SOCAR Albaniyanın Fier və Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəməri layihəsi üçün layihələndirmə işlərinin planlanması istiqamətində çalışır.
Bu sözləri SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
SOCAR rəsmisi bildirib: “Azərbaycan və Albaniya arasında Albaniyanın qazlaşdırılmasının baş planının işlənməsi üzrə əməkdaşlığa dair Hökumətlərarası Anlaşma Memorandumu 2014-cü ildə imzalanıb. Memorandum 2015-ci ildə ratifikasiya olunub. Həmin dövrdən indiyədək SOCAR özünün 100 faiz törəmə şirkəti olan “SOCAR Balkan” vasitəsilə digər maraqlı tərəflər olan Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və “Enagás” şirkəti ilə birlikdə Albaniyanın qazlaşdırılması baş planı prosesində aktiv şəkildə iştirak edir. Bu prosesdə “SOCAR Balkan”ın əsas rolu məsləhət və əlaqələndirmənin təminidir. Qərbi Balkan Sərmayə Çərçivə (WBIF) (Avropa İttifaqının sponsorluq etdiyi) proqramı tərəfindən maliyyələşdirilən texniki-iqtisadi əsaslandırma 2017-ci ilin yanvar ayında başa çatıb. Təhlil müəyyən edib ki, öndə gələn əsas infrastruktur layihəsi Fier şəhəri ətrafında kompressor stansiyasındakı TAP-ın çıxış nöqtəsi ilə Vlora şəhərindəki qaz zavodu arasında qaz kəməridir. Boru kəmərinin uzunluğu təxminən 40 kilometr, ilkin həcmi illik 1 milyard kubmetr, təxmini dəyəri isə 27-33 milyon avro təşkil edir. Fier-Vlora layihəsi üçün genişhəcmli texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri İsveçrə Hökumətinin maliyyə dəstəyi vasitəsilə “IMPaC” mühəndislik şirkəti tərəfindən yerinə yetirilir, bu ilin IV rübündə başa çatması və təsdiqlənməsi planlaşdırılır”.
“SOCAR Azərbaycan və Albaniya arasında Albaniyanın qazlaşdırılmasının baş planının işlənməsi üzrə əməkdaşlığa dair Hökumətlərarası Anlaşma Memorandumu çərçivəsində Fier-Vlora boru kəməri layihəsi üçün İlkin Detallı Layihələndirilməsi (FEED) işlərinin planlanması istiqamətində çalışır. Bu məqsədlə, 2017-ci ilin dekabr ayında SOCAR mütəxəssislərindən ibarət nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib, müvafiq olaraq Energetika Nazirliyi, “Albgaz”, TAP-ın Albaniya ofisi və “Rolan Berger” (Albaniya hökumətinin Qazlaşdırma Baş Planı üzrə Strateji Məsləhətçi şirkəti) ilə görüşlər keçirib. Görüşlər zamanı, ümumi işlərin texniki tərəfləri və o cümlədən layihədən gözləntilər, cari texniki-iqtisadi əsaslandırma işlərinin tərkibi və mövcud vəziyyəti və ehtimal olunan bitmə vaxtı ətrafında müzakirələr aparılıb. Hazırda texniki-iqtisadi əsaslandırma sənədinin tamamlanması planlaşdırılır və bundan sonra FEED işlərinin həcmi, təqvim planı müəyyənləşdiriləcək. Bununla bağlı olaraq, bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı FEED işlərinin görülməsinə dair “SOCAR Balkan” və “Albgaz” arasında niyyət məktubu imzalanıb”, - deyə İ.Əhmədov əlavə edib.