10 ay ala biləcək. Uzun müddət - 10-15 il işləyənlər isə bu ödənişi 2 ilədək müddətdə ala biləcəklər.
- Bu sığorta da icbaridir?
- Bəli.
- Sığorta tarifə nə qədərdir?
- Əmək haqqının 3%-i qədər.
- Vidadi müəllim, bütün bu şəxsi sığortalara, yəni tibbi sığorta, işsizlik sığortası və qulluq sığortası - bunlara hər ay nə qədər sığorta haqqı ödənilir?
- Gəlin hesablayaq - əmək haqqından 15,5% tibbi sığortaya, 2% qulluq sığortasına, 9,6% pensiya fonduna ödəmələr, 3% isə işsizlik sığortası üçün ödənilir. Yəni ümumilikdə sığorta haqları üçün əmək haqqının 30%-i qədər vəsait ödənilir, hər ay. Bunun 50%-ni adamın özü, 50%-ni isə işlədiyi təşkilat, yəni iş yeri ödəməlidir.
"Bu sığortasız kirayə qalmaq mümkün deyil"
- Başqa hansı sığortalardan geniş istifadə olunur?
- Ən geniş istifadə olunan sığorta növlərindən biri, hansı ki, heç kimi onsuz təsəvvür etmək mümkün deyil, bu insanın digər şəxslər qarşısında mülki məsuliyyətinin sığortasıdır. Yəni insanın başqa şəxslərə vurduğu zərərdən sığorta.
- Bu sığorta da icbaridir?
- Xeyr, qanuna görə, bu sığorta icbari deyil, amma elə vəziyyət yaradıblar ki, onu hökmən eləmək lazımdır. Almaniyada bu sığorta olmadan normal yaşamaq mümkün deyil.
- Məsələn?
- Tutaq ki, siz kirayə ev götürmək istəyirsiniz. Dərhal sizdən soruşacaqlar ki, bu sığortanız var, ya yox. Bu onun üçün lazımdır ki, siz qaldığınız evə zərər vuranda həmin zərərin pulunu sığorta ödəsin. Söhbət həm özünüzün qaldığınız evə, həm də buradakı qonşuların evinə dəyən zərərdən gedir.
- Məsələn, siz gedib ev kirayə götürmək istəəndə səndən soruşurlar ki, məsuliyyət sığortan varmı?
- Bəli. Əgər yoxdursa, kirayə vermirlər. O bilməlidir ki, sən evə hər hansı zərər vursan onu kim ödəyəcək. Əks halda o adam məhkəmələrdə qalacaq.
"Qızım hoteldə xalçanı yandırmışdı, sığorta şirkəti pulunu ödədi"
- Bu sığorta üzrə sığorta haqqı nə qədərdir?
- Məsələn mən bu sığortaya görə ildə 98 avro ödəyirəm. Bu vəsaitin müqabilində mənim başqalarına vura biləcəyim zərərlə bağlı 10 milyon avroluq müdafiəm var. Yəni mənim zərər vurduğum şəxslərə sığorta şirkəti 10 milyon avroyadək pul ödəyə bilər.
- Bu sığorta hansı risklərdən qoruyur və kimlərə aiddir?
- Bu sığorta ailənin bütün üzvlərinə, hətta evə gələn qonağa da aiddir. Məsələn kimsə bizim evə qonaq gəlibsə, yəni mən kimisə evimə dəvət etmişəmsə, hətta həmin şəxs də başqa bir şəxsə zərər vurduqda bu sığorta onun vurduğu zərəri ödəyir. Məsələn, mənim qonağım suyu açıq qoyub və bundan kiminsə evini su basıb və s. Bu sığorta onda da tətbiq olunur və şirkət zərəri ödəyir.
- Bu sığorta təkcə ölkə daxilindədir?
- Xeyr, bu sığorta həm Almaniyada, həm həm Avropanın digər ölkələrində, həm də ondan kənarda işləyir. Məsələn bir qədər əvvəl mən ailəmlə birlikdə Moskvaya getmişdim. Orada hoteldə kiçik qızım ütünü xalçanın üzərinə qoyub xalçanı yandırmışdı. Buna görə hotelə 31 min rubl və ya 775 avro pul ödədim. Almaniyaya qayadandan sonra baş verən əhvalatı sığorta agentimə dedim, o da şirkətə xəbər verdi. Öz növbəsində şirkət Moskvadakı hotellə əlaqə saxladı, belə hadisənin doğrudan da baş verdiyini dəqiqləşdirəndən sonra həmin pulu mənə qaytardılar.
"Həmvətənlərimizdən biri xahiş etdi ki, deyim ki, mağazanın vitrinini mənim uşağım sındırıb"
- Tutaq ki, valideynlər uşaqla harasa gediblər və uşaq bilmədən nəyisə sındırıb, məsələn, pəncərənin şüşəsini. Bu sığorta həmin halı əhatə edir?
- Tamamilə əhatə edir. Hətta bir dəfə bizim Almaniyada yaşayan həmvətənlərimizdən biri mağazanın vitrinini sındırmışdı və məndən xahiş etdi ki, deyim ki, bunu mənim uşağım edib. Mən təbii ki, belə təkliflərə razılaşmıram - sığorta ilə düz olmaq lazımdır.
- İşə bir bax. Şüşənin xərci nə qədər idi?
- 2 min avrodan bir az artıq.
- Bəs işləməyənlərin sığortasını kim ödəyir?
- Əgər siz işləmirsinizsə, sosial xidmət sizə kiraədə qalmaq üçün aybaay pul ayırır. Onu də konkret məbləğ - məsələn, deyirlər ki, 400 avroluq ev tapmalısan, kirayəyə ondan artıq verməyəcəyik. Maraqlısı odur ki, əgər sizin başqa yeriniz yoxdursa, sizi mənzildən çıxarmaq çox çətindir, əgər ailədə uşaq varsa, bu ümumiyyətlə mümkün deyil.
Ən mühüm məsələ - hətta belə adamların da mülki məsuliyyəti, hökumətin hesabına olsa da, hökmən sığortalanır - sığortasız mümkün deyil.
"Vergi məsləhətçim səhv məsləhət versə, mənə dəyən zərəri onun sığorta şirkəti ödəyəcək"
- Başqa hansı sığortalar geniş yayılıb?
- Almaniyada peşə məsuliyyətinin sığortası da geniş yayılıb. Bu o deməkdir ki, hansısa sahədə çalışan şəxs, öz işi ilə bağlı başqasını zərərə salarsa, dəyən ziyanı sığorta şirkəti ödəyəcək.
- Bundan ən çox kimlər sığortalanır?
- Bütün həkimlər, bütün vəkillər və vergi məsləhətçiləri.
- Sizin vergi məsləhətçiniz var?
- Bəli, əlbəttə var.
- O peşə məsuliyyətini sığortalayıb?
- Bəli sığortalayıb. 280 min avroluq məbləğə. Bu o deməkdir ki, əgər onun günahı üzündən kiməsə zərər dəysə, məsələn mənə düz məsləhət verməsə və buna görə, vergi orqanları məni cərimələsələr, həmin cəriməni onun sığortalandığı sığorta şirkəti ödəyəcək.
- Hüquqi xərclərlə bağlı sığorta var?
- Bəli, buna vəkil xərcləri sığortası da deyirlər. Mənim belə sığortam var. Ona görə ildə 150 avro ödəyirəm. Bu o deməkdir ki, mənim vəkilə ehtiyacım olsa, onun xərclərini sığorta şirkəti ödəyəcək.
- Bütün hallarda?
- Xeyr, bu sığorta evin kirayəsi ilə bağlı məhkəmə çəkişmələrinə aid deyil. Çünki belə məhkəmələrin sayı həddən artıq çoxdur.
"Sığortasız heç bir lisenziya verilmir"
- Avtomobil daşımaları ilə məşğul olanlar da sığortalanırmı?
- Əlbəttə, yük daşıyanlar - nəqliyyat şirkəti və ya avtomobilin sahibi həmin yükə dəyə bilən zərərdən sığortalanırlar. Bu sığorta icbari deyil. Amma bunsuz daşıma fəaliyyəti üçün lisenziya verilmir.
- Yük daşıması zamanı hadisə baş verərsə sığorta ödənişi nə qədər ola bilər?
- Bu məbləğ yüklərin qiymətindən və miqdarından asılı olaraq dəyişir. Məbləğ artdıqca, sığorta haqqı da dəyişir. Məsələn 3,5 tonadək yük daşıyan maşınlar üçün sığorta məbləği və sığorta haqqı bir rəqəmdir, bundan yuxarı avtomobillər üçün isə fərqli.
- Sərnişin daşıyanlar da eyni qaydada sığortalanır?
- Bəli, nəticədə, əgər bir qəza baş versə, sərnişinlərə dəyən zərəri, yəni müalicə pulunu sığorta ödəyir.
- Belə çıxır ki, lisenziya tələb olunan bütün işlərlə məşğul olmaq üçün hökmən sığortalanmaq lazımdır?
- Mütləq. Mülki məsuliyyət istənilən halda sığortalanır.