Sığorta sektorunda növbəti mübahisə var. FED.az xəbər verir ki, Bakı sakini Elman Abdullayev «Günay Sığorta» şirkətindən sığorta hadisəsinə görə ödəniş ala bilmədiyini iddia edir.
Eləcə də bax: “Günay Sığorta”nın səhmlərində pay bölgüsü - DƏYİŞİB
Azərbaycanda sığorta haqlarının ödənişində - YENİLİK GÖZLƏNİLİR
Hadisə bu il iyulun 21-də Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində baş verib. «Günay Sığorta»da icbari sığortası olan «Tofaş» avtomobili zərər çəkən Elman Abdullayevin idarə etdiyi 99FF608 nömrəli «Volkswagen Passat» markalı avtomobilin yoluna çıxıb və qəza baş verib. Bundan sonra E.Abdullayev günahkarın sığortaçısı kimi «Günay Sığorta»ya müraciət edib.
«Volkswagen»in rəsmi servisində avtomobilə baxış və hesablama zamanı məlum olub ki, qəza nəticəsində avtomobilə 9 min manat zərər dəyib. Bu məbləğ «Euro Style LTD» şirkətinin hazırladığı zərər siyahısı ilə də təsdiqlənib.
Amma sığorta şirkətində hesablama fərqli olub. E.Abdullayev bildirir ki, avtomobilə baxış zamanı şirkətin nümaynədələri zərərin 9 min manat deyil, 2500 manat olduğunu bildiriblər.
Sığorta hüquq pozmaları üzrə mütəxəssis və zərər çəkən şəxsin müdafiəçisi İlkin İbrahimov FED.az-a bildirib ki, şirkət nümayəndələri fərqin belə böyük olmasını avtomobil sahibinin hesablamanı təmirinin rəsmi servisində aparması ilə izah ediblər. Bununla yanaşı, «Günay Sığorta» şirkəti hesabladığı 2 500 manatın nəyə əsaslandığını göstərə bilməyib – yəni zərər siyahısını təqdim etməyərək bunun şirkətin sirri olduğunu bildirib: «Günay Sığorta» qeyri-qanuni olaraq müştəriyə bildirir ki, 2500 manatlıq təmir siyahısı (avtomobilin zərər dəymiş detallarının siyahısının vı onlara tələb olunan xərcin göstərildiyi siyahı olan qüsur aktı) sığorta sirridir. Amma «İcbari Sığorta haqqında» qanunda belə bir sirr yoxdur».
Sığorta şirkətinin İdarə Heyətinin Sədrinin adından da siyahının verilməsinin sığorta sirri olması barədə zərər çəkənə məktub göndərilib.
E.Abdullayev FED.az-a bildirib ki, sığorta şirkətində dəyən zərəri müzakirə edəndə ona bildiriblər ki, tələb olunan bütün hissələri «ölüxana»da (işlənmiş avtomobil hissələrinin satıldığı ixtisaslaşmış bazarlar – FED.az) tapmaq olar. Müştəri isə bildirib ki, onun avtomobilinin detallarını «ölüxana»da tapmaq mümkün deyil. Cavabında şirkətdən bildirilib ki, həmin hissələri Gürcüstandan gətirmək olar: «Mən təəccübləndim ki, niyə Azərbaycanda baş verən hadisəyə görə zərəri Gürcüstan bazarındakı qiymətlərlə hesablayırlar».
Amma ən maraqlısı sonra baş verib. Zərər çəkən və sığorta şirkəti zərəri qiymətləndirmək məsələsində razılığa gələ bilməyəndə müstəqil ekspert cəlb etmək qərara alınıb. Şirkətdən Palatanın qeydə aldığı ekspertlərin siyahısını Elman Abdullayevə göstərib bildiriblər ki, 2-3 nəfər buradan istədiyi eksperti seçə bilər: «Mən Əhməd Talıblı adlı eksperti seçdim, amma buna razılaşmadılar, dedilər ki, biz həmin şəxslə işləmək istəmirik, başqasınıvı seç. Mən də buna etiraz edib, şirkətə ümumiyyətlə yazılı müraciət edəcəyimi, cavabı da yazılı istəyəcəyimi bildirdim».
Məsələ ilə bağlı «Günay Sığorta» şirkətindən FED.az-a bildirilib ki, sözügedən hadisə iyulun 21-də baş versə də, bu barədə şirkətə üstündən 17 gün keçdikdən sonra - 06.08.2019-cu il tarixində məlumat verilib, hadisə dərhal qeydə alınıb və sığorta ödənişinin edilməsi üçün tədbirlərə başlanılıb: «Vətəndaş hadisədən 17 gün keçdikdən sonra məlumatın gec təqdim edilməsi ilə bağlı bildirmişdir ki, o, avtomobilin mülkiyyətçisidir, ona məxsus avtomobili hadisə zamanı digər şəxs idarə edib və digər tərəf zərərin özü tərəfindən qarşılanacağına dair əminlik yaratmışdır. Göstərilmiş səbəbdən hadisə iştirakçıları sığorta hadisəsi ilə bağlı Cəmiyyətə rəsmi müraciət etməmişlər. Sığorta ödənişi ilə bağlı Cəmiyyətə rəsmi tələb irəli sürmüşlər»-deyə «Günay Sığorta» bildirir.
Şirkət bildirib ki, hadisə ilə bağlı məlumat gec bildirildiyi üçün, ilk öncə hadisənin təfərrüatlarını özündə əks etdirən video və foto şəkillər müəyyən edilmiş və müvafiq sığorta işinə əlavə edilmişdir. Qanuna müvafiq qaydada zərər məbləği müəyyən edilmiş və vətəndaşa təqdim edilmişdir: «Vətəndaş zərər məbləği ilə razı olmadığını bildirmişdir. Həmçinin vətəndaş zərərin məbləğinə uyğun olmayan məbləği istəyir. Bununla bağlı vətəndaşa zərər aktı təqdim edilmiş və xahiş edilmişdir ki, zərər aktına əlavəsi olarsa, onu qeyd etsin. Lakin, vətəndaş zərər aktı ilə tanış olduqdan sonra heç bir əlavəsinin olmamasını bildirmişdir. Göstərilmiş səbəbdən qərara alınmışdır ki, avtomobil təmir müəssəsinə göndərilsin və təmir olunaraq vətəndaşa təhvil verilsin. Sonradan vətəndaş bildirmişdir ki, qiymətləndirmə müstəqil ekspert tərəfindən həyata keçirilsin. Hazırda iş qiymətləndirmədədir və zərər məbləği ilə bağlı müvafiq qiymətləndirmə aktı gəldikdən sonra sığorta ödənişi həyata keçiriləcəkdir».
Şirkətdə ekspert seçimi ilə bağlı müştərinin dediklərinə də münasibət bildiriblər. Açıqlamada deyilir ki: "Sonradan vətəndaş qiymətləndirmənin müstəqil ekspert tərəfindən həyata keçirilməsini istəyib. İcbari sığortalar haqqında AZƏRBAYCA RESPUBLİKASININ QANUNUN 16.2.-Cİ MADDƏSİNƏ ƏSASƏN Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Tərəflərin qarşılıqlı razılığı olmadığından bununla bağlı vətəndaşa rəsmi müraciət göndərilmiş və yeni müstəqil ekspertin təyini ilə bağlı şirkətə yaxınlaşmağı xahiş olunmuşdur".
«Günay Sığorta» bildirir ki, vətəndaş tərəfindən irəli sürülmüş şikayət tam əsassızdır: «Cəmiyyətimizin əsas məqsədi müştəri məmnuniyyətidir. Müştəri məmnuniyyətini nəzərə alaraq hər bir təklif qəbul olunur və nəzərdən keçirilir. Təklif qeyri müəyyən olduqda təəssüflar olsun ki, müəyyən anlaşılmamazlıqlar yaradır»-deyə şirkətdən bildirilib.