Azərbaycanda maliyyə sektorunun, o cümlədən sığorta bazarının da tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankı (AMB) icbari sığorta növləri üzrə sığorta agenləri ilə sığorta şirkətləri arasındakı mübahisəyə münasibətini açıqlayıb.
FED.az xəbər verir ki, ABM-nin baş direktoru Ziya Əliyev bildirib ki, hazırda texnologiyaların inkişafı sığorta şirkətlərinə müştərilərə birbaşa çıxmağa imkan verir, ona görə də sığrta agentləri öz fəaliyyət sahələrinə yenidən baxmalıdırlar.
Xatırladaq ki, sığorta agentləri ilə sığorta şirkətləri, ümumiyyətlə icbari sığorta ilə məşğul olan qurumlar arasında mübahisənin səbəbi icbari sığorta müqavilələri üzrə komissiyaların kəsilməsi ilə bağlıdır. Sığorta şirkətləri agentlərin onlardan asılı olmasından istifadə edərək indiyə qədər də onlara müxtəlif formada təzyiqlər edirdilər. Məsələn, sığorta zərərliyi yüksək olan avtomobillərin sığortasına görə komissiyalar ödəmir, belə müqavilə gətirən agentlərlə əməkdaşlığı dayandıracaqlarını bildirirdilər və sair.
İndi isə məsələ daha ciddidir. Sığrta agentləri FED.az-a bildirib ki, sığorta şirkətləri aprelin 1-dən etibarən onlara icbari sığorta üzrə komissiya ödəməyəcəklərini, agentlərlə yalnız könüllü sığorta sahəsində əməkdaşlıq edəcəklərini bildiriblər.
Xatırladaq ki, Azərbaycanda ixbari sığrta bazarının (bütün sığorta növləri üzrə) həcmi 243 milyon manat təşkil edir (2022). Hazırda qüvvədə olan qanunvericiliyə görə bu sığortalar üzrə ödənilən sığorta komissiyası 15%-i keçməməlidir, yəni sığorta agentlərinin bu bazardakı qazanc potensialı 36 milyon manat ətrafındadır.
Sığorta agentləri bu sığorta növlərinin hamısında aktiv deyillər – onlar daha çox avtomobillərin icbari sığortası (2022-ci ildə 114 milyon manat yığım olub), və mənzillərin icbari sığortasına (2022-ci ildə 54 milyon manat yığım olub) fokuslanıblar.
Başqa sözlə, bu iki sığorta növü üzrə agentlərin gəlir, sığorta şirkətlərinin isə agentlərdən qənaət potensialı 25,2 milyon manat (17,1 milyon manat + 8,1 milyon manat) təşkil edir.
Belə vəziyyətlə, bazarın tənzimsləyicisi kimi, AMB-nin mövqeyi maraqla gözlənilirdi və bu mövqe sayı 600-ə yaxın olan sığorta agenləri üçün ürəkaçan olmayıb.
Ziya Əliyev bildirib ki, hazırda müasir texnologiyaların tətbiqi vəziyyəti dəyişib: «Dünya sürətlə dəyişir, müasir texnologiyaların sürətlə tətbiq olunduğu dövrdə yaşayırıq. Və bu yeniliklər bəzi sahələrdə müvafiq adaptasiya tələb edir».
AMB rəsmisi işarə edib ki, sığorta agentləri artıq indiyədək olduğu kimi formada işləyə bilməyəcəklər: «Əvvəllər müəyyən peşələrin 50-100 il ömrü vardısa, yəni peşəni öyrənən şəxslər əmək fəaliyyətinin sonuna qədər bu işlə məşğul ola bilirdi. Amma artıq dünya elə sürətlə dəyişir ki, sizin malik olduğunuz bilik və bacarıqlar və peşənin ömür müddəti də azalır. Bu da ömür boyu öyrənmək və dəyişiklik tələb edir».
Ziya Əliyev bildirib ki, sığorta bazarı da müasir texnologiyaların tətbiq olunduğu bir sahədir və burada da satış kanalları və imkanlar dəyişir.
«Vasitəçilərin də iştirak etdiyi satış sahələrində yeni texnologiyalar tətbiq edilir. Yeni imkanlar və çağırışlar yaranır. Bu da bütün dünyada olduğu kimi, Azərbaycanda da sığorta vasitəçiləri və agentləri üçün yeni çağırışlar və imkanlar yaradır».
AMB rəsmisi bildirib ki, icbari sığortaların Azərbaycanda tətbiq edildiyi təqribən 10 illik dövrdə çox dəyişikliklər baş verib: «Bu sahədə elektronlaşma, avtomatlaşma, İKT-dən istifadə edilir. Məsələn, avtomobillərin icbari sığortasında sistemlərin inteqrasiyası nətiəsində elektronlaşma ən yüksək səviyyəyə çatıb. Bu yeganə sinfidir ki - biz ona penetrasiya deyirik – yəni avtomobil sahiblərinin hər biri bu sığortaya sahibdir».
Bu yeniliklər müştəri və sığorta şirkəti arasında birbaşa – vasitəçiyə ehtiyac olmayan əlaqə imkanı yaradıb: «Son dəyişikliklərdən sonra isə istənilən avtomobil sahibi öz ofisindən və yaşadığı yerdən çıxmadan internet vasitəsilə avtomobilini istənilən sığorta şirkətində sığortalaya bilər».
BU açıqlamadan sonra yaranan «Bəs sığorta agentləri nə etməlidir?» sualının cavabında AMB rəsmisi könüllü sığorta bazarını göstərib: «Təbii ki, AMB olaraq sığorta vasitəçiləri, o cümlədən agentləri institutunun genişlənməsində maraqlıyıq və bunları bazarın bundan sonrakı inkişafının əsas drayverlərindən biri hesab edirik. Hesab edirik ki, könüllü bazarın inkişafında agentlərin rolu böyükdür, sadəcə həmin potensialı reallaşdırmaq lazımdır. AMB bu istiqamətdə maraqlı tərəflərlə özünün tədbirlərini davam etdirəcək-deyə AMB rəsmisi bildirib.
Könüllü bazar daha böyükdür – 2022-ci ildə təqribən 337 milyon manat yığım olub. Amma burada agentlər üçün gəlir imkanı böyük deyil. Əvvəla burada komissiya haqlarının məbləğləri dəqiq reqlamentləşməyib. Digər tərəfən könüllü olduğuna görə, bu sığortalara maraq azdır – icbari sığortalarda nəzarət mexanizmləri daha ciddi olduğuna görə müştərilər icbari sığortadan yayına bilmirlər. Könüllü sığortada isə müştərilərin cəlbi ayrıca prosesdir və xüsusi resurs və vəsait tələb edir.