FED.az “AtaSığorta”ASC-nin İdarə Heyətinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Müseyib Əliyevlə müsahibəni təqdim edir:
-Müseyib müəllim, başlayaq 2017-ci ilin nəticələrindən. Ötən il “AtaSığorta”nın xalis mənfəəti azalıb.Bu nə ilə bağlıdır?
- Mənfəətin azalması şirkətin fəaliyyəti ilə əlaqədardır. Yəni, mənfəət azalan bir dövrdə xərclərimiz bir qədər çox oldu. Ona görə ki, bu il Azərbaycanın əksər regionlarında nümayəndəliklər açdıq və daha da genişləndik. Genişlənmək də təbii ki, əlavə xərc, yatırım tələb edir. Xərclərin artmasının müəyyən hissəsi bununla bağlıdır. Digər tərəfdən sığorta ehtiyatları da artıb. Deməzdim ki, çox ciddi azalma olub. 300 min manata yaxın azalma olub. Məcmu kapitalımız minimum tələblərə cavab verir. Aktivlərimiz cüzi azalıb. İnvestisiyalardan sonra müəyyən qədər də divident ödəmişik.
- 2018-ci ildə “AtaSığorta”da nələr gözlənilir?
- Bu il üçün mənfəətimiz 20-30% civarında artacaq. Yəni, 2018-ci il üçün 1,5 milyona yaxın, növbəti illərdə isə bundan daha çox mənfəət gözləyirik. Ümumilikdə hesab edirəm ki, həm məcmu kapitalımız, həm aktivlərimiz, həm də mənfəətimiz 2018-ci ildə artacaq. Satış sistemlərini daha da təkmilləşdirmək istəyirik. Bir çox proqram təminatları üzərindən xidməti avtomatlaşdıracağıq. Əsas hədəfimiz könüllü sığorta növləri üzrə satışları artırmaqdır. Ona görə də yeni sığorta məhsulları buraxmağı planlaşdırırıq. Eyni zamanda sığorta ödənişləri ilə bağlı yeni bir sistem üzərində işləyirik. Yəni, sığorta ödənişlərinin avtomatlaşdırılması və ən qısa zamanda yüksək kefiyyətlə həyata keçirilməsindən söhbət gedir. Bilirsiniz ki, “AtaSığorta” artıq demək olar ki, Azərbaycanın bütün regionlarını əhatə edir. Filial və nümayəndəliklərimiz vasitəsilə sığorta hadisələrinin daha tez tənzimlənməsinə çalışırıq.
- Yeni sığorta məhsulları hansı növlər üzrə olacaq?
- Səyahət, daşınar və danışmaz əmlakın və avtomobillərin könüllü sığortası üzrə yeni sığorta məhsulları bazara çıxaracağıq. Yeni məhsullar bazar şərtlərinə tam uyğun olacaq.
- “AtaSığorta” icbari avtosığorta ilə bağlı ediləcək yeniliklərdən narahat deyil ki?
- Narahatçılıq avtomobillərin icbari sığortası ilə bağlı yeni sistemin tətbiqində yox, “ASAN İmza”ya keçidlə bağlıdır. Sığorta satışı həyata keçirən agentlərin bu sistemə keçidi ilə bağlı bir qədər çətinlik var. Ümumilikdə isə İcbari Sığorta Bürosunun və digər qurumların sığorta sahəsində tətbiq etmək istədiyi hər hansı bir elektron xidmət sığorta bazarının xeyrinədir. Hesab edirəm ki, müəyyən çətinliklər ola bilər. Sığorta şirkətləri bununla bağlı, ASA-da toplanıb müzakirələr aparacaq.Ortaq məxrəcə gəldikdən sonra məsələ təsdiq ediləcək və bu da icbari sığorta sektorunun daha da inkişafına və şəffaflaşmasına xidmət göstərəcək.
- Daşınar əmlakın dövlət reyestirinə alınması sığorta sektoruna hansı təsirləri ola bilər?
-Daşınar əmlakın yüklülüyünün dövlət reyestri çox mühüm hadisədir. Bu iqtisadiyyatımızın, o cümlədən maliyyə-sığorta sektorunun inkişafına çox ciddi təsir göstərəcək. Azərbaycanda daşınar əmlakın ümumi aktivlərdə çəkisi daşınmaz əmlakdan daha çoxdur. Amma bunu detallaşdırmaq lazımdır. Hansı daşınar əmlaklardan söhbət gedir. Eyni zamanda daşınar əmlakla bağlı sığorta da tələb ediləcək. Yəni, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin tətbiqi həm də Azərbaycanda sığorta bazarının inkişafına təkan verəcək.
- “AtaSığorta”nın bu il üçün genişlənmə planı varmı?
-Bütün regionları demək olar ki, əhatə etmişik. Amma hazırda bazar araşdırması aparırıq. Əgər tələbat yaranarsa, və yaxud hansısa sığorta xidmətlərinə tələb olarsa, yeni filial və nümayəndəliklər aça bilərik.