Dövlət Statistika Komitəsi (DSK) 2018-ci ilin yanvar-noyabr ayları üçün içki məhsulları və tütün məmulatlarının istehsalı üzrə göstəriciləri açıqlayıb. FED.az xəbər verir ki, bu dövrdə bəzi məhsulların istehsalı kəskin artsa da, onların satışında problem var – həmin malların anbar qalıqları azalmayıb.
İçkilər
Bu ilin yanvar-noyabr ayları ərzində içki istehsalı ötən ilin müvafiq dövrünə nisbətən artıb.
FED.az DSK-a istinadən xəbər verir ki, içki məhsullarında istehsalı ən çox artan konyak (brendi) olub. Bu ilin 11 ayında konyak istehsalı ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə artaraq 18 min dakalitrə çatıb (1 dekalitr - 10 litrdir) . Lakin məhsulun bundan da çox hissəsi - 20 min dkl anbarda qalıb.
Likörlərin istehsalı bu il 70% artaraq 148,2 min dkl olub. Anbarda qalan hissəsi isə 42,8 min dkl təşkil edib. Yəni likörlərdə vəziyyət konyakdakı kimi deyil, istehsalın 71%-i satılıb.
Üzüm şərabının istehsalı ötən illə müqayisədə 56,5% araraq 1 mln 448,1 min dkl olsa da, istehsalın təqribən 81%-i - 1 mln 175 min dkl anbarlarda qalıb.
Şampan şərabının istehsalı 50% artaraq 1,2 min dkl olub. Bununla yanaşı, şampan şərabının istehsaldan da çox hissəsi - 1,4 min dkl anbarda qalıb.
Statistika göstərir ki, ölkədə ən çox istehsal edilən və eyni zamanda ən yaxşı satılan alkoqollu içki pivədir. Bu ilin ilk 11 ayında ölkədə 4,5 milyon dekalitr pivə istehsal edilib, ötən illə müqayisədə artım 12,2%-dir. Pivə həm də yaxşı satılır, anbarda cəmi 232 min dekalitr pivə var ki, bu da istehsalın cəmi 5,1%-dir.
Yanvar-noyabr aylarında ölkədə 676 min dekalitr araq istehsal olunub. Ötən illə müqayisədə artım41,1%-dir. Arağın 73,1 min dekalitri, yəni 10,8%-i anbarda qalıb. Yeri gəlmişkən, araq istehsalında artımla bağlı göstəricilər, təkcə arağın istehsalının fiziki cəhətən artımı ilə deyil, həm də Vergilər Nazirliyinin bu sahədə nəzarət tədbirlərinin genişlənməsinin nəticəsidir. Məhz güclü nəzarətin bərpa olunması nəticəsində istehsalın qeydiyyatdan yayınan hissəsi azalmağa başlayıb.
Alkoqolsuz içkilərə gəlincə, ilk 11 ayda ölkədə 21,9 milyon dekalitr sərinləşdirici içki istehsal edilib. Ötən illə müqayisədə artım 23,2%-dir. Bundan cüzi hissəsi - 338 min dekalitr, yəni 1,5% anbarda qalıb.
İçki məhsullarının istehsalı və anbar qalıqları
İçki məhsulu |
İstehsal |
Anbar qalığı |
Anbar qalığı % |
Konyak |
18 min dekalitr |
20 min dekalitr |
111,1% |
Likör |
148,2 min dekalitr |
42,8 min dekalitr |
28,9% |
Üzüm şərabı |
1 448,1 min dekalitr |
1 175,0 min dekalitr |
81,1% |
Şampan şərabı |
1 200 min dekalitr |
1 400 min dekalitr |
116,7% |
Pivə |
4 500 min dekalitr |
232 min dekalitr |
5,1% |
Araq |
676 min dekalitr |
73,1 min dekalitr |
10,8% |
Alkoqolsuz içki |
21 900 min dekalitr |
338 min dekalitr |
1,5% |
Tütün məmulatları
Papiros və siqaretlərlərin istehsalı 2018-ci ilin ilk 11 ayında ötən ilə nisbətən 3,3 dəfə artaraq 3 386,8 milyon ədəd olub. Bu məhsulun yalnız 1,1 milyon ədədi anbarda qalıb.
Fermentləşdirilmiş tütünün istehsalı bu il ötən ilə nəzərən 0,7% azalaraq 2 928,1 milyon ədəd təşkil edib.