“Şəki Şərab” zavodunun məhsulları əsasən Rusiyaya ixrac olunur, lakin müəssisənin ixracat coğrafiyası genişlənəcək.
Rusiya şirkəti “Şəki Şərab” zavodunda köpüklənən şərabların - İSTEHSALINA BAŞLADI - FOTOLAR
“Rusiya bizim əsas bazarımızdır. Lakin biz Türkiyəyə də ixracatı planlaşdırırıq. Eyni zamanda, Çin bazarına da ümid edirik. İlk yüklənmələr artıq planlaşdırılıb. Biz marketoloji, distribüterlik səylərimizdən istifadə edir, həcmlərin artırılması üçün tərəfdaşlar axtarırıq”.
FED.az xəbər verir ki, bu fikirləri azərbaycanlı jurnalistlərə müsahibəsində köpüklənən şərabların süzülməsinin yeni xəttinin açılışında iştirak edən “Abrau-Durso” şirkətlər qrupunun rəhbəri Boris Titov deyib.
“Hazırda Azərbaycanda bizim məhsuldarlığımız ildə 3,5 milyon butulka təşkil edir. Lakin əslində biz daha çox istehsal edə bilərik. Ötən ilin ortalarından başlayaraq bu günədək biz 1 milyondan çox butulka şərab istehsal etmişik. Biz Azərbaycan şərabının Rusiyaya ixracında artıq birinci yerə çıxmışıq. Ümid edirik ki, istehsal həcmi yalnız artacaq”, - deyə Titov vurğulayıb. Şirkətin rəhbərinin sözlərinə görə, digər Azərbaycan istehsalçılarından da şərab almaq imkanları nəzərdən keçirilir.
Azərbaycanın keçmiş Sovet İttifaqında ən böyük şərabçılıq regionu olduğunu deyən Boris Titov şərabçılıq muzeyinin yaradılmasına xüsusi diqqət çəkib: “Biz burada gözəl şərabçı dostlar qazandıq. Buna görə də bir an belə şübhəmiz olmadı ki, təkcə şərab istehsal etmək deyil, həm də bu ölkədə şərabçılığın tarixini yaratmaq lazımdır”.
Xatırladaq ki, “Abrau-Durso” şirkətlər qrupu Azərbaycanda özünün investisiya fəaliyyətinin nəticələrini nümayiş etdirib – modernləşdirilmiş “Şəki Şərab” zavodunun rəsmi açılışını edib və köpüklənən şərabların süzülməsinin ən yeni xəttini təqdim edib. Tədbir çərçivəsində “Az Abrau Muzeyi” açılıb, ekspozisiyada Azərbaycan ərazisində üzümçülük və şərabçılıq tarixi öz əksini tapıb.
“Abrau-Durso” ŞQ Azərbaycanda investisiya layihəsini 2021-ci ilin sonunda elan edib. Həmin vaxt qrup “Şəki Şərab” şərab zavodunun özəlləşdirilməsi üzrə müsabiqənin qalibi olub. Ötən dövr ərzində “Abrau-Durso” tərəfindən böyük həcmdə işlər görülüb: istehsal prosesi modernləşdirilib, köpüklənən şərabın istehsalı və süzülməsi üçün avadanlıq alınıb və quraşdırılıb, üzüm bağlarının salınması üçün ümumilikdə 430 hektar torpaq sahəsi alınıb, meynələrin əkilməsi üçün hazırlıq işləri görülüb. (Azərtac)